Bir bax yuxarıdan, Tanrı,
gözünə dəyirəmmi, gör!
...gör, sənə hardan baxıram,
gözümü döyürəmmi, gör!
...biriydin, yenə birsənmi?
Yenə o köhnə sirsənmi?
...bax, gör məni görürsənmi,
görməyə dəyirəmmi, gör!
...əyilməz qaşım...istəsən!
...qan olmaz yaşım...istəsən!
Sən yenə başım üstəsən...
Nəsə heç deyirəmmi, gör!
*
...torpağın özü yaddısa,
onun havası da yaddı.
...yaddı burda yazdığım şer,
şair həvəsim də yaddı.
...yad kimi keçir yanımdan
vaxt elə keçir...bilmirəm!
Kimlər vaxtında doğulur,
kim vaxtsız köçür...bilmirəm!
...doğmalıq yoxdu heç nədə,
doğma heç nə yoxdu nəsə.
...burda hamı yad doğulur,
doğma doğulmur, deyəsən!
...mən burda yadam torpağa,
mən burda yadam hamıya!
...dünyada yeri yoxdusa
yad olur adam hamıya!
*
Nəyinə vurulub qaldım...
Gedəmmirəm,dünya, səndən.
...haqq aşığı nahaqq deməz!
Gedəmmirəm, dünya, səndən.
...çiçəyi, arısı getdi!
...yaşlı, sarısı getdi!
...günümün yarısı getdi,
gedəmmirəm dünya səndən.
...mən də təkəm, sən də birsən;
bu tənhalığa nə dersən?
Qala bilmədiyim yersən...
Gedəmmirəm dünya səndən.
*
Mənim taleyimin bir yönü yoxdu...
Yönsüz taleyimnən çox kürəm indi.
...söz mənim ölkəmdə şahlıq eləyir!
Sözün qulluğunda nökərəm indi.
İşim bir sözəcə nökərçilikdi...
Söz məni buyurur - çağırır yaman.
...sözün qulluğunda nökərəm, neylim,
torbam sökük - sökük çarığım yamaq.
Neylim, zaval yoxdu olmayan qula...
Mən ki köhnə sözə təzə nökərəm!
...mənim bu dünyada sözdü taleyim,
söz məndə şah olub, sözə nökərəm!
İşim-gücüm sözə nökərçilikdi...
Lütf ilə dözürəm oyununa, neylim!
...Tanrı buta verib almışam sözü,
almışam mən sözü boynuma, neylim!
Paşa Talıblı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.