AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Leş Tofiq, Beluqa Tahir və Akula Akifin statistikası

  • + A
  • - A
  • 16-10-2019, 10:47

    Leş Tofiq, Beluqa Tahir və Akula Akifin statistikası

    Zamin HACI“Sən saydığını say, gör fələk nə sayır”

    (Azərbaycan ata sözü)

    Leş Tofiqin ardıyca Beluqa Tahirin hüquq-mühafizə orqanlarımızın əlinə keçməsi, Akula Akifin isə hələ də axtarışda olması haradasa bizim iqtisadi mənzərəmizi sulu boyalarla təsvir edən, Siciliya rəsm salonlarına layiq tablodur. Adlarından anladığınız kimi, Tofiq müəllim murdar ətləri toplayıb uca xalqımıza yedizdirirmiş, bununla savab iş görürmüş – nə də olmasa ət, ətdir. Atalarımız demişkən, ət yeməklə ağız murdar olmaz. Bəlkə də o məsəl bir az ayrı cür idi, ancaq biz dövlətçiliyə sədaqət ruhu ilə məqaləyə davam edək. Başqa ətli ata sözlərimiz də var: “Ət yeyən quş dimdiyindən bəllidir”, “Verərsən ətdən-mətdən, işlərəm bərkdən-bərkdən, Verərsən şordan-mordan, işlərəm ordan burdan”, “Ətini yedi, sümüyündən xaş bişirdi” və sairə.

    Beluqa müəllim spirtli içkilərin saxtasını qayırıb satırmış, bu şərəfli ləqəbini də ehtimal edirəm ki, məşhur rus araqlarından “Beluqa”nın adından götürübdür.

    Qaldı Akula müəllim, onu keçmiş nazir Eldar Mahmudov pulyığan vəzifəsində saxlayırmış. Deyəsən, belə yığıcı kadrlardan çox olubdur – nazir işdən çıxarılandan bəri orqanlar bu yığıcıları yığmaqla məşğuldur.

    Başqa bir köşədə isə pəhləvanlarımızın məhkəməsi gedir, bunlar “Pəhləvan” adlı kafe açıb orada müştərilərə fahişə qadınlar təklif edirmişlər ki, otaqlarda güləşsinlər.

    Hara baxırsan iş gedir. Adamın ürəyi açılır, Dövlət Statistika Komitəsindən xahiş edirik, ürəyimizin açılma faizinin artdığını da hesabatlara daxil eləsinlər. Hərçənd çox adam o idarənin rəqəmlərinə inanmır, deyirlər yaxşı yaşayırıqsa, niyə hər şey saxtadır? Nə üçün camaat qədimdə Qoç Koroğlu, Bamsı Beyrək, nə bilim, Qəmlo, Kərbəlayı, Rembo, Elçibəy adı qazanırdı, indi isə Beluqa, Leş, Akula adları dəbə minir? Biz bununla hara gedirik? Düzdür, Ermənistan boşalır, biz Türkiyə ilə birgə Kobanini azad edəndən sonra Urmiya üzərindən Qarabağa girəcəyik, lakin o günə hər halda bir neçə sutka qalır, həmin dövrdə nə edək? Müvəqqəti başımızı qatmalıyıq.

    Bəzi millətimiz isə idarənin adamları düzgün saymadığı qənaətinə gəlmişdir. Deyirlər bizim evə gəlmədilər, adımız artıq it dəftərində də yoxdur, belə şey olarmı? Əlbəttə, idarəyə çağırıb aparsan məlum olacaq yalan deyirlər, ən azı iki-üç dəfə sayılıblar, hələ Zəngilanda ev, nəsildəki bütün uşaqlara pul, Novxanıda hovuz, hovuzda qızıl balıq və sairə dövlətçiliyimiz üçün zəruri vəsaitlərlə təmin ediliblər. Görəsən bu camaat niyə efirə çıxmağa meyllidir? Kameranın içində və kamera qarşısında mütləq nəsə uydururlar.

    Doğrudan da müşahidələr göstərir ki, bu dəfə siyahıyaalma nəsə çox başdansovdu aparıldı. Sayanlar məlumatları rəsmi blanklara yox, əcaib cızmaqara dəftərlərə yazırdılar. Guya sonra ağlamaya köçürəcəklərmiş. O cümlədən, anketlərdəki sualların çoxunu camaata vermədən özlərindən yazırdılar. Bu da gələcək proqnozlaşdırma, dövlət siyasəti işlərində hökumətin özünə ziyandır. Çünki bilməyəcək əlinin altındakı millət kimlərdən ibarətdir, arzu-istəkləri nədir, necə eləmək olar hamı Akula Akif kimi yaşasın və Leş Tofiqin ətini yeməsin.

    Ancaq ola bilər hökumət özünə arxayındır, heç o sualları, anketləri camaata vermək istəmir. Nəyə görə? Xalqı xalqın özündən daha yaxşı tanıdığına görə! Elə bil adamı küçədə dayandırıb təhsilini, yaşını, maaşını, arvad-uşağını soruşmalısan, lakin bütün bunları onun özü səndən pis bilir (əvvəlki cümləni faktiki tərsinə yazdım, indi moda belədir, müəllif ağıllı görünür).

    Həmçinin tutalım sən 10 milyon adamın 3 milyonunun Rusiyaya işləməyə getdiyini saymırsan. O adamlar hesabatdan itirmi? Qətiyyən. Biz onları da ölkəmizdə turizmin inkişafına aid rəqəmlərdə göstəririk, deyirik filan il ərzində Azərbaycana Rusiyadan 3 milyon turist gəlmişdir. Yəni haradan baxsan əhali sayımında saxtakarlıq yoxdur. Buna görə hökumətə təşəkkürümü bildirirəm. Ümid edirəm bu təşəkkür minnətdarlıq statistikasına salınar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR