AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

613-cü qurban — Mən Xocalıyam...

  • + A
  • - A
  • 26-02-2020, 11:13

    613-cü qurban — Mən Xocalıyam...


    "Ölkə.Az" Vüsalə Balayevanın "613-cü qurban " hekayəsini təqdim edir.

    -Ssssss. Sakit, ağlama, sakit, sus, sus. Allah xətrinə sus. Gözəl balam, sus...

    Sonra isti nəsə hiss etdim, alnımdan axdı deyəsən - bu isti nə idi belə? Qaçıram ayaqlayın, qaçıram. Hara qaçıram, özüm də heç bilmirəm. Qızım - balaca quzum qucağımdadır. Qaçırıq. Hamı qaçır. Get-gedə sıralarımız azalır. Bir-bir azalırıq. Kiməsə güllə dəyir. Yıxılır, al-qana bulanır. Əlimi uzadıram, qışqırıram – kömək edin, kömək edin...

    Hamı qaçır... Deyəsən, son dəfə mən otaqdaydım, quzuma lay-lay oxuyurdum:

    Lay-lay dedim yatasan,

    Qızılgülə batasan,

    Lay-lay balam, quzum lay-lay...

    Atəş səsləri, güllə-baran. Ay Allah, bu nədir? Qiyamət qopur, dünyanın sonudur? Qaçırıq, evdən çıxıram. Quzu balamı yataqdan götürüb qaçıram. Gücüm ancaq əlimə keçən şala çatır. Balamı bükürəm, bağrıma basıram. Heç nə gözümə görünmür, heç nə. Ancaq balamı qurtarım, 15 il həsrətini çəkdiyim balam...

    Yanaqlarım donur, əllərim donur. Gülzarım görəsən donmur? Əynimdəki jaketi çıxarıb bükürəm şalın üstündən. Birdən soyuq olar balama...
    Qarşıdan ermənilər keçir. Qonşu arvad “qızım kola gir, kola gir, ermənilərdir, gir, gir”.

    Tikanlı kolluğa girirəm. Tikanlar əllərimi, üzümü cızır. Təki balamı incitməsin. Hər tərəfim qanayır.

    Gülzar ağlayır. Var gücümlə əlimlə ağzını tuturam.

    -Ssssss. Sakit, ağlama, sakit, sus, sus. Allah xətrinə, sus. Gözəl balam, sus...

    Yenə qaçıram. Qarşıda çay var, ayaqyalınam. Suya girdim. Ay Allah su buz kəsir ayaqlarımı. Hiss etmirəm ayaqlarımı.

    Ayaqlarım hardasa kəsilib, qan su kimi axır. Amma hiss etmirəm, qaça bilmirəm. Gülzarımın səsi gəlmir, yatdı deyəsən. Şalı açıram, gözləri niyə açıqdır? – Gülzar, Gülzar. Öz əllərimlə sakit olmaq üçün balamı boğmuşam. Balamı öldürmüşəm. Qatil ana, qatil.
    Balamı son dəfə alnından öpürəm. Balam bumbuzdu. Hanı sənin isti nəfəsin?

    Çayın qırağında balamı basdırmaq istəyirəm, qonşu qadın məni dartışdırır – Qoy, o onsuz heç nə hiss etmir. Yaxınlaşırlar. Balamı qoyub üzərinə qar töküb gizlədirəm. Beynim, düşüncəm donub. Heç nə düşünə bilmirəm. Elə bil yuxudayam. Balama ağlaya bilmirəm, görəsən göz yaşlarım da donub?
    Qaçırıq... Birdən...Birdən arxadan mənə nəsə dəyir, biri ürəyimə, biri ayağıma. Ağrı, şiddətli ağrı nəfəsimi kəsir. Sonuncusu başıma dəyir... O güllədən sonra heç nə hiss etmirəm, ağrılarım keçir. Üzü üstə yıxılıram. Qar görürəm ətrafda. Kimsə mənə yaxınlaşır. Əvvəl mənə 2-3 dənə təpik çəkir, hiss etmirəm heç nə. Məni kürəyi üstə çevirir. Yanındakına nəsə deyir. Gülürlər.

    Göy üzü necə gözəldir. Səma, sonsuz səma... Yanımdan kimlərsə qaçır. Düz yanımda qan gölməçəsi var. Qaçanların ayaqları ora çırpıldıqca üzümə qan sıçrayır. Heç nə hiss etmirəm.

    Qışqırıq...qışqırıq. Qonşumuz Ayazı kəndirlə ağaca bağlayıblar, gözünün önündə arvadını, qızını yerə uzadıb soyundurublar. Qaldırırlar, lüt qaçırdırlar. Mırıqdış dığalar gülürlər. Ayaz şir kimi nərildəyir “namussuz ermənilər, aç əlimi, gör səni neyləyirəm. Qorxaqlar, alçaqlar”.

    Ayazın gözü qarşısında arvadına, qızına təcavüz edirlər, dik, Ayazın gözünə baxıb gülə-gülə.

    Üzərinə benzin töküb diri-diri yandırırlar. Heç səsi də çıxmır. Sevinir bu namussuzluqdan ölüb gedir.

    Hamilə qadın qaçır, haqlayırlar onu. Qarnını kəsib körpəni çıxardırlar. Ananın başın kəsirlər. O da mənim kimi ağrını hiss etmir indi.
    Üzümü səmaya çevirirəm. Hava açılır. Səma necə də gözəldir. Yanımdakı əsgərin meyidinin baş dərisini soyurlar, gülürlər. Sanki həzz alırlar.
    Ana, ana. Kimsə çığırdı. Kimdir o? Səs necə də tanışdır. Vahiməli bağırtı - Can balam, can. Tükəzban xala - bizdən iki məhəllə aşağıda qırmızı evdə yaşayan qadın. Yadıma düşdü. Bir oğlu var, Teymur. 2 ay bundan qabaq evləndirmişdi. 20 yaşlı cavan oğlandı.

    Tükəzbanın gözü qarşısında diri-diri onu iki hissəyə böldülər. O, indi mənim kimi heç nə hiss etmir.

    Teymurun ayağının birini bədənindən ayırdılar. Tükəzbanı çayın qırağında oturdublar. Balasının qopmuş ayağı ilə üzünə, başına vururlar. Bala qanına bulanır üzü. Qadın ağlamır, var-gücü ilə qışqırır. Birdən qışqırıq möhkəm qəhqəhəyə çevrilir. Aman Allah, bala qanından qadın divanə olur. Təpikləri ilə vurub qadını suya atırlar. Güllə səsləri, gülüş kəsilir.

    Gördüyüm yalnız göy üzü, səmadır. Daha ağrılara, acılara baxmıram. Mən azadam, heç nə hiss etmirəm. Qulağıma qışqırıqlar, gülüşlər, güllə səsləri gəlir.

    İki gündür deyəsən burdayam, göyə baxıram. Göydə helikopter uçur. Sevinirəm bizimkilər gəlir deyəsən. Sevinirəm ürəyim, ürəyim...yox, ürəyim döyünmür. Hər şey üçün çox gecdir. Hayqırmaq istəyirəm. Gecdir, gecdir, siz çox gecikmisiniz.

    Səmaya baxıram... Mən insan idim, bir gecədə Xocalıya çevrildim. Mən Xocalıyam...

    Artıq heç nə hiss etmirəm. Mən azadam...Mən Xocalıyam...

    Xocalı 1992-ci il 26 fevral...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR