“Feysbukda olanların hamısı avara adamlardı” - Araz Əlizadə
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadənin lent.az-a müsahibəsini təqdim edirik:
– Araz bəy, sosial şəbəkələrdə sizin haqqınızda tez-tez müzakirələr gedir, amma özünüz orda yoxsunuz. Nə əcəb?
– Ona görə ki, orda hər yoldankeçən ağzına gələni yazır və mənim də vaxtım yoxdur, elə şeylərlə məşğul olum. Kim kimin haqqında nə yazdı, nə dedi, məni maraqlandırmır. Hər şüursuz adamın yazdığını oxumaq fikrində deyiləm. Çünki feysbukda olanların hamısı avara, işsiz-gücsüz adamlardır.
– Dediniz ki, sosial şəbəkələrə qoşulmağa vaxtım yoxdur. Bəs qızıldan qiymətli vaxtınız nəyə gedir?
– Mütaliə edirəm... Daha sonra nəvəmlə, partiya və deputat vəzifələri ilə məşğulam.
– Nəvənizin adı nədir?
– Balaca Araz... (gülür)
– Qardaşınız Zərdüşt Əlizadə ilə aranızda problemin olduğu sirr deyil. Səbəb ciddidirmi?
– Qardaşımla heç bir problemim yoxdur. Bizdə ancaq partiya məsələsidir. Partiyada müəyyən adamlar vardı ki, özlərini çox yuxarıdan aparırdı. Mən də daxil olmaqla partiya üzvləri bu cür adamların əlehinə çıxırdılar. Zərdüşt Əlizadə isə bizi yox, o biri tərəfi müdafiə edirdi. Bunun əsasında bizim aramız dəydi, soyuqluq yarandı. Başqa heç bir düşmənçiliyimiz yoxdur.
– Bəs necə düşmənçilik yoxdur ki, oğlunuz dünyasını dəyişir, əmisi yasa gəlmir?
– Bəli, Zərdüşt oğlumun yasına gəlməmişdi, amma bu, bizim ailəmizin işidir. Bilirəm ki, o zaman Zərdüştün başı qarışıq idi, ona görə yasda iştirak eləyə bilmədi.
– İndi bir-birinizin evinə gedib-gəlirsinizmi?
– Ailə tədbirlərində görüşürük. Amma təbii, əvvəlki münasibətlər yoxdur. Biz əvvəl çox yaxın olmuşuq.
– Siyasi mövqeləriniz də fərqlidir...
– Necə fərqli ola bilər? O da sosial demokratdır, mən də. Hətta 5-6 il əvvəl Zərdüşt bəyin də, mənim də müsahibələrimə baxırdılar, görürdülər ki, eyni fikirlərdir, eyni mövqelərdir. Şübhələnirdilər, elə bilirdilər, aramız dəyməyib, özümüz oyun qurmuşuq. (gülür)
– Düzdür, Zərdüşt bəyin bir çox fikirləri cəmiyyətdə birmənalı qarşılanmır, amma kiməsə yarınmaq üçün çıxışlar da eləyən bir siyasətçi deyil. Biz onu şəxsiyyətini qoruyan insan kimi tanıyırıq.
– Zərdüşt Əlizadə Azərbaycan siyasətində ən çox oxumuş və savadlı şəxsdir. Bizim ailəmizdə heç vaxt kiməsə yarınmaq üçün söz deyən olmayıb. Atam da, anam da sözü üzə deyən insan olublar. Bu ailə ənənəsi bizdə bu gün də davam edir.
– Yəni sizdə də o cəsarət varmı ki, kim olmağından asılı olmayaraq sözü üzünə deyəsiniz?
– Əlbəttə!
– Sözünüzü ancaq Nuru paşaya deyə bilirsiniz, yoxsa?
– Hamının üzünə deyə bilirəm. İkincisi, Azərbaycan tarixində bütləşmiş şəxslər var ki, onların haqqında əsatirlər yaranıb, guya onlar barədə tənqidi bir fikir söyləmək olmaz. Nuru paşadan bir fikir dedim, hər yerindən duran məni söyməyə, təhqir eləməyə başladı. Əgər sözümü cəsarətlə deyən adam olmasaydım, hamı kimi mən də susardım. Amma susmuram, sözümü deyirəm, kimin xoşuna gəlir gəlsin, gəlmir də gəlməsin. Mən həqiqətin tərəfindəyəm. Həqiqət mənim üçün hər şeydən ucadadır.
– Nura paşa haqqında o fikirləri haradan oxumuşdunuz, kim demişdi?
