Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Nikol Paşinyanla danışıqlar zamanı Qarabağın erməni sakinləri üçün Bərdə-Ağdam istiqamətində humanitar yüklərin daşınması məsələsi müzakirə olunub. Bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşündən sonra mətbuata açıqlamasında deyib.
O, bugünkü görüşün çox səmərəli keçdiyini də qeyd edib.
“Biz altıncı görüşü yenicə başa vurduq. O, çox məhsuldar idi. Biz səylərimizdə çox mühüm bir dövr keçirik”, - Mişel bildirib.
Onun sözlərinə görə, görüş zamanı iki ölkə liderləri 1991-ci il Almatı Bəyannaməsinə, eləcə də ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini təsdiqləyiblər.
Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası üzrə komissiyaların işini aktivləşdirmək barədə razılığa gəliblər.
“Tərəflər son iki ayda nəqliyyatın qarşısının alınması ilə bağlı qərarlarında da irəliləyiş əldə ediblər. Biz gələcək nəqliyyat müqavilələrinin şərtlərini müzakirə etdik.
Mövcud vəziyyət açıq-aydın qeyri-sabitdir və heç kimə sərfəli deyil. Biz həmçinin vəziyyəti normallaşdırmağa kömək edəcək mümkün konkret addımları müzakirə etdik”, - deyə Avropa İttifaqının prezidenti bildirib.
O, həmçinin Aİ-nin Cənubi Qafqazda dəmir yolu xəttinin tikintisinə maliyyə yardımı göstərməyə hazır olacağını bildirib.
Sonda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderlərini yaydan sonra Brüsselə növbəti görüşə dəvət edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.