Xəbər verildiyi kimi, Salyan rayonunun Seyidlər kəndində 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
“Mercedes” markalı avtomobilin sürücüsü Aqil Məmmədovla birgə 2 dayısı nəvəsi və uşaqların anası da həyatlarını itirib. Gecə saatlarında qardaşıgildə baş tutan qonaqlıqdan çıxan Elşən İsmayılov ailə üzvləri ilə birgə Aqil Məmmədovun maşınına əyləşərək Seyidlər kəndindən qonşuluqda yerləşən və yaşadığı Dayıkənd kəndinə yola düşüb. Lakin bir neçə dəqiqə sonra onların olduğu avtomobil kəndin içindəki su kollektoruna düşüb.
Nəticədə E.İsmayılovun 1990-cı il təvəllüdlü həyat yoldaşı Nərmin İsmayılova, onun 2010-cu il təvəllüdlü övladı Rza və 2012-ci ildə doğulmuş oğlu Hüseyn, eləcə də sürücü A.Məmmədov suda boğularaq ölüblər.
Elşən İsmayılov və 2021-ci il təvəllüdlü oğlu Ziya isə sudan sağ çıxarılıb. Onlar xəstəxanaya aparılıb.
Bildirilir ki, E.İsmayılov Salyanda avtobus sürücüsü işləyir. Azadmedia.az-a daxil olan məlumata görə Elşən ailəsi ilə Fransaya mühacirət etsə də, qala bilməyib vətənə qayıdıb.
Onun bibisi oğlu Aqil Məmmədov isə Salyan Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışırdı.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Ailə qonaqlıqdan çıxdığı üçün sürücünün qəzanı sərxoş vəziyyətdə idarəetmə ehtimalı var. Allah rəhmət eləsin!