– Köhnə bakılılardan eşitmişəm. Çünki o insanlar – köhnə bakılılar qızıl yığıb, buradan Gəncəyə - Nuru paşaya göndərirdilər. Mənim tarixi faktları tutuşdurmaqdan xoşum gəlir. Fikir verin, mart-aprel aylarında Bakıda qırğınlar gedirdi. Nuru paşa isə Azərbaycana may ayında - əsas qırğınlar qurtarandan sonra gəldi. Niyə? Üstəlik, yenə də Bakıya gəlmədi, Gəncədə oturdu. Bakıya ancaq sentyabrda gəldi. Nuru paşanın məqsədi Bakını xilas etmək idisə may, iyun, iyul və avqust aylarında niyə gəlmirdi? Gəncədə nə işi vardı? Gözləməyin bir mənası vardımı?
– Bu dedikləriniz hansısa bir mənbədə yazılıb? Yaxud köhnə bakılıların dedikləri ilə tutuşdurduğunuz bir kitab varmı?
– Mən hərəkətləri tutuşdururam. Təsəvvür edin, allah eləməsin, eşidirəm ki, sizi döyürlər, vəziyyətiniz ağırdır. Mən də sizə deyirəm ki, gəlirəm kömək eləməyə, amma gəlmirəm. Sizin qol-qıçınızı qırırlar, ağız-burnunuz qana batır və s. sonra mən gəlirəm. Axı mənim gəlməyimin bir mənası olmalıdır. Elə deyil?
– Bəs Nuru paşa sentyabrda Bakıya nə üçün gəlmişdi?
– Nuru paşa Gəncədə qızılların ona çatmağını gözləyirdi. Qızıllar çatandan sonra hərəkət etməyə başladı.
– Əvvəl-axır qızılları aldımı?
– Əlbəttə!
– Bəs qızılları hara xərclədi?
– Mən demirəm ki, Nuru paşa o qızılları öz cibinə qoymuşdu. Türk ordusu heç vaxt pulsuz hərəkət eləməzdi. Çünki muzdlu ordu idi. Ağlınız Sovet və Azərbaycan ordusuna getməsin, komanda verilirdi, gedirdilər.
Ümumiyyətlə, tarix boyu Osmanlı dövlətinin xəzinədarı həmişə ermənilər olub. Türklərin pulları isə axça idi. Pul gümüşdən olmalı idi. Ermənilər ora mis qatırdılar, dərhal bazarda qiymətlər yuxarı qalxırdı. Axı pulun kefiyyəti aşağı düşüb. Və bununla da Osmanlı sultanını devirirdilər.
– Bunu da köhnə bakılılar danışıb?
– Xeyr, xeyr... Osmanlı tarixindən oxumuşam.
– Araz bəy, siz bilərsiniz, bir dövlət kimi Azərbaycanın mənafeyi Atatürkün maraq dairəsində idimi?
– Atatürk görürdü ki, Azərbaycanı qoruya bilməyəcək və üstəlik də Türkiyəni itirəcək. Ona görə də Türkiyənin xilası üçün belə bir danışığa getdi ki, Azərbaycan Rusiyaya verilir, Rusiya isə Türkiyəyə silah verir, türk torpaqları azad edilir. Çünki Türkiyənin bir dövlət kimi olub-olmaması məsələsi həll olunurdu
– Bir şey mənim üçün maraqlıdır. Zaqafqaziya Seymi dağıldı və Gürcüstan, Azərbaycan, Ermənistan müstəqil dövlət oldu. SSRİ dağıldı, Azərbaycan, Ermənistan və başqa xalqlar müstəqil oldu... Sizcə, müstəqilliyimizin hər ikisi təbii bir proses hesab oluna bilməzmi?
– Doğrudur, imperiyalar dağılanda xırda xalqlar müstəqil olurlar. Ancaq burda əsas odur ki, o müstəqillikdən necə istifadə edirlər. Fikir verin, Azərbaycan Xalq Cümhuriyyəti yarandı, neçə hökumət dəyişdi?
– Beş...
– Görürsünüzmü? Bu cür dövlət yaratmaq olar? İyirmi üç ayda beş dəfə hökumət dəyişmək nə deməkdir? O deməkdir ki, biz dövlət olmağa hazır deyildik. Yaxud SSRİ dağıldı, Azərbaycan müstəqil oldu, nə başladı?
– Hərc-mərclik, xaos...
– Qısa bir zamanda Bağırov getdi, Vəzirov gəldi, Vəzirov getdi, Mütəllibov gəldi, Mütəllibov getdi, Əbülfəz Əliyev gəldi... Və əgər ümummilli lider Heydər Əliyev xalqın çağırışı ilə Bakıya gəlməsəydi, Azərbaycan yenə də öz dövlətçiliyini itirəcəkdi. Nə üçün o birilərdə alınmadı, Heydər Əliyevdə alındı? Ona görə ki, onun idarəetmə qabiliyyəti, təcrübəsi var idi...
– Bizdə millətçi hərəkat da həmişə güclü olub. Siz isə millətçiliyə qarşısınız...
