AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Xoş niyyət" - Heydər Əliyev Fondu 20

  • + A
  • - A
  • 7-05-2024, 13:05

    "Xoş niyyət" - Heydər Əliyev Fondu 20


    Bu gün Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə çıxış edərək Ulu Öndər Heydər Əliyevin doğum günü ilə bağlı geniş çıxış edib və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 illiyi münasibəti ilə Fondun prezidenti Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilməsini təklif edib. Azadmedia.az Sahibə xanımın sözügedən çıxışını təqdim edir:


    Hörmətli həmkarlar!
    Bizim iclasımız əlamətdar tarixi bir hadisə ərəfəsində keçirilir. Bildiyiniz kimi, üç gün sonra, mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd ediləcək.
    Heydər Əliyev ən yüksək dövlət vəzifələrində çalışdığı otuz ildən artıq bir müddətdə ümummilli lider missiyasını iki dəfə öhdəsinə götürmüşdür. Hər ikisində də zamanın çağırışlarına yaradıcı münasibət bildirməklə və düzgün qərarlar qəbul etməklə insanların ona bəslədiyi ümidləri doğrultmuşdur.
    Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin tə¬məlini yaratmış, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövləti qoruyub saxlamış və davamlı inkişaf yoluna çıxarmışdır. Bununla da o, böyük tarixi şəxsiyyət¬lərimizin dövlətçilik ənənələrini layi¬qincə davam etdirmiş və daha da zənginləşdirmişdir.
    Hörmətli deputatlar!
    Heydər Əliyev dünya miqyaslı siyasi və dövlət xadimi idi. Onu dünyanın ən böyük siya-sətçiləri və dövlət adamları ilə müqayisə etmək olar. Ulu Öndər mənsub olduğu xalqı yeni minilliyə, qloballaşma əsrinə hazırlayıb çatdıran bir liderdir.
    Hörmətli deputatlar!
    Ümummilli Liderin başladığı möhtəşəm işlər Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Son iyirmi bir il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olmuşdur. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilmişdir.
    Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılmışdır. Bu isə xalqımızın və dövlətimizin müqəddəratı ilə bağlı olan ən mühüm problemi həll etməyə imkan vermişdir.
    Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti və Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi və rəşadəti 44 günlük Vətən müharibəsində tarixi qələbəni təmin etmişdir. Ötən ilin sentyabr ayında həyata keçirilmiş bir günlük antiterror tədbirləri isə Azərbaycanın suverenliyini onun bütün ərazisində bərpa etməyə şərait yaratmışdır. Bu böyük uğur Vətən müharibəsində əldə edilmiş Zəfərin məntiqi davamı və yekunu olmuşdur.
    30 ilə yaxın Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqlarının azad edilməsi ilə Ümummilli Liderin ən böyük arzusu həyata keçmiş, onun başladığı tarixi missiyanın önəmli bir istiqaməti layiqincə sona çatdırılmışdır.
    Hörmətli deputatlar!
    Biz bir məqamı da həmişə qürurla vurğulayırıq ki, 1993-cü ilin iyununda Heydər Əliyev böyük siyasətə qayıdışa bu binada başlamış, dörd aya yaxın Azərbaycan parlamentinin sədri vəzifəsində çalışmışdır. Ulu Öndərin sayəsində yeni inkişaf səviyyəsinə yüksəlmiş parlamentarizm ənənələri bu gün dövlət başçısının qayğısı və Milli Məclis deputatlarının birgə səyləri ilə daha da inkişaf etdirilir.
    Hörmətli həmkarlar!
    Bu gün sizin diqqətinizə çatdırmaq istədiyim digər bir məsələ də Ulu Öndərin adı ilə bağlıdır. Mayın 10-da Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 ili tamam olur. Fondun yaradılması Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, Azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gəlmişdir.
    Heydər Əliyev öz həyatının mənasını xalqa xidmət etməkdə, xalq yolunda hər bir çətinliyə hazır olmaqda görürdü. Onun adını daşıyan Fond da öz fəaliyyətində bu ali idealları rəhbər tutur.
    Hörmətli həmkarlar!
    Bu gün milyonların sevgisini qazanmış Heydər Əliyev Fondunun nailiyyətlərinin təməlində Fondun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, Azərbaycan Mədəniyyəti Fondunun prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna təşkilatçılıq qabiliyyəti və rəhbərlik məharəti, yüksək səriştəsi və peşəkarlığı, böyük zəhməti və fədakarlığı dayanır. Onun hər bir məsələyə yaradıcı münasibəti, insanları vahid məqsəd naminə səfərbər etmək bacarığı, humanizmi və səmimiyyəti Fondun hamıya yaxşı tanış olan simasını müəyyən edir.
    Hörmətli həmkarlar!
    Fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev Fondu həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda sosial rifahın, mədəni inkişafın dəstəklənməsinə, humanizm, mərhəmət və birlik ideallarının reallaşmasına yönələn çoxsaylı təşəbbüslərin ön sırasında olmuşdur. Fondun fəaliyyətinin ən mühüm istiqamətləri elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə, idmanın inkişafına, sosial müdafiənin gücləndirilməsinə, ekoloji mühitin yaxşılaşdırılmasına, informasiya-kommunikasiya texnologiyalarının inkişafına dair proqramların və layihələrin gerçəkləşdirilməsi ilə bağlıdır.
