Fevralın 1-də Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycana rəsmi səfərə gələn Çex Respublikası Parlamenti Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olduğu, bu dövr ərzində əlaqələrimizin bir sıra istiqamətlər üzrə inkişaf etdiyi qeyd olunaraq, münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin və müntəzəm təmasların rolu vurğulanıb, həmçinin ikitərəfli gündəliyin müxtəlif sahələrini əhatə edən mövcud hüquqi bazanın ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyi diqqətə çatdırılıb.
Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova Ermənistanın və onun havadarlarının “etnik təmizləmə”, “Azərbaycanın yeni müharibə istəyi” adı altında beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş hərəkətlərini və ölkəmizə qarşı yalan kampaniyasını pisləyərək, diqqətə çatdırıb ki, Avropa Şurası Parlament Assambleyasında baş verən son proseslər də ölkəmizə qarşı yalan kampaniyasının tərkib hissəsidir. AŞPA dialoq və əməkdaşlıq platforması olmalıdır. Halbuki AŞPA-da ciddi ikili standartlar müşahidə olunur.
O, təəssüflə qeyd edib ki, bəzi dövlətlər və bəzi beynəlxalq təşkilatlar, xüsusən, AŞPA işğal dövründə 750 000 keçmiş məcburi köçkünümüzün hüquqlarının bərpa edilməsi ilə bağlı danışmayıb, bu gün isə Ermənistandan olan 250 000 azərbaycanlı qaçqının hüquqlarından danışmaqdan imtina edirlər.
Marketa Pekarova Adamova isə diqqətə çatdırıb ki, ölkəsinin parlamentariləri AŞPA-da Azərbaycanla bağlı sözügedən məsələnin müzakirəsində iştirak etməyib və lehinə səs verməyib.
Spiker Sahibə Qafarova Azərbaycan torpaqlarının 30 il işğal altında saxlanılmasını Ermənistan tarixinin qara səhifələrindən biri adlandırıb. O, bildirib ki, Azərbaycan özü beynəlxalq təşkilatların, həmçinin BMT TŞ-nin 4 məlum qətnaməsinin tələblərini yerinə yetirərək torpaqlarını işğaldan azad edib. O bir daha diqqətə çatdırıb ki, keçən ilin sentyabr ayında həyata keçirilmiş lokal antiterror tədbirlərindən sonra ərazilərə səfər etmiş 3 BMT missiyası, mülki infrastruktur və dinc əhali arasında heç bir itki qeydə almayıb.
Görüşdə Sahibə Qafarova Fransanın Azərbaycana qarşı davranışlarını kəskin tənqid edərək, diqqətə çatdırıb ki, Fransa Cənubi Qafqazda sülhün əldə olunmasını istəmir, Ermənistanı silahla təmin edir. Bu, sülhə xidmət etməyən və yeni münaqişəni alovlandırmaq niyyətində olan yanaşmadır.
Spiker bir daha vurğulayıb ki, danışıqlar masası arxasında heç kim və heç bir dövlət Azərbaycana təzyiq göstərə bilməz. Məhz Azərbaycan sülh təşəbbüslərini irəli sürüb və sülh danışıqlarını davam etdirməkdə maraqlıdır. Lakin münaqişənin başa çatmasından 3 il ötməsinə baxmayaraq, Ermənistan hələ də sülh müqaviləsini imzalamaqdan yayınır, üzərinə götürdüyü öhdəliklərinin icrasını ləngidir.
Milli Məclisin sədri Azərbaycanın bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşdığını, özünün də ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşılmasını tələb etdiyini bildirib. Bununla belə o, diqqətə çatdırıb ki, Ermənistanın Konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları əksini tapır.
Münaqişədən sonra işğaldan azad edilmiş torpaqlarda Azərbaycan hökumətinin başlatdığı irimiqyaslı bərpa-quruculuq işləri barədə danışan Milli Məclisin sədri, deyib ki, bu gün Azərbaycan böyük investisiyalar hesabına işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparır. Keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar. Bu, Azərbaycanın yeni müharibədə maraqlı olmadığının sübutudur. O, Azərbaycan xalqının sülh istədiyini bildirib, ölkəmizin bu regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində göstərdiyi səylərini qeyd edib.
Deputatlar palatasının sədri Marketa Pekarova Adamova bildirib ki, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu şübhə doğurmur və Çex Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Çexiya bu gün Cənubi Qafqaz regionuna davamlı sülhün və əmin-amanlığın gəlməsi üçün Azərbaycan və Ermənistan arasında dialoqun davam etdirilməsinə dəstəyini ifadə etməkdən məmnunluq duyur.
Spiker Marketa Pekarova Adamova, ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) bu il ev sahibliyi etməsi münasibəti ilə təbriklərini çatdırıb, ölkəsinin bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını bildirib.
Görüşdə həmçinin Azərbaycanın enerji sahəsində hər zaman etibarlı tərəfdaş olması qeyd edilərək, Çexiyanın da neft məhsullarına tələbatının təxminən 30 faizinin Azərbaycan nefti hesabına ödənildiyi diqqətə çatdırılıb. Bildirilib ki, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi həm də insanlar arasında əlaqələrin genişləndirilməsi üçün mühüm vasitədir. Bu mənada təhsil, elm, mədəniyyət sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi, mədəni tədbirlərin qarşılıqlı əsasda keçirilməsi də mühüm əhəmiyyət kəsb edir.
Çex Respublikası Parlamenti Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ölkəmizə ilk dəfədir rəsmi səfər etdiyini və Bakıda olmaqdan məmnunluğunu bildirib. O, bu səfərin ikitərəfli münasibətlərin inkişafına xidmət edəcəyinə inamını ifadə edib. O, ölkəsinin Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlı olduğunu qeyd edib. Qonaq rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində işgüzar dairələri, ali təhsil müəssisələrini təmsil edən şəxslərin də olduğunu bildirərək, bunu Çexiyanın müxtəlif sahələr üzrə Azərbaycanla dialoqu davam etdirmək niyyətinin göstəricisi kimi qiymətləndirib.
Görüşdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsində parlamentlərin önəmli rol oynadığını vurğulayan spiker Sahibə Qafarova, sədrlər, həmçinin dostluq qrupları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyətindən söz açıb, belə səfərlərin mövcud prioritetlərin öyrənilməsi, fikir mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Tərəflər bu istiqamətdə də əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı niyyətlərini ifadə ediblər.
Görüşdə dövlətlərarası və parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.