Bakı, 24 aprel — Azadmedia.azXalq rəssamı Sakit Məmmədov Özbəkistan Rəssamlıq Akademiyasının qızıl medalı ilə təltif edilib.
17-21 aprel tarixlərində Özbəkistanda Beynəlxalq Təsviri və Tətbiqi Sənət Festivalı keçirilib. Kəmaləddin Behzad adına Özbəkistan Rəssamlıq Akademiyası və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un birgə təşkil etdiyi festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, eləcə də Macarıstan, Cənubi Koreya, Rusiya, Belarus və digər ölkələrdən rəssamlar iştirak ediblər.
Azərbaycandan festivala Xalq rəssamları Sakit Məmmədov, Arif Əziz və tanınmış fırça ustası Fikrət İbrahimli qatılıb.
Festival çərçivəsində Daşkənddə iştirakçı rəssamların əsərlərindən ibarət sərgi açılıb.
Həmçinin Türk dünyası rəssamlarının toplantısı keçirilib. Toplantıda Türk Dünyası Rəssamlıq Akademiyasının təsis olunması barədə qərar qəbul edilib.
Tədbirdə rəssamlara TÜRKSOY-un sertifikatları və Özbəkistan Rəssamlıq Akademiyasının mükafatları təqdim olunub.
Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov təsviri sənət sahəsində səmərəli fəaliyyətinə görə Özbəkistan Rəssamlıq Akademiyasının qızıl medalı ilə təltif edilib.
Rəssam festivala dəvətə və yaradıcılığına göstərilən diqqətə görə TÜRKSOY-un baş katibi Sultan Raevə və Özbəkistan Rəssamlıq Akademiyasının prezidenti Akmal Nureddinova təşəkkürünü bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.