Bakıda baş verən dəhşətli qətl hadisəsinə görə məhkəmə iclası davam etdirilir.
Minval.İnfo xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsin həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq öldürməkdə təqsirləndirilən Ramiz Taxveli hakim önünə çıxarılıb. İşə hakim Rasim Sadıxovun sədrliyi ilə baxılır.
Əvvəlcə onu qeyd edək ki, təqsirləndirilən R.Taxveli Müalicə Müəssisəsində müalicə alır. O, məhkəməyə əlil arabasında gətirilir və deyilənə görə, özünü idarə edə bilmir, psixoloji problemləri var. Bu gün baş tutan prosesdə də Ramiz Taxvelinin davranışlarını idarə edə bilmədiyi müşahidə edilib.
Amma istintaq Taxvelinin səhhətində heç bir problem olmadığı qənaətinə gəlib.
Zərərçəkmiş tərəf də bununla razılaşmır, Ramiz Taxvelinin bilərəkdən bu cür davrandığını deyir. Mərhumun anası Samirə Süleymanova Ramiz Taxvelinin davranışlarını şou adlandırıb.
Sonuncu məhkəmə iclasında R.Taxvelinin vəkili Qanqa İbrahimov vəsatətlə çıxış edib. Müdafiəçi məhkəmə iclasının gedişinin audio və video görüntülərlə lentə alınmasını istəyib. Vəkil işin daha şəffaf araşdırmasının təmin edilməsi üçün vəsatətinin təmin edilməsini istəyib.
Məhkəmə vəsatəti təmin etməyib və bildirilib ki, hər prosesdə protokol tərtib edilir.
Vəkil daha sonra Ramiz Taxvelinin işçisi olmuş Rəna Məmmədovanın şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb.
Vəkil Rəna Məmmədovanın Ramiz Taxvelinin avtomobilinə baxışda iştirak etdiyini və avtomobildən narkotik maddə – marixuana tapıldığı iddia edib. Bu səbəbdən vəkil həmin qadının dindirilməsini istəyib.
Məhkəmə vəsatəti təmin edib.
İttihamda yazılır ki, Taxveli ilk qızının epilepsiya xəstəsi olaraq doğulmasında mərhum arvadı Adelyanı daim günahkar bilib. Bu səbəbdən də onların arasında mütəmadi olaraq mübahisə olub. Sonuncu dəfə ötən il dekabrın 9-da axşam saat 22 radələrində marixuana qəbul edib. Adelyanı yuxudan oyadaraq döyüb, saçından tutub sürüyərək otaqları gəzdirib və uşaqları ilə vidalaşmağa məcbur edib.
İttihamda göstərilir ki, həmin vaxt yataqda olan xəstə qızı Aliyanı götürərək yerə çırparaq yuxudan oyadıb.
Səsə digər övladları da oyanıb. Uşaqlar atalarına yalvararaq analarını döyməməsini istəyib.
Taxveli arvadını sürüyərək balkona çıxarıb və balkondan aşağı atıb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb.
Xatırladaq ki, hadisə Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də baş verib.
Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib.
Əvvəlcə mərhumun intihar etdiyi deyilirdi. Lakin araşdırmalardan sonra hadisənin intihar yox, qətl hadisəsi olduğu üzə çıxmışdı.
Araşdırmalar zamanı o da məlum olub ki, R.Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb.
Bildirək ki, Ramiz Taxveli “Buta Palace”nin art direktoru olub.