Qazaxıstan və Özbəkistan arasında sərhəd keçidinin sürətləndirilməsi məqsədilə iki buraxılış məntəqəsinin iş rejimi dəyişdirilir. Bu barədə Qazaxıstan parlamentinin (Məclis) bugünkü iclasında məlumat verilib.
Deputatlar Qazaxıstan və Özbəkistan hökumətləri arasında dövlət sərhədindəki buraxılış məntəqələri ilə bağlı sazişə dəyişiklik və əlavələri nəzərdə tutan protokolu ratifikasiya ediblər.
Qəbul edilən dəyişikliklərə əsasən, "Sırdərya – Malik" və "Tselinnıy – Oq Oltin" buraxılış məntəqələrinin statusu "ikitərəfli"dən "beynəlxalq (çoxtərəfli)" statusuna yüksəldilir. Bununla yanaşı, həmin məntəqələr artıq yalnız gündüz saatlarında deyil, sutka ərzində 24 saat fəaliyyət göstərəcək.
Yeniliyin əsas məqsədi sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyətini artırmaq, yük və sərnişin daşımalarını sürətləndirmək, eləcə də Qazaxıstan və Özbəkistan arasında tranzit-nəqliyyat potensialını gücləndirməkdir.
Hazırda iki ölkə arasında yeddi əsas beynəlxalq buraxılış məntəqəsi fəaliyyət göstərir. Bunlardan beşi avtomobil, ikisi isə dəmir yolu keçididir. Bundan əlavə, Sarıağaş – Keles və Tajen – Qaraqalpaqıstan dəmir yolu sərhəd keçidləri də mövcuddur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.