– Mən hələ görməmişəm bir millət, xalq, dövlət millətçilik əsasında xoşbəxt olsun. Ermənilər millətçidirlər, millətçiliyi anadangəlmə onların beyninə yeridirlər. Xoşbəxt olublarmı? Yox! Rus şovinizmi baş qaldırdı və SSRİ-nin dağılmasına gətirib çıxardı. Xoşbəxt oldularmı? Yox! Görün Ukrayna nə günə düşüb. Ukrayna siyasətçilərinin danışığına baxıram, məni gülmək tutur.
Bizdə isə vəziyyət tamamilə başqa cürdür: hamı millətçiliyi türkçülük kimi qəbul edir. İndiyəcən də hamı deyir ki, biz türkük, biz türkük! Axı türk deyilik.
– Yəni Arif Rəhimzadə doğru deyirdi...
– Düz deyirdi. Qardaş, şəxsən mən türk deyiləm.
– Bəs nəsiniz?
– Mən azərbaycanlıyam. Atropologiya adlı bir elm var, riyaziyyat qədər dəqiq bir elmdir. Orda fərziyyələrə, əsatirlərə yer yoxdur. Bu elmə əsasən türklər, qazaxlar, qırğızlar, türkmənlər, tatarlar, başqırdlar və s. türk qrupuna, yəni sarı irqə aiddir. Biz isə antropoloji cəhətdən hind-avropa irqinə aidik. Genetika elmi da sübut edir ki, bizdə türklərlə bağlılıq yoxdur.
– Bəs dil?
– Bəli, biz sadəcə, türkdilliyik. Amma dil milli mənsubiyyət deyil.
– Deməli, biz Türkiyə türkləri ilə qan qardaşı deyilik...
– Əlbəttə, deyilik. Cavan oğlansınız, internetə girin, rus dilində nə qədər kitablar var, dünya alimləri hansı millətlərin genetik cəhətdən bir-biri ilə yaxın olub-olmadığını dəqiqliyi ilə yazıblar. Oxuyun!
İkincisi, siz mənə bir qazax, özbək, türkmən göstərə bilməzsiniz ki, desin, mən türkəm. Mümkün deyil. Qazax deyir, mən qazağam. Türkmən deyir, mən türkmənəm və s. Azərbaycanda isə hətta gənclərin də beyninə yeridiblər ki, biz türkük.
– Bəs bizim dövlətçilik tariximiz nə vaxtdan başlayır?
– 1918-ci ildən. Amma məsələn, allah eləməsin, biz erməni olsaydıq, deyərdik ki, İran Azərbaycan dövlətidir. Nəyə görə? Çünki şahlarının hamısı azərbaycanlılar olublar. Nə deməkdir bu?! Deyə bilərikmi SSRİ gürcü dövlətidir, çünki başında Stalin dururdu? Axı düzgün deyil.
– Xalq Cəbhəsindən danışaq...
– Xalq Cəbhəsinin birinci qurucusu Zərdüşt Əlizadə olub. Mən bir dəqiqə, heç bir saniyə də Xalq Cəbhəsinin üzvü olmamışam. Lap əvvəldən Sosial Demokrat Partiyasını yaratmaqla məşğul olmuşam. Sadəcə, Xalq Cəbhəsinə maddi yardımlarım dəyib, ilk döş nişanlarını mən sifariş vermişəm. Məsələn, Zərdüşt Əlizadə istəyəndə ki, gənclərin dünyagörüşü artsın, maddi yardımlar etmişəm, gənclər Pribaltika ölkələrinə gediblər.
– Maddi durumunuz belə yaxşı idi ki, Xalq Cəbhəsinə köməklik edirdiniz?
– O zamanlar bizneslə məşğul olurdum. Mən SSRİ-də ən yüksək rəsmi maaş alan şəxs olmuşam. Qərbi Almaniyanın MDS şirkətinin nümayəndəsi olmuşam. Qorbaçovun – SSRİ-nin prezidentinin maaşı dörd min rubul idi, mənim maaşım isə iki min beş yüz dollar və ya iyirmi beş min rubl.
– Neçənci illərdən söhbət gedir?
– 1988, 89 və 90-cı illər...
– Onda dollar vardı ki?
– Maaşım dollarla idi. Amma çox qəribə idi ki, SSRİ-dən xaricə gedəndə mənə 100 dollardan artıq pul çıxarmağa imkan vermirdilər. (gülür)
– İndi necədir maddi imkanlarınız?
– Banklara çoxlu kredit borclarım var. Onları yavaş-yavaş ödəyirəm. Mən 1994-cü ildən bu yana – iyirmi bir il işləməmişəm. 2015-ci ildə deputat seçiləndən sonra maaş almağa başlamışam.
Keçən dəfə bir vətəndaş Milli Məclisin yanında mənə yaxınlaşıb dedi, sizi xalq seçib. Dedim, bəli, xalq seçib. Qayıtdı ki, onda belə danışaq, sizin maddi baxımdan nəyiniz varsa, bölək. Dedim, bölək, bu qədər borcum var, yarısını sən ödə, yarısını da mən. Heç nə demədi, çıxıb getdi. (gülür)