“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə ölkəmizdə milli gəmiçiliyin əsasının qoyulmasının 165 illiyinə həsr olunmuş “Üç əsrə şahid” adlı qısametrajlı bədii-sənədli film çəkilib.
Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərov olan ekran əsərində milli gəmiçiliyin zəngin tarixi, ənənələri, müasir dövrdəki inkişafı əksini tapıb. Bundan başqa, filmdə 1855-1916-cı illərdə yaşamış, gəmiçilik təcrübəsinə və səriştəsinə görə Rus admiralının qərarı ilə diplom alan ilk azərbaycanlı dənizçi Hacı Vahab Əliqulu oğlunun timsalında dənizçilərimizin ümumiləşdirilmiş obrazı təqdim olunur.
Xalq artisti Fəxrəddin Manafovun əsas qəhrəmanı canlandırdığı filmdə bədii səhnələrlə yanaşı, izləyiciləri təəccübləndirəcək sənədli kadrlar da yer alıb.
Filmin sujet xətti kimi, musiqisi də orijinallığı ilə seçilir. Ekran işində səslənən “Xəzərin sahilində” mahnısına Xalq artisti Alim Qasımov və Araz Hümbətli yeni nəfəs verib.
Bədii-sənədli film yaxın günlərdə ASCO-nun bütün rəsmi platformalarında təqdim olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.