“Baku Cinema Breeze 2025”in tender qalibi bəlli oldu
Azərbaycan Respublikasının Kino Agentliyi növbəti tenderinin nəticələrini açıqlayıb və hər dəfə olduğu kimi, “yaradıcılıq küləyinin” hansı istiqamətə əsdiyi də birdən-birə aydınlaşıb. Beləliklə, müsabiqənin qalibi “Mozg Media Group” MMC elan edilib.
Sözün əsl mənasında kinoya “külək” gətirəcək bu şirkət, cəmi 3 gün sonra Bakıda start götürəcək “Baku Cinema Breeze 2025” film festivalının bütün tədbirlərinin təşkilini öz üzərinə götürəcək.
Bunun müqabilində Kino Agentliyi şirkətə 517 min 902 manat ödəyəcək. Festivalın adı “Cinema Breeze” olsa da, görünür, əsən külək büdcədən yan keçməyib.
Şirkətin rəhbəri – 1983-cü il təvəllüdlü Zaur Mirzəzadə – prodüser, kino prodüseri, kinorejissor və ssenari müəllifi kimi tanınır. Bundan əlavə, o, 2018–2019-cu illərdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsində şöbə müdiri vəzifəsində çalışıb. Yəni kino sektorunun həm yaradıcı, həm də idarəçilik tərəflərindən xəbərdar olan bir simadır.
Maraqlıdır ki, film festivalı hələ başlamamış, təşkilati işlərin dəyəri artıq “kassanı doldurub”. İctimaiyyətin gözləntisi isə odur ki, festivalın özü də tenderin məbləği qədər təsirli olsun, sadə dillə desək, heç olmasa baş rollarda büdcə yox, kino sənəti olsun.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.