Azərbaycanın ilk qorxu filmi olan "Xənnas”ın xüsusi təqdimatı baş tutub. Azadmedia.az AZXEBER.COM-a istinadla xəbər verir ki, qala gecəsində fimin yaradıcı heyəti, tanınmış simalar, media nümayəndələri iştirak ediblər.
Filmin rejissoru Elvin Abdulla "Xənnas"ın 6 il sonra yenidən təqdimatının səbəbini açıqlayıb:
"Film çox keyfiyyətlidir. Heç bir onlayn platformada yayımlanmayıb və "Xənnas” A kateqoriyalı beynəlxalq festivallarda ölkəmizi uğurla təmsil edib. 2017-ci ildə "Azərbaycanda ən yaxşı kinoteatr filmi” mükafatına layiq görülüb. Filmimizdə çəkilən aktyorlar hazırda ölkənin ən çox tanınan və ən çox axtarılan kast heyətidir. İndi onlar 6 il öncədən daha çox tanınırlar. Sosial şəbəkələrdə bizə çoxlu müraciətlər olurdu ki, filmi necə izləyək? Bu səbəbdən də qərara gəldik ki, yenidən kinoteatrlarda nümayiş etdirilsin.
Filmdə rol alan aktrisa Pərvin Abıyeva bildirib ki, "Xənnas" Azərbaycanda bu günə kimi ikinci dəfə nümayiş olunan ilk filmdir:
"Film haqqında çox qəribə düşüncələrdəyəm. Bu filmin çəkilişləri bizim üçün həddindən artıq ağır keçmişdi, amma əziyyətimizin bəhrəsi budur ki, bu gün Azərbaycanda bir ilk yaşanır. Heç bir film bu günə kimi ikinci dəfə nümayiş edilməyib. Bu bizim kollektivimizin zəhmətidir".
Kinorejissor Kənan Mahmudov da film haqqında öz fikirlərini bölüşüb:
""Xənnas" film kino qaydalarının bütün qaydalarına cavab verir. Bir neçə il bundan qabaq izləmişəm. Çox maraqlı filmdir, səs effektləri, operator işi, işıq effektlərin hər biri qaydasındadır. Filmin səsini azaldıb baxsaz bilməzsiz ki, Azərbaycan filmidir. Elvinin xoş halına ki, ilk mistik film çəkməklə adını tarixə yazdırdı.
Filmdə rol alan Zarina Qurbanova da film haqqında təəssüratlarını danışıb:
"6 il öncə düşünürdüm ki, "Xənnas" mənim ən uğurlu layihələrimdən, filmlərdən biridir. Təbii ki, onda yaşım, təcrübəm az idi. Yaxşı film tarixdə qalacaq və düşünürəm ki, "Xənnas" Azərbaycan film sektoru üçün ən yaxşı filmlər sırasındadır. İkinci dəfə performansımı seyr edəcəm".
Qeyd edək ki, Azərbaycanın ilk qorxu filmi olan "Xənnas"da ad gününü rayonda anasının yanında qeyd edən İlkin günlərlə gördüyü eyni yuxunun təsiri altında qalaraq, anasının qadağalarına məhəl qoymayıb babası və atasının naməlum səbəblərdən yoxa çıxdığı evə getmək istədiyini deyir. Həmin yuxuda İlkinin babası o evdə kimnənsə gizlənməyə çalışıb,onu köməyə çağırır. İlkinlə bərabər həyat yoldaşı və dörd dostu həmin evə baş çəkirlər. İlk baxışdan köhnə və atılmış məkan təəssüratı bağışlayan ev getdikcə öz qonaqlarını vahiməyə salır. İlkinin gözünə görünən molla meyitləri bu evdə dəhşətli bir hadisənin baş verməsinə dair işarə olur. Filmin gedişatında dostlar bu evin cinlərin məskəni olduğunu aşkar edir və məlum olur ki,bu cinlər İlkinin babasından başlayaraq nəslindəki bütün kişiləri öldürürmüş. Bunlara səbəb isə babasının sovet vaxtı bir qrup dindar insanları qətlə yetirməsi olub. Bu lənəti götürməyə çalışan dostlar həmin mollaların sümüklərini tapır və onları basdırmağa səy göstərir.Paranormal hadisələrlə onlara mane olan qara qüvvələr dostların gecəsini kabusa çevirir.
Film 6 apreldən etibarən Azərbaycanın bütün kinoteatrlarında nümayişdədir.