Türkiyə ilə Türkmənistan Xəzər və Qara dəniz üzərindən tranzit marşrutlarının səmərəliliyini artırmaq barədə razılığa gəliblər. Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Ankarada keçirilən biznes forumda çıxışı zamanı deyib.
Belə ki, "Türkmənistan qazının və enerjisinin Xəzər dənizi vasitəsilə Türkiyəyə necə nəql oluna biləcəyi ilə bağlı fikir mübadiləsi apardıq. Bu tranzit sahəsində əməkdaşlığın təkmilləşdirilməsi iki ölkə arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Qarşılıqlı maraqlara uyğun olaraq yeni istiqamətlər yaradıla bilər”, - deyə Berdiməhəmmədov bildirib.
Qeyd edək ki, hazırda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Türkiyədə rəsmi səfərdədir. Ərdoğan və Berdiməhəmmədov, eləcə də aidiyyəti dövlət qurumlarının rəhbərləri tərəfindən iki ölkə arasında enerji, nəqliyyat, ticarət, iqlim dəyişikliyi, insan resursları, idman, təhsil və arxiv kimi sahələri əhatə edən 13 müqavilə imzalanıb.
Bu, Sərdar Berdiməhəmmədovun Türkmənistan Prezidenti kimi Türkiyəyə ilk rəsmi səfəridir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.