AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Üç şəhəri əhatə edən kuklaçı bayramı

  • + A
  • - A
  • 2-05-2024, 19:37

    Üç şəhəri əhatə edən kuklaçı bayramı



    Xəbər verdiyimiz kimi, qardaş Türkiyədə start götürən III Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı Bakıda başa çatdı.
    Belə ki, Türkiyənin Ankara və İstanbul şəhərlərinin ardınca festival təşkilatçıları və qardaş ölkənin tanınmış teatr və mədəniyyət xadimləri Azərbaycana səfər edərək iki gün müddətində bakılı teatrsevərlər qarşısında çıxışlar etdilər.
    Xatırladaq ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, UNESCO-nun Türkiyə Milli Komissiyası, TİKA-nın, həmçinin Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Kukla Teatrının da dəstək verdiyi sənət festivalının təşkilində məqsəd kuklaçıları bir araya gətirməklə onların milli kukla teatrı və oyunları ənənələrini dünya miqyasında təbliğ etmək və yeni müştərək layihələrin reallaşmasına zəmin yaratmaqdır.
    Onu da qeyd edək ki, 22 aprel – 1 may 2024-cü il tarixlərini əhatə edən ənənəvi beynəlxalq festivalın ilk mərhələsi Ankara, ikinci mərhələsi İstanbul şəhərlərində oldu.
    Tədbirdə Azərbaycanla yanaşı İtaliya və Almaniyadan müxtəlif kukla teatrları və sənətçi qrupları da iştirak edirdilər.
    Azərbaycandan gedən yaradıcı heyət qardaş ölkə tamaşaçıları qarşısında repertuardakı iki maraqlı nümunə - “Müsyö Jordan və Dərviş Məstəli şah” marionet (M. F. Axundzadə) və “Məlikməmməd” (Azərbaycan xalq nağılı) kukla tamaşaları ilə çıxış edərək maraqla qarşılandılar.
    Festivalın son mərhələsi – bağlanış üçün məkanı kimi Bakı seçilmişdi. Beləcə 30 aprel- 1 may tarixlərində teatrsevərlər hər gün iki seans olmaqla Türkiyənin məşhur teatr təmsilçilərinin təqdim etdikləri tamaşa-performansları izləmək şansı qazandılar.
    Onlar həm məşhur Hacıvat və Qaragözün- iki əzəli və əbədi sevimli düşmənin macəralarını xəyal oyunu dedikləri bəyaz pərdə arxasından izlədilər, həm də yeni nəsil kukla sənəti ilə klassik xalq tamaşa personajlarının sintezində səhnəcikləri alqışladılar.
    Mayın 1-də festivalın təntənəli bağlanış mərasimi baş tutdu. Azərbaycan və Türkiyə Mədəniyyət Nazirliyi təmsilçilərinin, incəsənət xadimləri və uşaq yazarlarının qatıldığı tədbirdə tamaşaçılar qonaqların təqdimatında rəngarəng səhnəciklərlə yanaşı “Oyuq” Teatrının yetirmələrinin konsert proqramını da izlədilər.
    Ardınca qardaş ölkədən gələn sənət təmsilçilərinə festivalın yüksək səviyyədə təşkilinə və iki qardaş ölkə arasında kukla teatrı istiqamətində əlaqələrin möhkəmləndirilməsində töhfələrinə görə Azərbaycan Dövlət Kukla Teatrı tərəfindən təşəkkürnamələr və xatirə hədiyyələri verildi.
    Xatırladaq ki, artıq III dəfə baş tutan festival bu ildən başlayaraq hər il bir türk dövlətini özünün tərəfdaşı seçməklə festivalın bağlanış mərasimini məhz qastrol ovqatında tamamlayacaq.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR