Tarix...
...düzülüb tarixə şah sarayları,
saraylar həmişə şahların olub.
...şahların oğulu olub həmişə,
şah olub həmişə şahların oğlu!
...nə qədər çox olub saray yolları
o qədər böyüyüb müəmmalar da.
...öpüb saraylarda şahın əlini
ən böyük şairlər, üləmalar da!
...kasıbın onda da DAŞıydı dövrü,
tarix dəmir üstdə döyülməmişdi.
...üzü saraylara durmuşdu hamı,
eh , kimlər saraya əyilməmişdi?!
...dövrün də şeşələ qulaqları var,
eşidir ən dilsiz haraylaracan.
...bu torpaq ən uzun tarix yaşayıb
kasıb komasından saraylaracan!
Gəlhagəl..
Yanğı söndürənmi yanğınsöndürən?
Elə bil içirəm mən suyu qəsdən.
...qasid bilir necə öldüyümüzü-
Allah əcəlinnən, mən sui-qəsdnən.
...əlimdən gəlmədi üzdən eləmək,
üzdən eləyirəm elə bildilər.
...gecələr özümə qəsd eləyirəm,
qəsdən eləyirəm elə bildilər.
Vallah, xeyir gəlmir şəri deməsən...
...xeyrini bilməyən şərə bənd olar.
...bir gecə Ay çəkə, çıxıb gedəsən!
Eh, adam nə qədər şerə bənd olar ?!
Hələ gəlhagəldi, Allahım verir...
...ilhamdı, cəlladdı, uzun gecədi!
...kefimi soruşan çox olur tezdən,
soruşan olmadı: şerin necədi?
Bağışlanmış...
...təkəm , hamıyam,
sözün tamıyam.
...söz adamıyam,
şair deyiləm!
...özümə, vaxt yox,
cəllad özüməm.
...zatdan gəlirəm,
bir zat özüməm,
zatam, kiməmsə,
şair deyiləm!
...Tanrı yanında
yahu, çəkilər.
...ölçülər suçum,
ahım çəkilər,
çəkilər, çünki
şair deyiləm!
..qannan keçənlər
yuyulmaz suyla,
yağışla, Tanrım!
...BAĞIŞLANMIŞAM!
...bağışla, Tanrım,
şair deyiləm!
Paşa Talıblı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.