Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Azərbaycanın tarixində ilk dəfə "Zəfər" məktəbli peyki orbitə çıxarılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov peykin buraxılmasına həsr edilmiş brifinqdə deyib ki, məktəblilərin hazırladıqları "Azərbaycanın Zəfəri" peykinin orbitə buraxılması ölkənin gələcəyinə edilən mühüm sərmayədir.
Onun sözlərinə görə, şagirdlərə real kosmik avadanlığı dizayn edib sınaqdan keçirmək və orbitə göndərmək imkanı yaratmaqla Agentlik gələcəyin kosmik mütəxəssislərini yetişdirir:
"Bu məktəbli layihəsi ölkəmizdə artıq 15 ildir ki, formalaşmış müasir kosmik ekosistemin bəhrəsidir. Bu gün bizim məktəblilər kosmosa yalnız peyk deyil, öz arzularını da göndərdilər. Bu uğur Azərbaycanın təhsil sahəsinə edilən investisiyanın real texnoloji nəticələrə çevrildiyini göstərir". Sədr əvəzi əlavə edib ki, "Zəfər" peykini 297 nömrəli məktəbin şagirdləri hazırlayıb: "Layihə gənc nəsildə vətənpərvərlik ruhunu, yaradıcı düşüncəni və texnoloji marağı birləşdirən hadisə kimi dəyərləndirilir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.