Yanvarın 29-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komitəsinin sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonağı parlamentdə salamlamaqdan məmnunluğunu bildirən Milli Məclisin sədri onun Türkiyə Respublikasının milli müdafiə naziri olduğu vaxt həm 44 günlük Vətən müharibəsi dövründə, həm də müharibədən sonra Azərbaycana səfərlərini xatırlayıb, bu gün isə qonağın parlament üzvü kimi Azərbaycana səfər etdiyini deyib. Sahibə Qafarova Hulusi Akarın bundan sonra parlament üzvü kimi iki qardaş ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Milli Məclisin sədri bildirib ki, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin Prezident İlham Əliyevin dediyi kimi, dünyada bənzəri yoxdur. Dövlət başçılarımızın qardaşlıq münasibətləri, siyasi iradəsi və qətiyyəti nəticəsində dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqlik səviyyəsinə yüksəlib. Ölkələrimiz dil, din, mədəniyyət, milli-mənəvi dəyərlər baxımından doğma olmaqla yanaşı, həm də müttəfiqdirlər. Bu baxımdan imzalanmış Şuşa Bəyannaməsi əlaqələrimizin daha da inkişaf etdirilməsi üzrə yeni hədəf və istiqamətləri müəyyən edib. Bu sənədin parlamentlərarası əməkdaşlığa dair bəndinin həyata keçirilməsi və Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də həyata keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu gün Milli Məclislə TBMM arasında çoxşaxəli ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli və çoxtərəfli formatlarda da işbirliyi mövcuddur.
Milli Məclisin sədri bildirib ki, Şuşa Bəyannaməsinin imzalanmasından sonra Milli Məclisdə çıxış edən Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın çıxışında ölkələrimizin birliyi məsələsi mühüm yer tutmuşdu.
Spiker söhbət zamanı qonaqlara Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandırması və digər məsələlər barədə məlumat verib.
Səmimi görüş üçün minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komitəsinin sədri Hulusi Akar bu gün Prezident İlham Əliyevlə keçirdiyi görüşə dair təəssürütlarını bölüşüb. İki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışan TBMM-in komitə sədri bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ fatehi Prezident İlham Əliyevin Ali Baş komandanlığı ilə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Azərbaycanın öz suverenliyini bərpa etməsi, onun bayrağının bütün suveren ərazisində dalğalanması Türkiyə üçün də qürurvericidir. Hulusi Akar torpaqlarımızın işğaldan azad olunmasında Azərbaycan hərbçilərinin fədakarlığından danışaraq, ölkələrimizdə ordu quruculuğu barədə fikirlərini çatdırıb. O, qeyd edib ki, təkcə Türkiyə və Azərbaycan arasında deyil, bütün türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsi vacibdir. Qonaq bu baxımdan parlament diplomatiyasının vacibliyini qeyd edib. O, TBMM sədri Numan Kurtulmuşun Azərbaycana, Milli Məclisin sədri Sahibə Qafarovanın isə Türkiyəyə səfərlərini xatırladaraq, parlamentlərarası əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.
Hulusi Akar Ermənistanın Azərbaycanın uzatdığı əli tutacağına və tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına inamını ifadə edib. Zəngəzur dəhlizi barədə də danışan TBMM-in komitə sədri qeyd edib ki, bu dəhlizin fəaliyyətə başlaması nəinki region ölkələri, həmçinin digər ölkələr üçün də böyük fayda gətirəcək.
Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.