Milli Məclisin sədri Sahibə Qafarova prezident seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) və Türk Dövlətləri Parlament Assambleyasının nümayəndə heyətləri ilə görüşlər keçirib.
Milli Məclisin sədri Sahibə Qafarova bu seçkilərin Azərbaycan xalqı üçün tarixi hadisə olduğunu deyərək dost və qardaş türkiyəli millət vəkillərinin prosesi müşahidə etməklərindən məmnunluğunu bildirib. Spiker Sahibə Qafarova qeyd edib ki, bu seçkilərlə xalqımız öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etmiş Azərbaycan dövlətinin gələcək inkişafı naminə səs verib. Onun sözlərinə görə, ilk dəfə olaraq, hər hansı bir seçki Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən işğaldan azad olunmuş ərazilərində keçirilib. Ona görə də bu seçkiləri Zəfər seçkiləri də adlandırmaq olar.
Milli Məclisin sədri görüşlərdə vurğulayıb ki, bütün müşahidəçilərin də mövqeyi bu yöndədir ki, prezident seçkiləri demokratik, qabaqcıl norma və prinsiplərə uyğun, şəffaf şəkildə keçirilib. Seçkilərdə vətəndaşların öz iradələrini ifadə etməsi üçün hər cür şərait yaradılıb və xalqımız yüksək fəallıq nümayiş etdirib.
Görüşlərdə müşahidə missiyasının üzvləri prezident seçkilərinin uğurla başa çatması münasibətilə təbriklərini çatdıraraq, bu seçkilərin Azərbaycanın inkişafında mühüm əhəmiyyətini qeyd ediblər.
Türkiyə Böyük Millət Məclisinin müşahidə missiyasının rəhbəri, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib ki, qardaş Azərbaycanda prezident seçkiləri ilk dəfə ölkənin bütün ərazilərində keçirilir. Bu, Türkiyə, həmçinin Türk dünyası üçün böyük hadisədir. Azərbaycanın uğurları qardaş ölkə olaraq, Türkiyəni, ümumiyyətlə, bütün Türk dünyasını sevindirir.
Şamil Ayrım həmkarları ilə birlikdə çoxsaylı seçki məntəqələrində prosesi izlədiklərini bildirərək, qeyd edib ki, onların müşahidələri seçkilərin çox şəffaf şəkildə keçirildiyini deməyə əsas verir. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları çox sərbəst və fəal şəkildə səs veriblər və hər kəsin istədiyi namizədə səs verməsi üçün əlverişli şərait yaradılıb.
TÜRKPA beynəlxalq seçki müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesten isə onların təmsil olunduğu müşahidə missiyasının üzvlərinin həm Şuşada, həm də Xankəndidə də səsvermə prosesini müşahidə etdiklərini bildirərək, bunun tarixi əhəmiyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, müşahidə apardıqları bütün məntəqələrdə hər şey qanuna uyğun, şəffaf təşkil olunub.