2025-ci il ərzində Azərbaycan aviaşirkətləri Ermənistanın hava məkanından istifadə etdiklərinə görə bu ölkənin aeronaviqasiya xidmətlərini təmin edən "Armaeronaviqasiya" şirkətinə ümumilikdə 434 min 316 avro vəsait ödəyiblər.
Bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb. Qurumun açıqlamasına görə, sözügedən ödənişlər beynəlxalq mülki aviasiyada tətbiq olunan qaydalara uyğun şəkildə həyata keçirilib. Vəsait birbaşa deyil, Avropada aeronaviqasiya marşrut ödənişlərini mərkəzləşdirilmiş qaydada toplayan "Avrokontrol" (EUROCONTROL) vasitəsilə "Armaeronaviqasiya"ya köçürülüb.
Məlumatda qeyd olunub ki, marşrut üzrə aeronaviqasiya haqları bütün aviaşirkətlər üçün vahid beynəlxalq mexanizm əsasında hesablanır. Ödənişin məbləği uçuşun məsafəsi, istifadə olunan təyyarənin çəkisi və digər texniki göstəricilər nəzərə alınmaqla müəyyən edilir.
Qeyd edək ki, son illərdə regionda hava əlaqələrinin mərhələli şəkildə bərpası fonunda Azərbaycan aviaşirkətləri bəzi beynəlxalq reyslər zamanı Ermənistanın hava məkanından da istifadə etməyə başlayıblar. Bu isə uçuş marşrutlarının qısalmasına, yanacaq sərfiyyatının və uçuş vaxtının azalmasına imkan yaradır. Ermənistan hava məkanından istifadə edən bütün xarici aviaşirkətlər kimi, Azərbaycan da beynəlxalq aviasiya qaydalarına uyğun olaraq müvafiq aeronaviqasiya rüsumlarını ödəyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.