Azərbaycan-Gürcüstan sərhədində son günlər müşahidə olunan nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində Dövlət Gömrük Komitəsindən bildirilib ki, iki ölkənin sərhəd-keçid məntəqələrində həyata keçirilən qarşılıqlı tədbirlər nəticəsində hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti normallaşıb və yaranmış növbələr minimuma endirilib.
Qeyd edək ki, son günlər Azərbaycan-Gürcüstan sərhədində, xüsusilə “Qırmızı Körpü” keçid məntəqəsində yük avtomobillərinin hərəkətində ciddi sıxlıq yaranmışdı. Avqustun 18-də həmin məntəqədə 1 030 avtomobilin növbə gözlədiyi barədə məlumat yayılmışdı.
Hazırda isə vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşdığı bildirilir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycandan Gürcüstana çıxış istiqamətində “Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqəsində 330, “Mazımqara” dövlət sərhədindən buraxılış məntəqəsində isə 56 nəqliyyat vasitəsi növbə gözləyir.
Beləliklə, əvvəlki günlərdə müşahidə olunan uzunmüddətli sıxlıq fonunda sərhəd-keçid məntəqələrində vəziyyətin normallaşdırılması təmin edilib. Rəsmi məlumata əsasən, hazırda hər iki istiqamətdə nəqliyyat vasitələrinin keçidi davam edir və növbələrin əvvəlki səviyyədən əhəmiyyətli dərəcədə azaldığı bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.