AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

XI Bakı Beynəlxalq Kitab Sərgisində İsmayıl Qarayev yaradıcılığına böyük maraq

  • + A
  • - A
  • Bu gün, 09:32

    XI Bakı Beynəlxalq Kitab Sərgisində İsmayıl Qarayev yaradıcılığına böyük maraq


    Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə start götürən XI Bakı Beynəlxalq Kitab Sərgisi təkcə yeni nəşrlərin təqdim olunduğu bir məkan deyil, həm də milli ədəbiyyatımızın ən parlaq simalarının yad edildiyi ədəbi bayrama çevrildi.

    Sərgidə iştirak edən nəşriyyatlar arasında “APOSTROF-A” nəşriyyat və çap evi xüsusi diqqət çəkdi. Burada Yazıçı İsmayıl Qarayevin 75 kitabı oxuculara təqdim edildi. Bu rəqəm təkcə zəhmətin göstəricisi deyil, həm də bir ömrün sözə, ədəbiyyata həsr olunmuş təntənəsidir.

    Təqdimat mərasimində çıxış edənlər İsmayıl Qarayevin yaradıcılığına böyük dəyər verdilər.

    Tənqidçi Əsəd Cahangir onun yaradıcılığını “həyatın öz səsi” adlandırdı: “Qarayevin qələmi insanın daxili aləminə nüfuz edir, oxucunu düşündürməyi bacarır.”

    Yazıçı Seyran Səxavət yazıçının obrazlarını xalqın içindən götürdüyünü vurğuladı: “Onun qəhrəmanları bizdən biridir. Oxucu İsmayıl Qarayevin kitablarında özünü tapırdı.”

    Vaqif Yusifli Qarayevin ədəbiyyatdakı mövqeyini belə xarakterizə etdi: “O, klassika ilə müasirliyin arasında körpü yaradan yazıçıdır. Hər əsəri ədəbiyyatımızın güzgüsüdür.”

    İsmayıl Umudlu yazıçının tarixi mövzulara müraciətini önə çəkdi: “Qarayev keçmişi yalnız danışmır, o, tarixə can verir, yaddaşı dirildir.”

    Naşir Akif Dənzizadə təqdim olunan kitabların sayına diqqət çəkərək dedi: “75 kitab bir yazıçının irsi deyil, bütöv bir ədəbi məktəbdir.”

    Yazıçının qızı Vəsimə İsmayılqızı təqdimatı təşkil edənlərə və qonaqlara təşəkkür edərək İsmayıl Qarayevin oxuculara ötürdüyü mənəvi yükü belə ifadə etdi: “Onun əsərləri insanı həm düşündürür, həm də həyatı dərk etməyə kömək edir. Atamın kitablarını oxumaq həyat dərsi almaq deməkdir.”

    Bu çıxışlar bir daha sübut etdi ki, İsmayıl Qarayevin yaradıcılığı təkcə ədəbiyyatsevərlərin yox, bütövlükdə ictimaiyyətin diqqət mərkəzindədir. Onun qələmi milli sözümüzün gücünü göstərir, oxucunu daim özünə çəkir.

    Qeyd edək ki, sərgi günlərində ziyarətçilərin “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metro stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslarla gediş-gəlişi təmin olunur. Sərginin iş vaxtı 10:00-dan 20:00-dəkdir, giriş isə ödənişsizdir.
    Elnurə










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR