Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Türkiyənin İstanbul şəhərinə işgüzar səfər edib. O, İstanbul səfəri çərçivəsində İstanbul Türk İslam Əsərləri Muzeyinin direktoru Ekrem Aytar ilə görüşüb. Görüşdə Türkiyəli jurnalist, araşdırmaçı yazar Şamil Kucur da iştirak edib.
Görüşdə Günay Əfəndiyeva Azərbaycan və Türkiyənin çoxəsrlik zəngin mədəni dəyərlərə malik qardaş ölkələr olmasından söz açıb. O, bildirib ki, iki dövlət arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri mədəniyyət sahəsində də sıx iş birliyinin genişləndirilməsinə töhfə verir. Günay Əfəndiyeva Azərbaycan və Türkiyənin maddi-mənəvi irsinin, qədim keçmişin mirası olmaqla yanaşı, həm də müasir dövrdəki mədəniyyətlərarası dialoq və əməkdaşlıq üçün əhəmiyyətli bir vasitə olmasına diqqət çəkib.
Millət vəkili Azərbaycan və Türkiyə arasında mədəni münasibətlərin daha da gücləndirilməsi yönündə birgə layihə və təşəbbüslərin dəstəklənməsinə hər zaman hazır olduğunu bildirib.
İstanbul Türk İslam Əsərləri Muzeyinin direktoru Ekrem Aytar rəhbərlik etdiyi muzeyin tarixi, eləcə də türk mədəni irsinin mühafizəsi istiqamətindəki fəaliyyəti haqqında məlumat verib.
Görüş tərəflər arasında Azərbaycana və Türkiyəyə məxsus qədim maddi-mənəvi irsin qorunması, müasir dövrə uyğunlaşdırılması və gələcək nəsillərə ötürülməsi ətrafında geniş fikir və təcrübə mübadiləsi ilə davam edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.