Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin elan etdiyi “Sərnişin motorlu nəqliyyat vasitələrinin (mikrovan və ya vanlar) satın alınması” üzrə müsabiqənin qalibi “AUTOUNİVERSAL” MMC olub.
Azadmedia.az xəbər verir ki, tender üzrə ehtimal olunan qiymət 1 milyon 234 min 870 manat təşkil edir. Müsabiqə 19 mart 2026-cı il tarixində elan olunub, təkliflərin qəbulu və zərflərin açılışı isə 27 aprel 2026-cı ildə həyata keçirilib.
Açıq məlumatlara əsasən, qalib şirkət “AUTOUNİVERSAL” MMC-dir. Şirkət 2013-cü ildə dövlət qeydiyyatına alınıb, hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 36E-də yerləşir. Müəssisənin nizamnamə kapitalı 715 min 349 manat 32 qəpik, qanuni təmsilçisi isə Sahib Yolçuyev Abbasəli oğludur.
Mətbuatda daha əvvəl şirkətin dövlət büdcəsinə vergi borcunun olması ilə bağlı məlumatlar yayılmışdı. Həmin məlumatlarda “AUTOUNİVERSAL” MMC-nin vergi borcunun 41 min 426 manat 72 qəpik olduğu iddia edilirdi.
Lakin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıq məlumat bazasında şirkətin vergi borcu görünmür. Rəsmi məlumatlarda “AUTOUNİVERSAL” MMC-nin borcunun 0 manat olduğu, riskli vergi ödəyicisi sayılmadığı, ƏDV qeydiyyatında olduğu və aktiv fəaliyyət göstərdiyi qeyd edilir.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” qanunvericiliyə əsasən, dövlət büdcəsinə vaxtı keçmiş vergi və digər icbari ödənişlər üzrə borcu olan hüquqi və fiziki şəxslərin satınalma prosedurlarında iştirakı məhdudlaşdırılır. Bu baxımdan tender iştirakçılarının maliyyə öhdəlikləri ilə bağlı məlumatlar ictimai maraq doğuran məsələlərdən hesab olunur.
Hazırda rəsmi reyestr məlumatlarında “AUTOUNİVERSAL” MMC-nin vergi borcunun olmadığı görünür. Bununla belə, daha əvvəl səsləndirilən iddiaların hansı dövrü əhatə etməsi və borcun sonradan ödənilib-ödənilməməsi barədə rəsmi açıqlama verilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.