Xarici dil öyrənməyin 10 qızıl qaydası
Çox insan düşünür ki, xarici dil öyrənmək üçün professional müəllimdən dərs almalı, kurslara getməli, yaxud fitri istedada sahib olmalıdır. Yazıçı, poliqlot Kato Lomb isə bunun tam əksini düşünür. Milliyyətcə macar olan Kato Lomb bu günə qədər sərbəst şəkildə 16 dil öyrənib.
O, dilləri öyrənərkən istifadə etdiyi üsul və metodları oxucuları ilə bölüşüb.
Publika.az həmin üsullardan bir neçəsini təqdim edir.
1. Dil öyrənmək üçün hər gün vaxt ayırmaq lazımdır. Oxu, öyrəndiyini bir neçə dəfə təkrarla, yenisini öyrən, lakin bütün bunları mütləq hər gün et. Bunun üçün ən yaxşı vaxt isə səhər saatları hesab olunur.
2. Əgər bir öyrənmə üsuluna həvəsinin itdiyini hiss edirsənsə, məşğuliyyətini dəyişdir. Öyrənmək üçün həvəs vacibdir. Əgər sözləri öyrənməyə marağın yoxdursa, sadəcə olaraq xarici dildə filmlər izləməyə çalış.
3. Sözləri hər hansı bir məzmun daxilində yadda saxlamağa çalış, onaları ayrı-ayrı əzbərləmə.
4. Tez-tez istifadə olunan sözləri birinci öyrənməyə çalış. Məsələn, təşəkkür, salamlama və bu kimi çox istifadə olunan digər sözləri bura aid etmək olar.
5. Öyrəndiyin dildə eşitdiyin və gördüyün hər şeyi ağlında tərcümə etməyə çalış. Bu, televiziya rekamı, dayanacaqda reklam lövhəsi, həmin dildə olan mahnılar və s. ola bilər. Əgər söz sənə məlum deyilsə, onu yaz və ya fotosunu çək, sonra evdə lüğət vasitəsilə mənasını öyrən.
6. Öyrənə-öyrənə tələffüz et və yazının düzgünlüyünü daim yoxla.
7. Hazır ifadə və deyimləri birinci şəxsdə yadda saxla. Məsələn: "I am at the airport" ("Mən hava limanındayam")
8. Mümkün qədər bütün resurslardan istifadə et. Qəzetlərdən, internetdən məqalələr oxu, xarici dildə filmlər izlə, öyrəndiyin dilin doğma dili olan insanlarla ünsiyyət qurmağa çalış.
9. Səhv etməkdən qorxma. Ətrafındakı insanlardan səhvlərini düzəltmələrini rica et.
10. İnadkar ol. Öz imkanlarından heç vaxt şübhə etmə.