AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ekstrasens Zirəddin Rzayev: “Qiyamət çox yaxındır”

  • + A
  • - A
  • 12-06-2017, 11:17

    Ekstrasens Zirəddin Rzayev: “Qiyamət çox yaxındır”

















    “Məni görən sehrbaz deyir, falçı deyir, baxıcı deyir, molla deyir, amma mənim daxilim başqadır - mən şairəm”

    Hər şey ondan başladı ki, dostumuz Həmid Herisçi ünlü teoloq Heydər Camalın anım mərasiminə qatılmaq üçün Moskvaya getdi və dönüşdə bir neçə mövzudan, o sıradan Rusiyada yaşayan həmyerlimiz, kliniki psixoloq, ekstrasens Zirəddin Rzayevdən yazdı. Bundan bir neçə gün sonra bizim Moskvaya yolumuz düşdü, sırf təsadüfdən (varmı təsadüf?) Zirəddin Rzayevi Aygün Bəylərin konsertində gördük. Bizi dostlar tanış etdi. “Yeni Müsavat”dan olduğumu öyrənəndə sözə iradla başladı:

    - Həmid niyə elə yazıb?

    - Nə yazıb?

    - Haqqımda tamam təhrif olunmuş informasiyalar... İtbaz kimi təqdim edib məni. Həm də böyük günah edib, dərvişləri itlərə tən tutub.
    ...Deməyə söz tapmıram. Yaddaşımda Həmidin o yazısını canlandırmağa çalışıram. Heç nə canlanmır. Oxumamışam, demək ki... İçimdən Həmidi müdafiə etmək keçir, amma haqqında eşitsəm də, ilk dəfə gördüyüm ünlü ekstrasensin gerçəkdən qeyzlənməsi dilimi bağlayır. Söhbətin ardını Zirəddin gətirir:

    - Bir azdan getməliyəm. Eybi yox, yaxınlarda bura yenə dönəcəksiz, sizə müsahibə verib həqiqəti danışacam, İnşallah. Alaqaranlıq “Bakı” restoranında, divarlara yansıyan rəngbərəng işıqların yaratdığı mistik ortamda başlayan söhbət düz 25 gün sonra “Azərbaycan” restoranında davam etdi...

    - Gəldiz...

    - Gəldim...

    - “Hardan bildiz gələcəyimi” soruşardım, amma anlayıram ki, yazmaq mənim işim olduğu kimi, “görmək” də sizin işinizdir. Necə alırsız xəbərləri?

    - Radio dalğaların qarışığını eşitmisiz, yəqin. Bax, elə... Bütün varlığınla diqqət kəsilib o qarışıq səslərin içərisində informasiya xəttinə daxil olursan və eşidirsən, görürsən.

    - O yazını oxudum. Həmid, deyəsən, sizinlə görüşməyib. Siz Azərbaycan mediasına müsahibə vermirmişsiz. Nədən?

    - Çünki Azərbaycan mediasında söz azadlığından çox, söz özbaşınalığı var. Özbaşınalıq nədir - yəni mən nə istəyirəm, onu da yazıram. Həmid Herisçi də mənim haqqımda bu prinsiplə yazıb. Yazır ki, deyilənlərə görə, Zirəddin itləri qaranlıqda saxlayır. Axı bunu kim deyir? Bu, çox qeyri-ciddidir.

    - Ümumiyyətlə, o nə it hekayəsidir? Bəlkə, özümüz danışasız?

    - Məmnuniyyətlə. Bu informasiyalar gizli deyil ki. İnstagram-da səhifəm var, it yetişdirdiyimiz fermadan çox tez-tez paylaşımlar edirəm. Türklərin Kanqal, Malaklı cinslərini, almanların Rokefeller cinslərini gətirib çoxaldırıq. Düzdü, indi bu cinslərin Türkiyədən çıxarılması yasaqdır. Qanunla bu cinslər Tükiyənin milli sərvəti hesab olunur. Ancaq biz itləri Rusiyaya, Həmid Herisçinin təqdim etdiyi kimi, qaçaqmalçılıqla gətirməmişik. Fransada, Amerikada, Moldovada Kanqal da var, Malaklı da. Oradan almışıq. İndi Rusiyada bu cinslər yetişdirilir. Türk cinsi it ferması bir tək məndə deyil. Anadolu çoban itlərini də yetişdirilən neçə ferma var. Həmin yazıda yazılıb ki, itləri 10 min dollara satıram. “Harda gördün, əlində sənəd varmı” deyə soruşan varmı yazardan? Bu cür qeyri-professional yanaşmalar insanı media ilə təmasdan çəkindirir. Ona görə də müsahibə vermirəm.

    - İtlərin 40 gün qaranlıqda saxlanmasının dərvişlərin 40 gün çiləxanada qalması ilə müqayisə edilməsi sizi lap təbdən çıxarıb, deyəsən... Bu haqda danışanda gözlərinizdəki adilikdən uzaq qəzəb dolu parıltını görməmək mümkün deyildi...

    - Bu hərəkətə ad tapa bilmirəm. Dərvişlər Allahın seçdiyi insanlardır. Əsrlərlə adları sayğıyla, ehtiramla anılan övliyalardır. Onları necə itlə müqayisə etmək olar? Bunu gənc, təcrübəsiz, savadsız biri etsəydi, bəlkə də, nəyəsə yozmaq olardı, özünü yazar adlandıran bir adamın bunca həqarəti nəyə xidmət edir?

    - Zirəddin, məni maraqlandıran bir məsələ də var. Sizin etiqad etdiyiniz İslam iti murdar sayır, digər tərəfdən siz it fermasının sahibisiniz. Təzadlı görünür...

    - Doğrudur, İslamda it murdar sayılır. Elm çoxdan bu baxışın düzgün olduğunu təsdiq edib. İtin dərisi insan orqanizmi üçün zərərli həşəratların yaşaması üçün münbitdir. İdrarı da... İslam dini də insanın sağlamlığına böyük önəm verir və bu səbəbdən iti murdar sayır. “Sağlam bədəndə sağlam ruh olar” əslində İslam əqidəsindən gələn bir fəlsəfədir. Amma itlərdə elə xüsusiyyətlər var, bəzi insanlar belə onlardan kasaddır. Şeyx Nizaminin “Sirlər xəzinəsi”ndə köpəklə bağlı yazdıqlarını bilirsiz. Şahın qəzəblənib vəhşi köpəklərə atdırdığı insanı itlər yemir. Çünki bir zamanlar onun əlindən çörək yeyiblərmiş. İtlərin sədaqətini ulu şeyx İlyas bu əhvalatla nəzmə çəkib.
    Zirəddin danışdıqca gözümün önünə ekstrasens, rəhmətlik Etibar Erkin gəlir. Necə də bənzəyirlər. Bəyaz, iri alın, çox işıqlı gözlər... Torpağı sanı yaşasın.

    - Ekstrasenslik ilə məşğul olmaq insandan nələri alır? İlk gəncliyimdə tanıdığım rəhmətlik Etibar Erkin deyirdi ki, çox çətindi. Soruşanda “niyə”, cavab verirdi ki, siz burda neçə nəfərsiz, o qədər canlı görürsüz, mən isə sizdən dəfələrlərlə çox, onların hamısı ilə baş etməliyəm. Sizin yorumunuz necədir?

    - Çətindir. Faktiki rahat olduğum ortam yoxdur. Rahatlığım çox qısamüddətli olur. Çox zaman kabuslarlayam. Yaşamaq mənim üçün zülmdür. Hər şey mənim içimdədir. Burada otururam, amma burda deyiləm. Çox vaxt heç məkana, söhbətə dəxli olmayan elə kabus görürəm, məni dəhşətə gətirir. Heç bir anlamı yoxdur, mesaj deyil, amma mən o qorxunu yaşayıram. Partlayış, zəlzələ, uçqun altında qalmaq, suda boğulmaq, bunlar çox tez-tez düşdüyüm hallardır. Bəzən heç tanımadığım insanlar gəlir gözümün qabağına, onların ağrısını hiss edirəm. Bu hisslərin idarə edilməsi mənim iradəmdən kənardır. Hərdən dostlar zarafatyana deyirlər, yaşın azdı, saçın tamam ağ, deyirəm, siz yaşadıqlarımı yaşasaz, hər gecə qorxulu yuxular, kabus görsəz, nəinki saçınız ağarardı, heç həyatda da olmazdınız. Bu, mənim seçimim olmadığı üçün heç nəyə müdaxilə edə bilmirəm.

    - Siz qorxu ilə niyə bu qədər yükləndiyinizin səbəbini fəhmlə dərk edə bilirsinizmi?

    - Qorxu mənim həssaslığımı artırır. Sirlər, bilinməyənlər mənə qorxu ilə açılır.

    - O dünya qorxuludur, bu dünya?

    - O dünya. Birmənalı.

    - İnsanlara cansız kimi görünən bir çox nəsnələrin ruhu var, əslində. Məncə, şəhərlərin də ruhu var. Niyə məkan kimi Moskvanı seçmisiz? Energetikası, ruhu ağır olan bir yerdi sanki Moskva.

    - Heç bir imperiya paytaxtının energetikası saf ola bilməz. Bizim millətdən olan çox adamda İstanbul sevgisi var. Bu, çox səthi yanaşmadı, gözlə görünənlərlə nəticə çıxarmaqdı. Dərinliyə enəndə o şəhərlərdə torpağın sözün əsl mənasında qanla suvarıldığını görürsən. Tarixi olan, xüsusən imperiyalara paytaxt olan şəhərlərin demək olar, hamısı ruh ekizidir. Mənim üçün millət, məkan anlayışları o qədər də önəmli deyil. Millətçiliyi ümumiyyətlə ziyanlı sayıram. İnsanlar əqidəcə qohum ola bilər. Qan qohumluğundan yaranan birliklər əqidə qohumluğundan yaranan birliklərdən hər zaman zəif olublar.

    Çünki mənəviyyat yox, maddiyyat üzərində qurulublar. Dünya tarixinə böyük ideyalar, ixtiralar bəxş edən insanlara fikir verin, onların harada yaşamasının, hansı millətin təmsilçisi olaraq yer üzünə gəlməsinin önəmi varmı? Kamil insanlar heç zaman millət çərçivəsində qalmayıblar. Yer üzündə ən çox milləti ilə qürrələnən xalq yəhudilərdir - biz seçkinik, biz üstünük deyirlər. Ancaq heç biri bunun “nədən”ini aça bilmir. Bilməz də. Çünki belə bir ayrıcalıq yoxdur.

    Bütün insanlar Adəmdən yaranıb. Var idimi Adəmin milləti? İnsanların millətlərə bölünməsi insanların günahları ucbatından olub. Allah -O-na qarşı çıxanların dinlərini, dillərini ayırıb. Tövrat da, İncil də belə deyir. Milləti ilə öyünmək ən böyük təkəbbürdür. Ən qorxduğum təkəbbürə qapılmaqdır. Güclü insan biləyi ilə, sərvəti ilə üstün olan deyil, səhvlərini etiraf etməyi bacaran insandı.

    - Axı, milli hisslər insanın özündən asılı olmayaraq baş qaldırır. Məsələn, bayaq Moskva məscidində cümə namazından çıxan insanları seyr etmək imkanım oldu. Hamı müsəlmandır, təbii, amma ordan çıxan türklər - Azərbaycan, Anadolu türkləri, özbəklər, qazaxlar, qırğızlar, türkmənlər daha doğma gəlir insana. Siz milli hisslərdən tamamilə uzaqsız?

    - Maşınıma baxsaz, görərsiz...

    - Nə mənada?

    - Xeyli “saz diski” var maşında. Yol gedəndə, demək olar, hər zaman saz dinləyirəm. Saz çalınanda təpədən dırnağa qədər bədənin sızıldayırsa, türksən.

    - Bəli, saz ən gerçək türklük testidir.

    - Mənim türk millətinin qarşısında dizimi yerə gətirən türk millətinin folklorudur, sazıdır, sözüdür. Özüm də şeir yazıram - ana dilində. Ən çox vurğun olduğum şair isə Şah İsmayıl Xətaidir. Onun fəlsəfəsinin dərinliyinə, təfəkkürünün zənginliyinə heyran olmamaq mümkün deyil. Məni görən sehrbaz deyir, falçı deyir, baxıcı deyir, molla deyir, amma mənim daxilim başqadır - mən şairəm. Mən özünü şairlərin, rəssamların cərgəsində görürəm. Bundan böyüyü ola bilməz. Allah mənə bu fəhmi, bu ilhamı, bu duyğunu verib. Bəzən məni din xadimləri günahlandırır, bəzən həkimlər tənqid edir. Mən onlara adətən cavab vermirəm. Eləcə ürəyimdə Yunus Əmrənin misralarını təkrarlayıram:

    - Bilməyən nə bilsin bizi?

    - Bilənlərə salam olsun. Mənim missiyam insanları xəbərdar etməkdir.

    - Dünyanın ən böyük sirri nədir?

    - Dünyanın özü. Quran dünyanı anladır, orda qeyb aləminə açılan qapılar var. Amma Quran ayələrini eləcə oxuyub keçmək olmaz. Mənasını dərk etmək üçün ana dilində oxumaq vacibdir. Hətta deyərdim, bir dəfə əslini, iki dəfə tərcüməsini oxumaq lazımdır. Allah o adamlara xeyir qapılarını açır ki, onun kəlamlarının mənasını başa düşərək oxuyur, əks halda mənası qavranmayan səslər cadu, fal kimidir.

    - Yaxın tarix üçün dünyanı, bir az da məkanı daraltsaq, Azərbaycanın yerləşdiyi coğrafiyanı necə görürsüz? Aldığınız informasiyalarda nələr var?

    - Azərbaycanla bağlı heç zaman proqnoz vermirəm. Çünki 1 deyəndə, 5-ini də qəzetçilər üstünə qoyub yazırlar.

