Bu gün Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) istismara verilməsinin səkkiz ili tamam olur. Bu müddət ərzində kəmər vasitəsilə ümumilikdə 99 milyard kubmetrə yaxın təbii qaz nəql edilib.
Bu barədə Azərbaycanın Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, TANAP fəaliyyətə başladığı gündən bəri Türkiyəyə 39,3 milyard kubmetr Azərbaycan qazı çatdırılıb. Ümumi qaz nəqli isə artıq 99 milyard kubmetrə yaxınlaşıb.
TANAP-ın ilk mərhələsi 2018-ci il iyunun 12-də istismara verilib. Həmin vaxtdan etibarən Azərbaycan qazı bu marşrut vasitəsilə Türkiyəyə nəql olunmağa başlayıb.
Hazırda kəmərlə əsasən “Şahdəniz-2” yatağından, eləcə də Xəzər dənizinin Azərbaycan sektorundakı digər yataqlardan hasil olunan qaz Türkiyə və Avropa ölkələrinə çatdırılır.
Qeyd edək ki, TANAP Cənub Qaz Dəhlizinin əsas hissələrindən biridir. Layihəyə həmçinin Cənubi Qafqaz Boru Kəməri və Trans-Adriatik Boru Kəməri (TAP) daxildir. Bu enerji marşrutu Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi rolunu daha da gücləndirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.