Oktyabrın 30-da Heydər Əliyev Sarayında tanınmış aktyor, Xalq artisti, “Şöhrət” ordenli professor İlham Namiq Kamalın 75 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib.
Mədəniyyət və teatr xadimlərinin iştirakı ilə keçirilən yubiley gecəsində Xalq artistinin həyat və yaradıcılığından, onun Azərbaycan teatrındakı xidmətlərindən, aktyorluq və pedaqoji fəaliyyətindən ətraflı söz açılıb.
Tədbirdə Xalq artistinin iştirak etdiyi tamaşalardan, filmlərdən parçalar göstərilib.
Aktyor səhnədə qurulan böyük monitorda nümayiş olunan obrazlar qalereyasından seçmələrin, foto və videokadrların müşayiətində müxtəlif obrazlara bürünüb.
Gecə boyu aparıcı, iştirakçı, ifaçı kimi səhnədə olan yubilyar həyat və sənət dostlarının təbriklərini qəbul edib.
Yubiley gecəsində aktyorun sənət dostları - Xalq artistləri Cəfər Namiq Kamal, Azər Zeynalov, Mübariz Tağıyev, Əməkdar artistlər Gülüstan Əliyeva, Sənubər İsgəndərli, Nərgiz Kərimova, Ramil Qasımov, müğənni Nərmin Kərimbəyova və başqaları müxtəlif obrazlara bürünərək sənətkarla bir daha eyni səhnəni bölüşüb, yubilyara təbriklərini çatdırıblar.
Bildirilib ki, İlham Namiq Kamal müxtəlif teatrların səhnəsində yaratdığı biri-birindən maraqlı rolları ilə böyük tamaşaçı məhəbbəti qazanıb. O, uzun illər ərzində qazandığı bu sevginin nəticəsində çağdaş teatr sənətimizin tanınmış nümayəndələrindən birinə çevrilib.
Gecədə Teatr Xadimləri İttifaqınnın sədri, Xalq artisti Hacı İsmayılov 60 illik dostunu, sənət yoldaşını təbrik edərək, Teatr Xadimləri İttifaqının “Teatr Xadimi” qızıl medalını, eləcə də Akademik Milli Dram Teatrının fəxri fərmanını təqdim edib.
Akademik Musiqili Teatrın, Akademik Milli Dram Teatrının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təbrik səhnəcikləri gecəyə ayrı bir anlam qatıb.
Sonda yubilyar bütün iştirakçılara təşəkkürünü çatdırıb və bundan sonra da Azərbaycan teatrının inkişafı naminə yorulmadan fəaliyyət göstərəcəyini söyləyib.
Şəhanə Müşfiq