Rusiya Müdafiə Nazirliyinə məxsus ən böyük quru yük gəmisi partlayış nəticəsində batıb.
Hadisə dekabrın 24-də İspaniya və Əlcəzair arasındakı beynəlxalq sularda baş verib.
Rusiya MN-in “Oboronlogistika” şirkətinin flaqmanı, uzunluğu 142 metr, eni 23 metr, hündürlüyü 13 metr olan “Ursa Major” adlı ro-ro gəmisi Sankt-Peterburqdan Vladivostoka gedirmiş. Sağ arxa hissəsində 3 partlayış baş verən və su almağa başlayaraq yan yatan gəmi batıb. Partlayışlar gəminin enerji sistemlərini tam sıradan çıxarıb, bu səbəbdən ekipaj ehtiyat enerji təchizatını işə sala və suyu boşalda bilməyib. 16 ekipaj üzvündən 14-ü ispanlar tərəfindən xilas edilsə də, gəminin daşıdığı qiymətli yükü xilas etmək mümkün olmayıb.
Belə ki, “Ursa Major” Almaniyada istehsal edilmiş, hər biri 380 ton olan 2 liman kranı və inşa edilməkdə olan “Rossiya” atom buzqıran gəmisinin nüvə reaktorları üçün nəzərdə tutulan 2 ədəd 45 tonluq lyuk qapağı daşıyırmış. Rusiyalı ekspertlər bu hadisənin buzqıran gəminin tikintisini azı 2 il ləngidəcəyini, kranlar olmadan Vladivostokda yeni liman terminalının istifadəyə verilməsinin mümkün olmayacağını bildirir. (Rusiya bu cür kran istehsal etmir, sanksiya səbəbi ilə Qərbdən almaq isə mümkün deyil).
"Ursa Major" Rusiya ordusu üçün hərbi yüklər daşıdığı üçün sanksiya altında idi.
Hadisənin arxasında kimin dayandığı məlum deyil. (Təxmin yürütmək olar). Görünən odur ki, Rusiyanın dəniz ticarəti də artıq təhlükəsiz deyil və onun gəmiləri beynəlxalq sularda və okeanlarda da hədəf alına bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.