Gürcüstan yaxın vaxtlarda Orta Dəhlizin inkişafına yönəldiləcək iri həcmli maliyyə dəstəyi əldə edəcək. Dünya Bankı ölkəyə bu məqsədlə 372 milyon dollar kredit ayırmağa hazırdır.
Maliyyə vəsaitinin əsas hissəsi nəqliyyat infrastrukturunun modernləşdirilməsinə sərf olunacaq. Layihə çərçivəsində “Gürcüstan Dəmir Yolları” üçün yeni lokomotivlərin alınması nəzərdə tutulur. Köhnə elektrovozların yenilənməsi nəticəsində lokomotivlərin istifadəyə hazırlıq səviyyəsinin 95 faizə çatdırılması, şirkətin gəlirlərinin isə təxminən 20 faiz artması gözlənilir.
Kredit hesabına maliyyələşdiriləcək digər mühüm layihə Kaxeti bölgəsində yerləşən Badiauri–Bakurtsixe dördzolaqlı avtomobil magistralının tikintisidir. Yeni yolun istifadəyə verilməsi Telavi ilə Poti arasında səyahət müddətini təxminən 43 dəqiqə azaltmağa imkan verəcək.
Məlumata görə, Dünya Bankının ayıracağı 372 milyon dollar daha geniş – ümumilikdə 750 milyon dollarlıq maliyyə paketinin bir hissəsidir. Qalan vəsaitin isə Asiya İnfrastruktur İnvestisiya Bankı və Asiya İnkişaf Bankı tərəfindən təmin olunması nəzərdə tutulur. Lakin həmin kreditlər hələlik təsdiqlənməyib.
Ekspertlərin fikrincə, layihələrin reallaşdırılması Gürcüstanın Orta Dəhlizdə tranzit imkanlarını artıracaq, regionun logistika və nəqliyyat potensialının güclənməsinə töhfə verəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.