Xaçmaz rayonunda yerləşən heyvan satışı bazarı yalnız yenidən qurulduqdan və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qiymətləndirməsindən keçdikdən sonra fəaliyyətə başlayıb.
Agentliyin yaydığı məlumata görə, bazarda biotəhlükəsizlik və baytarlıq-sanitariya tələblərinə uyğun infrastruktur yaradılıb, baytarlıq nəzarəti, dezbaryerlər, izolyatorlar və digər zəruri avadanlıqlar quraşdırılıb.
Lakin açıqlama bir sıra suallar da doğurur. Əgər bazarın bu qədər ciddi çatışmazlıqları var idisə, AQTA həmin obyektə əvvəllər necə nəzarət edib? Standartlara cavab verməyən bazarın fəaliyyət göstərməsinə niyə uzun müddət imkan verilib və bu müddətdə ictimai sağlamlıq üçün yarana biləcək risklər necə qiymətləndirilib?
Qeyd edək ki, AQTA bildirir ki, heyvan bazarları yalnız Agentliyin təsdiq etdiyi norma və qaydalara uyğun yenidən qurulduqdan və xüsusi komissiyanın müsbət rəyindən sonra fəaliyyət göstərə bilər. Xaçmaz bazarının açılması ilə ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 15-ə çatıb.
Bu isə AQTA-nın əvvəlki illərdə heyvan bazarlarında nəzarətin effektivliyi ilə bağlı sualları yenidən gündəmə gətirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.