20-ci əsrin qara səhifəsi - Xocalı
Xocalı Dağlıq Qarabağın ərazisində yerləşən Azərbaycanın tarixi və mədəni şəhəridir. Yerli və xarici alimlər, etnoqraflar tədqiqatlarında bildirmişlər ki, Azərbaycan tarixinin öyrənilməsində Xocalı mədəniyyətinin tədqiqi mühüm əhəmiyyətə malikdir. Xocalı başdan-başa tarixi-memarlıq abidələri diyarıdır. Buna misal olaraq miladdan əvvəl XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyət abidələrini, son Tunc və ilk Dəmir dövrlərinə aid Nekropolu, Kurqan çölünü, eramızın IV-VII əsrlərinə aid kilsələri, XIV əsrə aid Xocalıda Hacı Əli günbəzini, 1356-cı ildə inşa olunmuş dairəvi türbəni, XVIII əsrdə tikilmiş Əsgəran qalasını və onlarca başqalarını göstərmək olar. Xocalı rayonu ərazisindəki Əsgəran qalası XVIII əsrdə Qarqar çayının sağ və sol sahillərində Qarabağ xanı Pənahəli xan tərəfindən tikilib. Yeri gəlmişkən, 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları Əsgəran qalasında aparılmışdır. Əsgəran sözünün mənası "Qədim Aran" deməkdir. Tarixi faktlar sübut edir ki, Xocalı rayonu ərazisi Azərbaycanın ən qədim, qocaman diyarlarından biridir. Aparılan araşdırmalar göstərir ki, xalqımızın uzaq keçmişindən tutmuş bu gününədək olan məşğuliyyəti, sənətkarlığı, dini baxışları, mədəniyyəti Xocalı toponomiyasında öz əksini tapmışdır. Bu ərazinin qədim tarixini özündə yaşadan çoxlu sayda tarixi abidələr, maddi-mədəniyyət nümunələri, çox təəssüf ki, vəhşicəsinə məhv edilib.
Ermənilər, əvvəl sovet, sonra isə Rusiya hərbi qüvvələrinin köməyindən istifadə edərək Dağlıq Qarabağda fitnəkar əməllərini törədirdilər. 1991-ci ilin sentyabrında ermənilər qeyri-qanuni qurumun, yəni Dağlıq Qarabağ Respublikasının yaradıldığını elan etdi. Bu qanunsuz əmələ cavab olaraq Azərbaycan Respublikası həmin ilin noybarın 26-da DQMV-nin statusunu ləğv etdi.
Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsini ATƏM-də müzakirəyə çıxardı. Münaqişənin həlli üçün yaradılan Minsk qrupu fəaliyyət göstərsə də, Dağlıq qarabağdakı ərazilərimiz ardıcıl olaraq ermənilər tərəfindən işğal edilirdi...
Ermənistandan qovulan 1500 Azərbaycanlı və Fərqanədən (Özbəkistandan) gələn 495 Axıska türkü Xocalıda məskunlaşmışdır. Ermənistan tərəfindən işğal olunmamışdan əvvəl əhalinin sayı 7000-ə yaxın idi. Ermənilər Xocalını əsas hədəf olaraq seçmişdilər. Onlar Xocalını işğal etməklə bir çox məqsədlər güdürdülər. Bunlardan birincisi, Dağlıq Qarabağın digər şəhərlərini ələ keçirmək üçün strateji üstünlüyü qazanmaq idi. İkincisi, düşmən regionda yeganə mülki hava limanını ələ keçirmək istəyirdi. Üçüncüsü, düşmən soyqırım törətmək istəyirdi. Beləcə azərbaycanlıların iradəsini sındıracağını və psixoloji üstünlüyü əldə edəcəyini düşünürdü. Həmçinin, qeyd etdiyim kimi Xocalıda yerləşən bir çox tarixi izlər onların ərazi iddiaları üçün ən böyük təhlükə idi.