    - Mən qoymayacam...

    - Bəyəndiyim bir fikir var - Füzuli şikayət elədi səfalət içərisində yaşadı, Nəsimi üsyan elədi, dərisi soyuldu, Nizami nəsihət elədi, özü də elə elədi ki, nə şiş yandı, nə kabab. Sözünü şifrələrlə dedi Nizami. Salamat qaldı. Ümumilikdə dünya üçün yaxşı heç nə gözləməyin. İnsan təbiəti korlayır, təbiət ziyan çəkir və təbiətin insandan öz qisasını almasının zamanı çatır. Elm, xüsusən tibb elmi baxın necə sürətlə inkişaf edir, amma ömürlər uzanmır, qısalır. Elmin qat-qat zəif inkişaf etdiyi dönəmdə insanlar nə indi çox yayğın xəstəliklərdən əziyyət çəkirdilər, nə gənc ikən birdən qocalırdılar. Hanı bəs o texnoloji yeniliklərin gətirdiyi rahatlığın, tibb yeniliklərinin nəticəsi? Elmin faydası yoxdursa, o necə elmdir?

    - Səbəb nədir? Dünya qiyamətə gedir, ona görə?

    - Ona görə qiymətə gedir ki, insan elmi Allahın yaratdığı qanunauyğunluqdan çıxmaqla inkişaf etdirdi, onun iradəsinin əleyhinə getdi. Ən dəhşətli işə əl atdı - genləri dəyişdirməyə başladı. İnsan buğdaya zəhərli əqrəbin genini qarışdırır bu gün. Yediyimiz çörəkdə əqrəbin genləri var. Məhsudarlığa görə qatılıb guya... Pomidora balıq geni vurulub - uzun müddət xarab olmasın deyə. Şəkərin, ətin, meyvələrin - hər şeyin tərkibi dəyişdirilib. Bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilən internet şəbəkəsi, miqyassız şüalanma. Bütün bunlar insanın genini korlayır, ömrünü alır. Allahın iradəsinə əks getdiyi üçün.

    Elm inkişaf elədikcə, dünya dağılır, ilahi tarazlıq pozulur. II Dünya savaşının veteranlarından nə qədəri bu günə qədər yaşayırlar. Allah ömür versin... ona görə ki, onlar ömürlərinin başlanğıcında geni dəyişdirilmiş qidalar yeməyiblər. Rusiyada yaxşı tanıdığımız, sayğı duyduğumuz bir akademik var, həmyerlimizdiz - Vüqar Əliyev, o, indi qoyunun və hörümçəyin genlərinin birləşdirilməsi üzərində çalışır. Qoyunun yunu o qədər möhkəm olacaq ki, ondan gülləkeçirməz parça toxumaq mümkün olacaq, özü də atlas kimi yüngül olacaq. İsraildə toyuq cinsi yaradıblar - tükü yoxdur. Bazarlarda çiyələk var, alma boyda, nar var, qarpız boyda... Deyirsiz, nə görürsən? Bunları görürəm - dünya dağılmağa doğru gedir. Qiyamət çox yaxındır.

    - Savaşlar davam edəcək?

    - Bəli. Bəzən deyirlər, savaşlar yalnız islam dünyasındadır. Baxın, Qərb elə situasiya yaratdı iki xristian, iki slavyan dövləti - Rusiya və Ukrayna savaşa başladı. Hələ çox ölkələr Qərbin oyununa gələcək...

    - Bizim millətdəki ətalətin sirri nədir, bəs?

    - Sıraya düzülməyi öyrənməyənə qədər çətin olacaq. Fikir verirəm, bizim insanımız küt-küt hərəkət edir. Nəqliyyat olsun, bankomat olsun, ümumiyyətlə, sıra gözlənilməli olan hər yerdə biz onu pozmağa çalışırıq. Bu nizamsızlıq bir şəkildə millətin həyatına da yansıyır. Bu vərdişləri ölkədən çıxanda da unutmurlar. Baxırsan, geyimli-keçimli adamdı, bəlli bir mövqeyi var, siqareti çəkdi, qutusunu maşının pəncərəsindən atır. Çevrə mədəniyyəti formalaşmayıb. 21-ci əsrdə məgər bunlarla bağlı xüsusi qanun qəbul edilməlidir? İnsanlar özləri öz həyatlarına düzən veməlidirlər. Öz gözündəki tiri görməyən vətəndaşın onu idarə edəndən nə isə ummağı absurddur. Millətin ən böyük bədbəxtçiliyi həm də oxumaqdan kənar düşməyidir. İslamın müqəddəs kitabı “oxu” kəlməsi ilə başlayır. Amma biz oxumuruq. Oxumaq lazımdır. Mütləq...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR