Bakı, 12 iyun — Azadmedia.azŞərqşünaslıq İnstitutunda Türkiyənin Elm, Mədəniyyət, Təhsil Vəqfinin nümayəndə heyəti ilə görüş keçirilib.
İyunun 12-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Türkiyənin Elm, Mədəniyyət, Təhsil Vəqfinin nümayəndə heyəti ilə görüş keçirilib.
Nümayəndə heyətinə daxil olan qurumun icraçı direktoru prof., dr. Lütfi Sunar, müavini Ahmet Sait Öner, vəqfin üzvü Hüseyn Türkan və Azərbaycan nümayəndəsi Kadir Yaman ilk olaraq AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüblər. Akademik G.Baxşəliyeva institutda görülən işlərdən, xüsusilə türkologiya sahəsində aparılan tədqiqatlardan bəhs edib. Lütfi Sunar Elm, Mədəniyyət, Təhsil Vəqfinin fəaliyyəti barədə məlumat verib. Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.
Daha sonra türkiyəli alimlər Şərqşünaslıq İnstitutunun kollektivi ilə görüşüblər. Akademik G.Baxşəliyeva türkiyəli qonaqları görüş iştirakçılarına təqdim edib. Lütfi Sunar Elm, Mədəniyyət, Təhsil Vəqfinin apardığı araşdırmalardan, həyata keçirilən layihələrdən, nəşr olunan elmi dərgi və kitablardan danışıb.
Şərqşünaslıq institutunun şöbə müdirləri öz şöbələrində aparılan tədqiqatlar barədə qonaqlara məlumat veriblər. Sonda türkiyəli alimlər Şərqşünaslıq İnstitutunun əməkdaşlarının suallarını cavablandırıblar.
Vüqar Məmmədov,
AMEA-nın Şərqşünaslıq İnstitutunun
ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru