Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Çinin xarici işlər nazirinin müavini Ma Zhaoxiu ilə görüşüb. Azadmedia.az xəbər verir ki, bu barədə fondun mətbuat xidmətindən məlumat verilib.
Zhaoxiu qeyd edib ki, təməli Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Çin münasibətləri hazırda iki dövlət başçılarının səyləri nəticəsində bütün sahələrdə inkişaf edir və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Xarici işlər nazirinin müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sonuncu zirvə görüşü çərçivəsində Azərbaycan və Çin dövlət başçılarının görüşünün ikitərəfli münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətinə toxunub.
Heydər Əliyev Fondunun Çində həyata keçirdiyi humanitar və mədəni layihələrin, eləcə də Çin Xalqlarının Dostluq Cəmiyyətinin xarici ölkələrlə əməkdaşlığının, hər iki ölkənin səfirliklərinin fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Çinin xarici işlər nazirinin müavini Azərbaycan nümayəndə heyətinin pandemiyadan sonra Çinə ilk səfər edənlərdən biri olduğunu diqqətə çatdırıb. Ma Zhaoxiunun sözlərinə görə, Azərbaycan həmişə Çinin bütün təşəbbüslərinə müsbət reaksiya verib və onun “Bir kəmər, bir yol” təşəbbüsünə verdiyi töhfəni qeyd edib.
Çinin xarici işlər nazirinin müavini əlaqələrin daha da genişləndirilməsi üçün iki ölkənin bütün dövlət qurumları, qeyri-hökumət təşkilatları və özəl sektoru arasında əlaqələrin qurulmasının vacibliyini vurğulayıb. Nazir müavini Azərbaycana sülh arzulayıb, Çinin Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib.
Anar Ələkbərov öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyevin Çin ilə əlaqələri dəstəklədiyini və hər zaman böyük önəm verdiyini vurğulayıb.
Prezidentin köməkçisi həmçinin Azərbaycanın turizm potensialından, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən, o cümlədən Çin investorlarının və şirkətlərinin respublikanın digər bölgələrində həyata keçirilən layihələrdə iştirak imkanlarından da danışıb.
A.Ələkbərov Heydər Əliyev Fondunun Çində humanitar və mədəni layihələrin həyata keçirilməsini davam etdirəcəyinə əminliyini bildirib, həmçinin Azərbaycanın dövlət qurumlarının da Çinlə əməkdaşlığa böyük maraq göstərdiyini vurğulayıb. Həmçinin Azərbaycan liderinin köməkçisi qeyd edib ki, rəsmi Bakı həmişə “vahid Çin” siyasətini dəstəkləyir.