    Milli-mənəvi dəyərlərə, humanizm prinsiplərinə sadiq olan gənc nəslin formalaşdırılması, gender bərabərliyinin təmin edilməsi, sivilizasiyalararası dialoqa rəvac verilməsi, Qarabağda işğal dövründə talan edilmiş abidələrimizin bərpası, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması da Fondun fəaliyyətində önəmli yer tutur.
    Yeri gəlmişkən, hörmətli deputatlar, Azərbaycan barəsində doğru-düzgün məlumatların yayılması və dövlətimizin milli maraqlarının qorunması istiqamətində ən uğurlu layihələrdən biri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə aparılan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasıdır. Bir çox dünya ölkələrini əhatə edən bu kampaniya Xocalı həqiqətlərinin dünyada yayılmasına, cinayətkarların beynəlxalq ifşasına yönələn tədbirlərin vahid konsepsiyası əsasında sistemli şəkildə həyata keçirilmişdir.
    Bu sahədə görülən məqsədyönlü tədbirlərin nəticəsidir ki, Xocalı soyqırımı ətrafında qurulmuş informasiya blokadası yarılmış, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı, bir çox ölkələrin parlamentləri Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğunu təsdiq etmiş və bir sıra ölkələrin parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişlər.
    Hörmətli deputatlar!
    Heydər Əliyev Fondunun fəaliyyətinin ana xətlərindən biri olan xeyriyyəçilik missiyası xüsusi qeyd edilməlidir. Dara düşən, yardıma ehtiyacı olan insanların Heydər Əliyev Fonduna pənah aparması cəmiyyətin Fond rəhbərliyinə dərin inamından irəli gəlir. Minlərcə insanın sağlamlığının bərpa edilməsi, ağır xəstəliklərə düçar olan uşaqların, sənət adamlarının, ziyalıların xarici ölkələrdə müalicə etdirilməsi xalqımızın ən yüksək milli-mənəvi dəyərlərindən olan humanizmin və xeyirxahlığın parlaq ifadəsidir.
    Hörmətli deputatlar!
    Heydər Əliyev Fondu İkinci Qarabağ müharibəsində qələbəmizə mühüm töhfələr vermişdir. Xalqın dövlət başçısı ətrafında yumruq kimi birləşməyə çağırılması, cəbhədə işğalçılara qarşı döyüşən, şəhid olan və yaralanan əsgər və zabit valideynlərinə hərtərəfli dəstək göstərilməsi tarixi Zəfərimizi təmin edən amillərdən biridir.
    Bu gün Heydər Əliyev Fondu işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində yaxından iştirak edir, Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlara böyük diqqət və qayğı göstərir. Müharibədə yaralanan qazilərimiz yüksək texnologiyalı protezlərlə təmin olunur, zərurət yarandıqda yaralı hərbçilərimizin xaricdə müalicəsi təşkil edilir, onların sosial durumunun yaxşılaşmasına kömək göstərilir.
    Hörmətli həmkarlar!
    Heydər Əliyev Fondunun beynəlxalq fəaliyyəti dünyanın müxtəlif bölgələrini əhatə edir. Bir çox ölkələrdə Fondun nümayəndəlikləri fəaliyyət göstərir.
    Heydər Əliyev Fondu xarici ölkələrdə təbii fəlakət nəticələrinin aradan qaldırılmasına yardım göstərmiş, məktəblərin inşasını, yenidən qurulmasını və əsaslı təmirini, dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrinin bərpasını təmin etmişdir. Bu gün Azərbaycanın yumşaq gücünü təcəssüm etdirən Heydər Əliyev Fondu geniş bir coğrafiyada humanizm və mərhəmətin simvolu kimi qəbul olunur.
    Hörmətli həmkarlar!
    Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev Heydər Əliyev Fondunun fəaliyyətini çox yüksək qiymətləndirmişdir. Mən möhtərəm Prezidentin bu sözlərini xatırlatmaq istərdim:
    "Fondun xətti ilə aparılan işlər, görülən tədbirlər, irəli sürülmüş təşəbbüslər göz qabağındadır.
    ... Bu fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər.
    Fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən "Xoş niyyət" deyərdim. Çünki bütün sahələrdə biz bunu görürük".
    Hörmətli həmkarlar!
    Əminliklə söyləmək olar ki, Heydər Əliyev Fondu başladığı bütün layihələri və proqramları eyni əzmlə davam etdirəcək və bununla birlikdə, yeni təşəbbüslər irəli sürəcək, özünün böyük potensialından xalqın və dövlətin maraqları naminə səmərəli surətdə istifadə edəcəkdir.
    Hörmətli həmkarlar!
    Mən təklif edirəm, Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 illiyi münasibəti ilə Fondun prezidenti Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərək, şərəfli və nəcib missiyanın həyata keçirilməsində Mehriban xanım Əliyevaya və Fondun kollektivinə yeni böyük uğurlar arzulayırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR