Azərbaycanda kimlər daha tez pensiyaya çıxa bilər? – Güzəşt hüququ olan şəxslərin siyahısı açıqlandı

İyul ayından etibarən Azərbaycanda qadın və kişilər üçün pensiya yaşı bərabərləşərək 65 yaş müəyyən edilib. Bununla belə, qanunvericilik bəzi kateqoriyalara aid vətəndaşların daha tez yaşa görə əmək pensiyasına çıxmasına imkan verir.
Milli Məclisin deputatı Vüqar Bayramov bununla bağlı paylaşım edərək bildirib ki, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yalnız çoxuşaqlı ailələrə deyil, digər kateqoriyadan olan vətəndaşlara da şamil edilir.
Deputat qeyd edib ki, "Əmək pensiyaları haqqında" Qanunun 8-ci maddəsində uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər, 9-cu maddəsində isə digər güzəştli kateqoriyalar müəyyənləşdirilib.
Qanuna əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan, eləcə də əlilliyi olan uşağı böyüdən qadın və kişilər uşaqların səkkiz yaşına qədər sağ olması şərti ilə pensiya yaşının 5 il azaldılması hüququna malikdirlər. Bu halda həmin şəxslər 60 yaşında yaşa görə əmək pensiyasına çıxa bilərlər.
Vüqar Bayramov bildirib ki, qanunvericilik əmək şəraiti ağır və zərərli olan sahələrdə çalışan şəxslər üçün də güzəştlər nəzərdə tutur. Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya daxil olan yeraltı və xüsusilə zərərli işlərdə çalışan kişilər azı 12 il 6 ay, qadınlar isə azı 10 il işlədikdə pensiya yaşı 5 il azaldılır.
Deputatın sözlərinə görə, hipofiz vəzinin inkişaf pozuntusu (hipovizqanizm) nəticəsində yaranan cırtdanboyluluqdan əziyyət çəkən şəxslər, o cümlədən liliputlar və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy insanlar isə azı 5 il sığorta stajına malik olduqları halda pensiyaya 20 il daha tez çıxmaq hüququ əldə edirlər.
Bundan başqa, mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində çalışan şəxslər də müəyyən edilmiş sığorta stajını topladıqları halda pensiyaya 15 il əvvəl çıxa bilirlər. Eyni zamanda, prokurorluq, hərbi xidmət, ədliyyə və digər xüsusi dövlət xidmətlərində çalışan şəxslər üçün də qulluq müddətindən asılı olaraq erkən pensiya hüququ mövcuddur.
Vüqar Bayramov hesab edir ki, gələcək pensiya islahatları çərçivəsində daha çox vətəndaşın erkən pensiya hüququ əldə etməsi mümkün ola bilər. Onun fikrincə, pensiya yaşının müəyyənləşdirilməsi zamanı yalnız yaş və sığorta stajı kimi kəmiyyət göstəriciləri deyil, peşənin ağırlığı və əmək şəraiti kimi keyfiyyət göstəriciləri də nəzərə alınmalıdır.
Deputat bildirib ki, bu yanaşma xüsusilə ağır və riskli peşələrdə çalışan vətəndaşların sosial təminatının gücləndirilməsinə xidmət edə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.