Arşın...
Hamının ağzında "...əyri oturaq"!
Eh, əyri oturub düz danışırlar...
...oturub ölçürlər-biçirlər sözü,
ölçülü-biçili söz danışırlar.
Yenə sözlərində ölçü-biçidi,
yenə işlərində mizan-tərəzi.
...ölçən-ölçənindi, biçən-biçənin!
Əlində bir ölçü tutub hərəsi...
...acından ölənin öz arşını var!
Arşını ayrıdı yeyib-içənin...
...ölçməknən, biçməknən məşğuldu hamı;
ölçən-ölçənindi biçən-biçənin.
...ölçürlər, biçirlər elə boş yerə!
Nəsə gözləyirlər elə bil heçdən...
...hərə öz arşınını götürüb ölçür,
ölçür bu dünyanı hərə bir ucdan!
Mərhəmət...
Kim deyir ki duza, dənizə qoydum,
özümə qoymadım yosun dilimi.
...kəsin-belə uzun sizə saxladım,
gödək eləmədim uzun dilimi.
Boş sözdü, şairlər vergili olur!
...vadidə sozalmaq vədəsizindi.
...əlinizə keçdim vurun öldürün,
qorxmayın Allahdan, O da sizindi.
...halı olun : yoxdu şair ovqatı!
...serroza yoluxma, vərəm tutması.
...əlinizə keçdim -kəsin əlimi!
Elə kəsin bir də qələm tutmasın...
...çox baxıb gözümü çox öldürmüşəm!
...gözümün dibində yaşı öldürün.
...ən böyük mərhəmət bağışlamaqdı!
...öldürürsünüzsə yaxşı öldürün.
(Emil Rasimoğluna)
Yaşasın qələmin, şair!
...yükü söz olan qələmin.
...şəhdi-şəkər mürəkkəbi
haqdan süzülən qələmin.
...şair, dünya çəmənlikdi
hər söz bir şeh örtüyündə.
..sən də yaşa qələminnən,
yaşa cəllad kötüyündə!
...qabaqda illərin durur-
hələ yüz,hələ min, şair!
...yaşa cəllad kötüyündə,
yaşasın qələmin, şair!
Paşa Talıblı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.