Rusiyanın ən böyük bankı olan Sberbank-ın rəhbəri German Qref ölkənin iqtisadi vəziyyəti ilə bağlı diqqətçəkən açıqlama verib. O, Rusiya Mərkəzi Bankı-nı əsas faiz dərəcəsini azaltmağa çağıraraq bildirib ki, iqtisadiyyat artıq həddindən artıq "soyudulub".
German Qref bu fikirləri Sberbankın səhmdarlarının illik ümumi yığıncağında səsləndirib.
Onun sözlərinə görə, hazırda tətbiq olunan pul-kredit siyasəti iqtisadiyyata mənfi təsir göstərir:
"Artıq iqtisadiyyatı həddindən artıq soyutmuşuq. Əsas faiz dərəcəsini azaltmaq lazımdır."
Qref vurğulayıb ki, iqtisadiyyat uzun müddət ərzində bu qədər yüksək faiz dərəcələri şəraitində normal fəaliyyət göstərə bilməz.
O qeyd edib ki, hazırda Rusiyada real faiz dərəcəsi – yəni Mərkəzi Bankın əsas faiz dərəcəsi ilə cari inflyasiya arasındakı fərq – təxminən 10 faiz təşkil edir. Onun fikrincə, belə yüksək göstərici yalnız qısamüddətli dövrdə inflyasiyanı cilovlamaq və iqtisadiyyatı soyutmaq üçün istifadə oluna bilər.
Sberbank rəhbərinin sözlərinə görə, hazırkı mərhələdə yüksək faiz dərəcəsinin saxlanılmasına artıq ehtiyac yoxdur və bu siyasətin yumşaldılması iqtisadi fəallığın bərpası üçün vacibdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.