AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xalq artisti Mirzə Babayevin anadan olmasının 110-cu ildönümündə məzarı ziyarət olunub - FOTOLAR

  • + A
  • - A
  • 17-07-2023, 15:28

    Xalq artisti Mirzə Babayevin anadan olmasının 110-cu ildönümündə məzarı ziyarət olunub -

    Bakı, 17 iyul — Azadmedia.az

    İyulun 16-da Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, müğənni Mirzə Babayevin (1913-2003) anadan olmasının 110-cu ildönümü tamam oldu.
    Bu münasibətlə Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətkarın ailə üzvləri II Fəxri xiyabana gələrək Mirzə Babayevin xatirəsini yad edib, məzarı üzərinə gül dəstləri qoyublar.
    Mədəniyyət nazirinin müavini Murad Hüseynov qeyd edib ki, Mirzə Babayev istedadı ilə xalqımızın məhəbbətini qazanan böyük sənətkarlarımızdandır. O, Azərbaycan estrada musiqisinin inkişafına mühüm töhfələr verib, səsi və ifaçılıq məharəti ilə özünəməxsus üslubunu yaradıb, musiqimizi xarici ölkələrdə də layiqincə təmsil edib. Mirzə Babayev cismən bizimlə olmasa da, onun yaradıcılığı əbədi yaşayacaq.
    Teatr və kino aktyoru, Xalq artisti Rafiq Əzimov bildirib ki, Mirzə Babayev ömrünün yarıdan çoxunu musiqi sənətinə həsr edib. O hərtərəfli sənətkar idi. İstedadlı aktyor kimi milli kino tariximizə də adını yazdırıb, “Dərviş Parisi partladır”, “Telefonçu qız”, “Romeo mənim qonşumdur”, “Qorxma, mən səninləyəm!” və digər ekran əsərlərində rəngarəng obrazlar qalereyası yaradıb.
    Xalq artisti, kinorejissor Vaqif Mustafayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri vəzifəsini müvəqqəti icra edən Xalq artisti Hacı İsmayılov, Xalq artisti, kinorejissor Oqtay Mirqasımov, Xalq artisti, müğənni Gülyanaq Məmmədova görkəmli sənətkarla bağlı xatirələrini danışıb, onun bənzərsiz yaradıcılığından söz açıblar.
    Sənətkarın yaxın qohumu tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, nəvələri Ülvi Seyidzadə və Emin Babayev çıxış edərək Mirzə Babayevin xatirəsinə göstərilən yüksək ehtirama görə Mədəniyyət Nazirliyinə və mərasim iştirakçılarına təşəkkürlərini bildiriblər.
    Xatırladaq ki, Mirzə (Mirzəağa) Əbdülcabbar oğlu Babayev 1913-cü il iyulun 16-da Bakı şəhərinin Maştağa kəndində anadan olub. İlk ali təhsilini Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) Memarlıq fakültəsində alıb. Müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına (indiki BMA) – professor Bülbülün sinfinə daxil olub. 1953-cü ildə konservatoriya təhsilini başa vuran istedadlı müğənni ürəyəyatımlı səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə tamaşaçıların böyük rəğbətini qazanıb.
    Sənətkar müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrinin, Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Konsert Birliyinin solisti olub. Teleradionun “qızıl fond”unda onun ifasında saxlanılan çoxlu sayda mahnı var.
    Mirzə Babayev musiqi sənətimizə verdiyi töhfələrə görə "Əməkdar artist", "Xalq artisti" fəxri adlarına layiq görülüb. "Şöhrət" ordeni ilə təltif edilib, Prezidentin fərdi təqaüdçüsü olub. 2003-cü il yanvarın 13-də vəfat edib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR