"İstəyirlər lap bellərini qırxsınlar!" - Qalmaqallı illahiyyatçı tənqidlərə cavab verdi
"İndi bəzi "kişi"lər də qaşlarını aldırır, üzlərini dartdırırlar. Qaş qırxmaqla iffət, ağıl, inkişaf olmur"
"Allahın buyurduqlarını bəndələrlə paylaşıram və bunu Allah rizası üçün edirəm. Sözlərimə görə kimsədən təqdir və ya səna gözləmirəm, nə də kimlərinsə tənqidləri, təhqirləri məni narahat etmir. Mən ancaq Allahdan savab umuram"
Bu sözləri sələfi illahiyyatçı Veysəl Orucov söyləyib. O, qadınların qaşlarını almalarının "caiz olub-olmaması" və "ər-arvad bir-birinə "Canım, ürəyim, aşkım" deyə bilərmi?" təki açıqlamalarından sonra sosial şəbəkələrdə sərt tənqid olunmuşdu.
Veysəl Orucov "Tovhidə dəvət" bloqunda bu tənqidlərə yenə də özünəməxsus şəkildə cavab verib.
"Əsas məqsədim Allahın hökmlərini, hədisləri insanlarla paylaşmaqdır. İnanan inanar, inanmayan da inanmayar. Kimlər inanmaq istəməsə, inanmasın. Özü bilər. Bir neçə ay əvvəl Gürcüstanda olanda sual-cavaba qatılmışdım. Orada bir məsələni gündəmə gətirdim. Adi məsələ idi. Qurani-Kərimdə, hədislərdə keçən minlərlə məsələlərdən biri. Halbuki qalmaqallı məsələ deyildi. Şəriətdə sabit məqamlardan biri idi. Lakin əlhəmdüllah, o məsələnin yayılmasına ehtiyac olduğu üçün Allah o məsələni gündəmə gətirdi və o da yayıldı. Qadınların qaş almaq məsələsidi dediyim. Bir çox insanlar etiraz edirlər ki, Veysəl qardaş qalmaqallı bir məsələyə toxunub. Gərək bunu etməyəydi. Xeyr, elə deyil, qardaşlar!" - V.Orucov deyib.
V.Orucovun sözlərinə görə, əsas məqam bu "məsələ"yə kimlərin etiraz etməsidi. O, etiraz edənləri üstüörtülü şəkildə Allaha şirk qoşanlar, "müşrik"lər, yəni dinsiz-imansız insanlar hesab edib: "Sünnədən danışanda bidətçilərin, haqqdan danışanda batil əhlinin tənqidlərinə məruz qalırıq. Tövhiddən bəhs edəndə özlərini dindar, mömin adlandıran zəlalət firqələri bizi tənqid edir. İmandan danışanda murcilər, təkfirçilər, xəvariclər üstümüzə gəlir. Fasiqlikdən, haram olan şeylərdən danışanda fisk əhli ayağa qalxdığını görürük. Belədir və belə olacaq. Haqqla batilin savaşıdır bu".
V.Orucov daha sonra deyib ki, iffətsiz və namussuz qadından bəhs edəndə bütün namussuz və iffətsiz qadınlar narahat olacaqlar: "Və ya qeyrətsiz, dəyyus kişilərdən danışsam, bütün qeyrətsizlər narahat olacaqlar. Şəri məsələni gündəmə gətirəndə ona əməl etməyənlər təlaşa düşürlər".
"Danışdıqlarımın kimləri narahat etməsi mənimçün əhəmiyyətli, önəmli deyil. Önəmli məsələ danışdıqlarımın həqiqət olmasıdır. Qadınların qaş alması yeni məsələ deyil. Dindən xəbəri olanların hamısı bunu bilirlər, dinin mərifətindən xəbərdardılar. Qurandan sonra müsəlmanların ən önəmli qaynağı olan Buxarinin hədislərində, Müslimin hədislərində bu var. Abdullah ibn Məsuddan hədis var ki, qaşını alan və qaş alan qadınları Allahın rəsulu lənətləyib. Rəsulillah lənətləyibsə, mən niyə lənətləməyim? Əgər müsəlmansınızsa, qayıdın, qaynağa baxın.
Qadınların qaş alması məsələsi ilə bağlı dediklərimə görə məni təhqir edirsiniz. Əslində, məni yox, Allahın Rəsulunu təhqir edirsiniz, çünki mən onun dediyi kəlməni, bu barədə səhih hədisi sizlərə nəql edirəm. Məni tənqid edəndə, artıq-əksik deyəndə mənə demirsiniz. Mən heç nə itirmirəm. Amma siz peyğəmbərə, dinə qarşı tərbiyəsizlik kedirsiniz.
Qaşını almaq istəyən alsın. İstəyirlər lap kirpiklərini alsınlar, qarınlarını, bellərini qırxsınlar. Bunun mənə heç dəxli yoxdu. İndi bəzi "kişi"lər də qaşlarını aldırır, üzlərini dartdırırlar. Kişinin sərtliyi, mənliyi, ləyaqəti olmalıdır"./// Milli.Az