1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayın köməyi ilə ermənilər şəhəri ələ keçirmək üçün hərəkətə keçdilər. Hücum başlayan kimi sakinlər təşviş içində şəhəri tərk etməyə çalışırdılar. Əhali ən vacib əşyalarını belə götürməyə imkan tapa bilmədilər — əksəriyyət yüngül geyimdə qaçdılar və nəticədə onlar müxtəlif dərəcəli donvurmanın qurbanına çevrildilər. Dörd gün ərzində Ağdama təxminən 200 cəsəd gətirildi. Onlarla cəsədin üzərində dəyişiklik əlamətləri var idi. Qaçqınların öldürüldüyü yer, həmçinin öldürülənlərin meyitləri Azərbaycan bölmələri cəsədləri helikopterlə Ağdama aparmaq üçün əməliyyat keçirərkən video çəkilişə alınmışdır. Ağdamda tibbi qatarda işləyən həkimlər azı dörd baş dərisi soyulmuş və bir başı kəsilmiş cəsəd qeydə almışdır.
Meyitlərinin götürülməsi Ağdam batalyonunun komandirlərindən biri Allahverdi Bağırov və Əsgəran batalyonunun komandiri Vitali Balasanyanın danışıqları nəticəsində baş tutub. Faciədən iki gün sonra Allahverdi Bağırov düşmən tərəflə aparılan danışıqlardan sonra ermənilərin Əsgərandakı batalyonunun komandiri Vitali Balasanyanla görüşdü və ona bildirdi ki, Azərbaycan tərəfi həm meyitləri götürməli, həm də çəkiliş aparmalıdır. Vitali əvvəlcə çəkilişin aparılmasına narazı idi, ancaq Allahverdinin təkidindən sonra razılaşdı. Bir şərtlə ki, iki erməni silahlıları azərbaycanlıları axıra qədər izləyəcək və onların icazəsi olmadan heç bir çəkiliş aparılmayacaq. Razılaşandan sonra ermənilərin maşınlarına minib Xocalıya doğru irəlilədilər. Onlar meyitləri yığacaqdılar. Əsgəran qalasının yaxınlığında olan Əsgəran körpüsünə çatanda, məlum oldu ki, körpünün altı və ətrafı insan cəsədləri ilə doludu. Əksəriyyətinin başı kəsilmiş, gözləri çıxarılmış, sifətlərinin dərisi soyulmuşdu. İnsanlar çox qəddarlıqla qətlə yetirilmişdilər. Nə qədər cəhd göstərilsə də burada çəkiliş aparmağa imkan vermədilər. Azərbaycan döyüşçüləri meyitləri yığmağa başladılar. Öldürülənlər arasında körpə uşaqlar, qızlar, qocalar çoxluq təşkil edirdi. Bəzi meyitlərin ayaqlarına kəndir, məftil bağlayıb maşının arxasınca sürümüşdülər.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Tayms qəzeti (London): 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.
İzvestiya (Moskva): 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir.
Bütün bunlar azərbaycanlıların təbliğatı deyildir, bütün bunların hamısı reallıq idi...
Həmin gün onlarla uşaq öz valideynlərinin ölümünün şahidi oldu. Bəs bütün bunlara səbəb nə idi? Azərbaycanlı olmaq? Bütün bunlar insanların Azərbaycanlı olduğuna görə məhv edilməsinə yönəldilmiş, əvvəlcədən düşünülmüş zorakılıq idi. Məgər bütün dünya dini, irqi ayrı seçkiliyə qarşı deyildimi? Haqsızlığa göz yummaq özü də bir haqsızlıq deyilmi?
Məhz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtmasından sonra Xocalı soyqırımına ciddi siyasi və hüquqi qiymət verilmişdir. Milli Məclis onun təşəbbüsü ilə 1994-cü ildə “Xocalı soyqırımı günü” haqqında qərar qəbul etmişdir.
2008-ci ildə Heydər Əliyev fondunun vitse—prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kompaniyasına start verilmişdir.
2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan xalqı öz ərazi bütövlüyü uğrunda mübarizədə əzmkarlıq, birlik və şücaət göstərərək 44 günlük müharibənin qalibi oldu. Qarabağ hadisələri Azərbaycan xalqının, Azərbaycan gəncliyinin və Azərbaycan əsgərinin əzmini qıra bilmədi. Hər bir Azərbaycanlının həsrətində olduğu Qarabağ igid oğullar, əyilməz ordu, Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan – İlham Əliyev və mərd Azərbaycan xalqının birliyi sayəsində qürur yerimizə çevrildi. Mən əminəm ki, artıq şəhidlərimizin ruhu şaddır. Çünki onların uğrunda canlarını fəda etdikləri AZƏRBAYCAN tarixə ədalətli imzasını atdı.
Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin könüllüsü
Fidan Hümbətli