Telekanallarda hansı seriallar bizi necə əfqan xalqına döndərir? - Qalmaqal
“Özəl kanallar Azərbaycan xalqını əfqan xalqına döndərib”
Cahan.info-nun xəbərinə görə, bunu millət vəkili Aqil Abbas deyib.
“Düzdür, operada, əsasən, köhnələri qoyulur, təzə operalar az yazılır. Baleti də, axırıncı yazan, deyəsən, Polad Bülbüloğlu olub”, – deyən yazıçının sözlərinə görə, əslində, bu gün ciddi tamaşaçı, izləyici problemi yaşanmır.
“Gənc Tamaşaçılarda və digər teatrlarda tamaşalar var və müəyyən qədər tamaşaçı gəlir. Sadəcə, indi insanların əlində telefon, nə bilim nə, informasiya mənbələri və sairə çoxdur. Ona görə də kinoya az gedirlər.
Çünki istədiyi kinoya internetdən açıb baxır, pul da vermir. Eyni zamanda, zövqlərin korlanması da iki yüz faizdir. Bu məsələ də var.
Yəni, bu yöndəki iradlarla, fikirlərlə də razılaşıram. Azərbaycanın özəl kanalları, qurban olduqlarım, çox təəssüflər olsun ki, Azərbaycan xalqını əfqan xalqına döndərib”, - A.Abbas sözlərinə əlavə edib.
Telekanallardakı səviyyəsizliyi bir neçə dəfə dövlət rəsmiləri, hətta şəxsən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də tənqid edib, bu sahədə islahatlara ehtiyac olduğunu deyib.
Son illər telekanallarda “milli” serial rəzaləti başlayıb. Efirlərdən əcnəbi serialları yığışdırdılar ki, orada bizim milli dəyərlərimizə zidd məqamlar var.
Ancaq indi telekanallarda göstərilən yerli seriallara baxanda o Braziliya, Hindistan seriallarına şükür edirsən.
Filmlərin peşəkarlıq baxımından səviyyəsizliyi, rollara qeyri-peşəkarların çəkilməsi bir yana, onların hamısında zorakılıq, alçaqlıq, ailəyə, insanlara xəyanət etmək aşılanır. Tənqid edilmir, məhz aşılanır!
Məsələn, “Ata ocağı” serialına baxanda insan həyatdan küsür. Hamı faciə içindədir və bütün bunlar məntiqsiz sujetlərlə göstərilir. “İmtahan” serialı da əttökəndir.
Digər seriallar da onlardan geri qalmır. Bir vaxtlar “Santa Barbara”, “Kölə İzaura”, “Bəxtsiz gözəl”, “Sadəcə Mariya”, sonralar “Mehriban düşmən”,
“Qvadalupe”, “Vəhşi gözəl”, “Dul qadın Blanka” kimi seriallar Azərbaycan tamaşaçısının təkcə evini yox, mənəviyyatını, ruhunu da “işğal” etmişdi.
Böyükdən kiçiyə hamı oturub bu serialların vaxtını həsrətlə gözləyər, filmdəki qəhrəmanlarla gülər, onlarla birgə ağlayardılar. Zaman keçdikcə həmin seriallardakı qəhrəmanlar mavi çərçivədən hoppanıb tamaşaçıların daxilinə, xarakterinə sirayət etməyə başladı.
Həmin serialların sayəsində, necə deyərlər, “müasirliyə” qədəm qoyub, Qərb tərbiyəsi ilə inkişaf etməyə başladıq. Artıq məktəblərdə müəllimləri də, şagirdləri də dərsdən çox, Viktoriyanın, Qvadalupenin taleyi maraqlandırırdı.
Xarici serialların yerli telekanallarda yayımına qadağa qoyulsa da, yerli serialların baxımlığı yenə də ürəkaçan olmadı. Deməli, yerli seriallarımızın keyfiyyət problemi var.
Belə məqamda isə "Bu günə kimi ortaya nə qoyulub” sualı çox maraqlıdır. Əslində, yeni çəkilən teleseriallar bu işin peşəkarlarını qane etmir.
Aktyor seçimi, hadisələrin başvermə ardıcıllığı, rejissor və operator işi və s. məsələlər qeyri-peşəkarlar tərəfindən həyata keçirildiyindən müəyyən çatışmazlıqlar mövcuddur.
Hətta bu məsələyə Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli də münasibət bildirib. Verdiyi açıqlamada qeyd edib ki, bu gün yeni çəkilən seriallar bizi tam qane etmir:
“Amma bu seriallar ümidvericidir. Yəqin ki, bir neçə ildən sonra yerli seriallar da Azərbaycan tamaşaçısını qane edəcək və sevindirəcək”.