AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin bugünkü iclasda 49 məsələ müzakirəyə çıxarılıb

  • + A
  • - A
  • 6-07-2023, 19:35

    Milli Məclisin bugünkü iclasda 49 məsələ müzakirəyə çıxarılıb

    İyulun 6-da Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti iclası keçirilib.
    Gündəliyin təsdiqindən sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlar Ceyhun Məmmədov, Elşad Mirbəşiroğlu, Bəhruz Məhərrəmov, Elman Nəsirov, Vahid Əhmədov, Fazil Mustafa, Kamal Cəfərov, Musa Qasımlı çıxış ediblər. Millət vəkilləri çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən görüşündə söylədiyi nitqini yüksək dəyərləndiriblər. Deputatlar dövlət başçısının Fransanın neokolonializm siyasəti, Fransada irqçilik meyillərinin, milli azlıqlara qarşı təzyiqlərin artması ilə bağlı tənqidi fikirlərini dəstəkləyiblər, Qərbdə irqçi və islamofob meyllərin artmasından narahatlıqlarını ifadə ediblər. Prezident Emmanuel Makronun aşkar şəkildə Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxmasını və separatizmi dəstəkləməsini, regionda sülhün bərqərar olması prosesinə mane olmasını pisləyən çıxışçılar bildiriblər ki, indiki Fransanın demokratiyadan, insan hüquqlarından, ədalətdən, bərabərlikdən və humanizmdən danışmağa haqqı yoxdur.
    Azərbaycan Prezidentinin BMT Təhlükəsizlik Şurasında islahatların keçirilməsi ilə bağlı fikirlərini yüksək qiymətləndirən deputatlar Qoşulmama Hərəkatının sədri İlham Əliyevin nitqini yeni dünya düzənində qlobal məqsəd və hədəflərə doğru birgə fəaliyyət üçün yol xəritəsi kimi xarakterizə ediblər. Millət vəkilləri, həmçinin gündəmdəki məsələlərə münasibətlərini bildiriblər, bəzi aktual mövzularla bağlı fikirlərini səsləndiriblər.
    Sonra spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, bugünkü iclasda 49 məsələ müzakirəyə çıxarılıb. O, qeyd edib ki, birinci məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinə dəyişiklik haqqında” Protokolun təsdiq edilməsi barədə qanun layihəsidir. Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, qanun layihəsi beynəlxalq sənədin təsdiqi ilə bağlı olduğuna görə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən, bir oxunuşda qəbul ediləcək. Spiker məsələyə dair məlumat vermək üçün İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimliyə söz verib.
    Qeyri-neft ixracının artımı üçün əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycanın xarici ölkələrlə ticarət əməkdaşlığını mütəmadi inkişaf etdirdiyini deyən Əli Məsimli respublikamızın əsas ticarət tərəfdaşlarından biri olan Türkiyə ilə 2020-ci il fevralın 25-də Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” imzaladığını bildirib. Həmin sazişə dəyişikliklə bağlı olan bu protokol 2023-cü il aprelin 29-da Türkiyənin Samsun şəhərində bağlanıb.
    Təqdim olunan protokolda Azərbaycan və Türkiyə arasındakı preferensial ticarət sazişində qeyd olunmuş mallara əlavə olaraq daha 15 növ sənaye və digər mallara preferensial ticarət rejimi çərçivəsində güzəştlərin tətbiq olunmasından danışan komitə sədrinin müavini bildirib ki, sənədin icrası qardaş ölkə ilə ticarət dövriyyəsinin artırılması istiqamətində hədəflərin gerçəkləşməsinə töhfə verəcək.
    Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi komitənin müsbət rəyi və deputat Qüdrət Həsənquliyevin sənədlə bağlı fikirləri dinlənildikdən sonra layihə səsə qoyularaq qəbul edilib.
    Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin 2-ci məsələsindən başlayaraq, növbəti 37 qanun layihəsinin cənab Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu deyib. Spiker xatırladıb ki, bu qanun layihələri bank işi sahəsində tənzimləmənin və nəzarətin təkmilləşdirilməsi, maliyyə bazarlarının sabitliyinin təmin olunması və bu sahədə xidmətlərdən istifadə edənlərin hüquqlarının qorunması ilə bağlıdır. Parlamentin sədri nəzərə çatdırıb ki, təqdim olunan qanun layihələrinin 27-si (2-28-ci məsələlər) üçüncü oxunuşda müzakirəyə çıxarılır. 29-cu məsələdən başlayaraq növbəti 10 məsələ isə uyğunlaşdırma və dəqiqləşdirmə xarakterli qanun layihələridir. Ona görə də həmin layihələr bir oxunuşda qəbul ediləcək. Spiker təqdim olunan qanun layihələrinə parlamentin dörd komitəsində baxıldığını bildirib və əvvəlcə komitələrin təqdimatlarını dinləməyi, sonra müzakirələrin birgə aparılmasını təklif edib. Sahibə Qafarova diqqətə çatdırıb ki, bu 37 məsələdən 26-na İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxılıb və həmin layihələrlə bağlı məlumat vermək üçün komitə sədrinin müavini Əli Məsimliyə söz verib.
    Əli Məsimli “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Banklar haqqında” Qanunda dəyişiklik edilməsi barədə, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, eyni zamanda “Banklar haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli, “Bank olmayan kredit təşkilatları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 141-VQD nömrəli, “Kredit ittifaqları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 142-VQD nömrəli, “Poçt haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 143-VQD nömrəli, “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 144-VQD nömrəli, “Qiymətli kağızlar bazarı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 145-VQD nömrəli və “İnvestisiya fondları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 146-VQD nömrəli qanunlarda dəyişiklik edilməsi haqqında, həmçinin “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Poçt haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Kredit büroları haqqında”, “Valyuta tənzimi haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Hesablama Palatası haqqında”, “Mühasibat uçotu haqqında”, “Dövlət satınalmaları haqqında” və “Auditor xidməti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə üçüncü oxunuşda olan qanun layihələri ilə bağlı məlumat verib.
    O, bildirib ki, qanun layihələrinin birinci və ikinci oxunuşlarında ətraflı məlumat verilib. Eyni zamanda, müzakirələrdə deputatların qaldırdıqları məsələlərə Mərkəzi Bank tərəfindən ətraflı aydınlıq gətirilib. Əli Məsimli vurğulayıb ki, təklif olunan dəyişikliklərin qəbulu nəticəsində Mərkəzi Bankın funksiyalarının daha səmərəli həyata keçirilməsi üçün çox etibarlı hüquqi zəmin yaranacaq.
    Komitədə baxılan və bir oxunuşdan keçən “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Reklam haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Büdcə sistemi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri isə "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə təklif olunan dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır.
    Sonra spiker Sahibə Qafarova bildirib ki, 9 məsələyə - 4-cü, 6-cı, 20-ci, 25-ci, 27-ci, 28-ci, 29-cu, 30-cu və 31-ci məsələlərə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılıb. O, layihələrə dair məlumat vermək üçün sözü Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərova təqdim edib.
    Kamal Cəfərov üçüncü oxunuşda olan Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Publik hüquqi şəxslər haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri ilə əlaqədar bildirib ki, məsələlərə dair əvvəlki oxunuşlarda ətraflı məlumat verilib və sənədlərlə bağlı komitəyə heç bir irad və təklif daxil olmayıb.
    Komitədə baxılan Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında, İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında və Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri isə uyğunlaşdırma və dəqiqləşdirmə xarakteri daşıyır.
    Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov gündəliyin 19-cu məsələsi - “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O, layihənin ikinci oxunuşundan sonra komitəyə heç bir irad və təklif daxil olmadığını bildirib.
    Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, 32-ci məsələyə Aqrar siyasət komitəsində baxılıb və məsələyə dair məlumat vermək üçün komitənin sədri Tahir Rzayevə söz verib.
    Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, “Aqrar sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə təklif olunan dəyişikliklərə əsasən, "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri "Azərbaycan Respublikasının Mərkəzi Bankı" sözləri ilə əvəz olunur.
    İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli təqdim edilən son 11 qanun layihəsi barədə komitənin müsbət rəyini diqqətə çatdırandan sonra müzakirəyə təqdim olunan 37 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
    Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 11 məsələsi ikinci oxunuşda olan qanun layihələridir.
    Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. O, qanun layihəsi ətrafında komitədə və parlamentin iclasında aparılan müzakirələrdən bəhs edərək, deputatlar tərəfindən səsləndirilən fikirlərə və verilən təkliflərə münasibət bildirib.
    Komitə sədri qeyd edib ki, layihədə dərman vasitələrinin beynəlxalq tanınma sisteminə keçirilməsi, dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsi, rəqabət mühitinin dairəsinin genişləndirilməsi, dünyanın aparıcı dərman vasitələri istehsalçılarının məhsullarına əlçatanlığın təmin olunması məsələləri ehtiva olunur. Sənəddə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı məqamlar öz əksini tapıb. Habelə, bioloji aktiv qida əlavələri ilə əlaqədar tənzimləmələr təkmilləşdirilir.
    Deputatlar Rəşad Mahmudov, Fəzail Ağamalı, Vahid Əhmədov, Hikmət Məmmədov məsələ barədə öz fikirlərini və bəzi qeydlərini açıqlayıblar.
    Komitə sədri Əhliman Əmiraslanov, səhiyyə nazirinin müavini Rasim İsmayılov qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra qanun layihəsi səsə qoyularaq, ikinci oxunuşda qəbul edilib.
    Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. O, layihədə hər hansı bir dəyişikliyin olmadığını söyləyib və səsə qoyulmasını xahiş edib.
    Sənəd "Siyasi partiyalar haqqında" Qanunda müəyyən edilmiş hüquq normalarının pozulmasına görə inzibati məsuliyyətin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
    Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
    Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, birinci oxunuşda müzakirələrdən sonra sənəddə hər hansı əlavə və dəyişikliyin edilmədiyini bildirib.
    Layihədə təklif olunan dəyişikliklər mövcud normaların qanunvericilik sisteminə uyğunlaşdırılması və təkmilləşdirməsi məqsədi ilə hazırlanıb. Dəyişikliklər Konstitusiya Məhkəməsi tərəfindən sorğu və şikayətlərə baxılması şərtlərinin dəqiqləşdirilməsini, verilən sorğu, müraciət və ya şikayətlərə qoşulan sənədlərin siyahısına əlavələrin edilməsini və digər məsələləri nəzərdə tutur.
    Komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlardan Erkin Qədirli, Qüdrət Həsənquliyev, Tahir Kərimli məsələ ilə bağlı bəzi qeydlərini səsləndiriblər. Deputat Kamal Cəfərov səsləndirilən fikirlərə münasibət bildirib.
    Müzakirələrin sonunda qanun layihəsi səsə qoyularaq, ikinci oxunuşda qəbul edilib.
    İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, layihə barədə birinci oxunuşda ətraflı məlumat verildiyini, əlavə təklif və sualların olmadığını bildirib, sənədin səsə qoyulmasını xahiş edib.
    Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuş qanun layihəsi Azərbaycan Respublikasının və xarici ölkələrin müvafiq orqanları arasında hüquqi yardım və ekstradisiya sahəsində qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə hazırlanıb.
    Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
    Sonra deputat Nizami Səfərov “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. Millət vəkili layihənin birinci oxunuşda konseptual baxımdan qəbul olunduğunu, mətnində hər hansı düzəlişin olmadığını qeyd edib.
    Sənədə əsasən, “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” yubiley medalı ilə minatəmizləmə fəaliyyətinin təşkili, təkmilləşdirilməsi, inkişafı və möhkəmləndirilməsi sahələrində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.
    Qanun layihəsi səsə qoyularaq, ikinci oxunuşda qəbul edilib.
    Parlamentin sədri Sahibə Qafarova növbəti 3 məsələnin də yeni medalların təsis edilməsi ilə bağlı olduğunu və ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu deyib. O, bu məsələlərin - “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi, “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi və “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri olduğunu bildirib.
    Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov həmin 3 qanun layihəsi barədə də məlumatı diqqətə çatdırıb. O, bu qanun layihələri ilə bağlı birinci oxunuşda geniş məlumat verildiyini, məsələyə dair heç bir sual və təklifin olmadığını deyib.
    Təqdim olunan layihələrdə adı çəkilən qurumların əməkdaşlarının müvafiq medallarla təltif edilməsi nəzərdə tutulur. Sənədlərdə təltif edilən şəxslərin dairəsi, təltif edən orqan, medalların taxılma qaydası və təsviri müəyyən edilir.
    Deputat Sahib Alıyev məsələ barədə öz fikirlərini səsləndirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq, ikinci oxunuşda qəbul edilib.
    Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, bildirib ki, layihə ölkə Prezidentinin müvafiq fərman və sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin və “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi ilə əlaqədar nəzərdə tutulmuş ödəniş xidmətləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb.
    Millət vəkili qeyd edib ki, qanun layihəsinin qəbulu ölkədə ödəniş xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, nağdsız ödənişlərin əhatə dairəsinin innovativ texnologiyalar və rəqəmsal ödəniş alətləri əsasında daha da genişləndirilməsinə təkan verəcək. Bildirilib ki, sənəd innovativ onlayn və mobil ödənişlərin inkişafının daha etibarlı və təhlükəsiz fəaliyyətini, istehlakçıların daha etibarlı müdafiəsini təmin edəcək. Ümumilikdə, layihə ölkənin yeni ödəniş ekosisteminin yaranmasında, ödəniş bazarında yeniliyin, rəqabətliliyin legitimliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq.
    9 fəsil, 68 maddədən ibarət qanun layihəsi ödəniş sistemlərinin, ödəniş xidmətlərinin, ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının və ödəniş sistemi operatorlarının fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.
    Sənəddə pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması, mühasibat uçotu və maliyyə hesabatlarının aparılması, müraciətlərə baxılması qaydaları müəyyənləşdirilir. Habelə, elektron pulla bağlı tənzimləmə prosesi, açılmış ödəniş hesabları və ödəniş xidmətlərinin göstərilməsi ilə bağlı məlumatlandırma şərtləri, ödəniş sərəncamının icrası və tərəflərin məsuliyyəti ilə əlaqədar məqamlar ehtiva olunur. Layihədə ödəniş sistemlərinin təşkili qaydaları, hesablaşmaların aparılması, lisenziyalaşdırma və qeydiyyata dair tələblər, elektron pul təşkilatları və operatorların müqavilə əsasında fəaliyyəti, xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının lisenziyalaşdırılması, nəzarət subyektlərinin rəhbərlərinə qarşı tələblər, dövlət tənzimlənməsi və bir sıra digər məsələlər öz əksini tapıb.
    Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
    Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son iki məsələsinin ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib. O, qeyd edib ki, bu məsələlər - “Dövlət satınalmaları haqqında” (ikinci oxunuş) və Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Energetika haqqında”, “Büdcə sistemi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələridir.
    İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli həmin qanun layihələri barədə məlumat verib. O, diqqətə çatdırıb ki, 10 fəsil, 59 maddədən ibarət “Dövlət satınalmaları haqqında” qanun layihəsi həm yerli, həm də beynəlxalq təcrübəyə əsasən mükəmməl şəkildə hazırlanıb. Sənəd dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən edir.
    Layihədə qanunun tətbiq dairəsi, dövlət satınalmalarına nəzarətin gücləndirilməsi, rəqabətin təmin edilməsi, dövlət satınalmalarının elektronlaşdırılması, bu sahədə şəffaflığın təmin edilməsi, satınalma komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satınalmada iştirakı və digər məsələlər əks olunub.
    Sonra Əli Məsimli Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Energetika haqqında”, “Büdcə sistemi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumatı təqdim edib. Deputat bildirib ki, adları çəkilən qanunlara “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi ilə əlaqədar uyğunlaşdırma xarakterli bəzi düzəlişlər təklif olunur.
    Deputat Aydın Hüseynov məsələ ilə bağlı bəzi fikirlərini səsləndirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq, ikinci oxunuşda qəbul edilib.
    Bununla Milli Məclisin bugünkü iclası başa çatıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR