Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının son günlərdə keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində, oğurluq əməlləri törətməkdə və qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən ümumilikdə 30 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ceyhun Hüseynov saxlanılıb. Onun üzərinə və həyətində saxladığı avtomobilinə baxış keçirilən zaman 2 kiloqram 200 qrama yaxın güclü təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Şöbə əməkdaşlarının keçirdiyi digər tədbirlərlə oğurluq əməlləri törətməkdə şübhəli bilinən rayon sakinləri Rahim Cəfərov və Elçin Hüseynov saxlanılıblar. R.Cəfərovun rayon ərazisindəki aptekdən, E.Hüseynovun isə evlərin birindən oğurluq etdikləri müəyyən edilib. Onların zərərçəkmiş şəxslərə 5300 manat miqdarında ziyan vurduqları məlum olub. E.Hüseynovun üzərinə baxış keçirilən zaman isə narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
Bundan başqa Ağcabədi RPŞ-nin əməkdaşlarının son günlərdə keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 28 nəfər barəsində cinayət işi başlanılıb, onlardan 22 kiloqramdan artıq müxətlif adda narkotik vasitələr aşkarlanıb. Bir nəfərdən isə qanunsuz olaraq əldə edərək saxladığı avtomat silahı götürülüb.
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə qanunamüvafiq qaydada tədbirlər görülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.