AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşa Talıblı -"Bir uzun şerə qoşulub getdim..."

  • + A
  • - A
  • 15-04-2022, 16:00

    Paşa Talıblı -"Bir uzun şerə qoşulub getdim..."


    Yenə Tanrı bilir...

    Baxmayın, bu qədər gecə sevənəm...
    Bəy atlı gecələr bəy etməz məni!
    ...budu, ürəyim də dərd böyüdəndi,
    yazdığım bir misra böyütməz məni!

    Gərdişsayağıdı şerin işi də...
    ...hilalı görünən kümbəz kimi, bax!
    ...yazdığım hər misra iç-çöl arası
    aldığım sonuncu nəfəs kimi, bax!

    ...bir uzun şerə qoşulub getdim,
    ilhamın münəvvər atınnan keçdim!
    Yenə Tanrı bilir söz nə deməkdi...
    Mən eləcə sözün odundan keçdim!


    Su yığını tək...

    ...daş tək adamlar yoxuydu,
    daşlar qanadlı quşuydu.
    ...mən də hələ ölməmişdim,
    yerin altı da boşuydu.

    Hardan əmələ gəldilər,
    bu qədər hardan çıxdılar?
    ...tanrılardan soruşuram:
    adamlar niyə çoxdular?

    ...ağac da yoğun yerindən
    kim qırar bu yoğunu tək?
    ...adamlar niyə çoxdular
    çökəkdə su yığını tək?

    Çökəkdə su yığını tək...
    Su yığını axıb getmir.
    ...dünya bir pəncərədirsə,
    niyə hamı baxıb getmir?

    Niyə hamı baxıb getmir
    sürü-sürü ya lap tək-tək?!
    ...yığılıb çoxalır elə
    çökəkdə su yığını tək!


    *
    ...qarlı dağların ardından
    gəldim, yol səni, yol səni!
    ...ötdüm quşundan-qurdundan,
    gəldim yol səni, yol səni!

    ...muraddı ovun qanlısı,
    ağ atın qulun yanlısı.
    ...çıxdı yolun da yönlüsü,
    gəldim yol səni, yol səni!

    Paşam der, çıxdım qaradan,
    çox müddət keçdi aradan.
    Yenə yar oldu Yaradan,
    gəldim yol səni, yol səni!


    Götür telli sazı...

    ...sazın tellərində çiçəkli gündü,
    hələ yaxşı keçir yaz havaları.
    ...düymələr açılmır səhərə qədər!
    Kərəmin külüdü saz havaları...

    Aşıq gördüyünü çağırar, qardaş!
    İndi aşıqların dediyi gəlir...
    ...sazı yandırırsan- hava yanıqdı!
    Yanıqlı havadan od iyi gəlir...

    Dünənin işidi Dilqəm dastanı,
    Kərəm havası da köhnə havadı...
    ...götür telli sazı, gecə uzundu;
    bir qədim söhbətə köklə havanı!


    Güllərin dili...

    Şər dilli deyiləm Şərq dilliyəm, xan!
    Bilən bir də bilsin, tanısın məni.
    ...dünəni xəncərli, ötəsi güllü
    küllü-Şərqin özü...hamısı mənim!

    Məşriqdən məğribə baxırdım o gün...
    Şərq üslubundadı məğrib qalası.
    Şərqin bir dili də mənim dilimdi...
    Mənim dilim yoxdu məğlub olası!

    ...fransız Bodlerin "şər gülləri"di-
    savaşdığım güldü barışdığım gül!
    ...şər dilli deyiləm, Şərq dilliyəm, xan!
    Güllərin dilidi danışdığım dil...

    Güllərin dilidi danışdığım dil...
    ...gül gəzən çöllükdə izinə qıysın!
    ...yazdım ki, dilini bilmədiklərim
    dilbilməz dilini özünə qoysun.


    Qapı...

    ...əlim ətəyimdən uzun gələndə,
    harda gecələmək lazım gələndə,
    bir qapı döyməyə üzüm gələndə
    sözün qapısını döydüm həmişə.

    ...doğma addımımı qərib atmadım,
    yad qapı dalında girib yatmadım.
    ...ağlıma bir özgə qapı batmadı,
    sözün qapısını döydüm həmişə!

    ...gözümnən, gözümün yaşınnan döydüm,
    əlim çatmayanda başımnan döydüm,
    başımın mən boyda daşınnan döydüm;
    sözün qapısını döydüm həmişə!


    *
    Yahu, rəng-rəng doğulmuşam-
    orda yaşıl, burda sarı.
    ...ağzı atəş, gözü mavi,
    səsi ötkəm qurda sarı.

    ...öz canımnan öc elədim,
    bir dərdimi üç elədim!
    ...Tanrı dağdan köç elədim
    Tanrı verən dərdə sarı!

    Eh...çəmənlər, otlar keçər,
    keçər məndən adlar, keçır!
    ...qara qazlıq atlar keçər,
    keçib gedər yurda sarı.

    Paşa Talıblı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR