Dünya bazarlarında Azərbaycanın Azeri Light markalı neftinin bir barelinin qiyməti 7%-dən çox artaraq psixoloji 100 dollar həddinə yaxınlaşıb.
Son ticarət sessiyasının nəticələrinə görə, Azeri Light neftinin qiyməti 6,97 dollar və ya 7,64% bahalaşaraq 98,19 dollara yüksəlib.
Türkiyənin Ceyhan limanında Azərbaycanın neftinin FOB şərtləri ilə qiyməti isə 7,23 dollar və ya 8,32% artaraq bir barel üçün 94,12 dollar təşkil edib.
Qeyd edək ki, son hərracların yekunlarına əsasən, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 91,2 dollar, ABŞ-ın WTI markalı nefti isə 84,48 dollar olub.
Azərbaycanın builki dövlət büdcəsində neftin qiyməti bir barel üçün 65 dollar səviyyəsində nəzərdə tutulub.
Azeri Light neftinin tarixdə ən aşağı qiyməti 21 aprel 2020-ci ildə qeydə alınıb və həmin vaxt bir barel 15,81 dollara satılıb. Ən yüksək qiymət isə 2008-ci ilin iyulunda – 149,66 dollar olub.
Neftin bahalaşması ABŞ prezidenti Donald Trampın İran və Yəməndəki husilərə qarşı mümkün hərbi əməliyyatlarla bağlı açıqlamaları fonunda baş verib. Bununla yanaşı, Qırmızı dənizdə vəziyyətin gərginləşməsi, Babül-Məndəb və Hörmüz boğazları ətrafında artan gərginlik qlobal neft tədarükündə çatışmazlıq risklərini gücləndirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.