"Qaydalara əməl etməklə yaxınlarımızı və cəmiyyəti bu bəladan xilas edə bilərik"- Deputat
Hazırda Azərbaycanda koronavirusla mübarizə çərçivəsində əsas vəzifə yoluxma hallarının artım dinamikasını dayandırmaq və bu sahədə müsbət tendensiyaya, yoluxma hallarının azalmasına nail olmaqdır. Karantin rejimi sərtləşdiriləndən sonra yeni yoluxma hallarında kəskin artım dinamikası dayanmış və gündəlik orta rəqəm 520-550 arasında müəyyənləşmişdir. Əvvəlki təcrübəyə əsasən demək olar ki, karantinin ilkin təsiri onu tətbiq edəndən bir müddət sonra daha aydın görünməyə başlayır. Bu mənada, qarşıdan gələn günlərdə yoluxma hallarının sayında enmənin müşahidə olunması ehtimalı çox böyükdür.
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, hazırda Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2 həftəlik sərt karantin rejimi tədbiq edilsə də, gündəlik yoluxmaların sayı 500-dən çox olur:
"Bu gün bütün dünya kimi Azərbaycan da gözə görünməyən düşmənlə müharibə içərsindədir. Amma bu dəfə hərbçilər və əsgərlər deyil, həkimlər ön cəbhədə vuruşur. Koronavirus hələ dünyada yeni yayılmağa başlayan zaman cənab prezidentin göstərişi ilə çox mühüm qabaqlayıcı addımlar atıldı. Həmin addımların nəticəsində koronavirusun ölkə ərazisində geniş yayılmasının qarşısı alındı. Təəsüf ki, mərhələli şəkildə aparılan yumşaldılmalardan sonra bəzi insanlar sanki koronavirus ölkəmizdə yoxmuş kimi davranmağa başladılar. Hətta onların içərisində ümumiyyətlə bu xəstəliyin olmadığını iddia edənlər də var. Onlar sosial şəbəkələr vasitəsi ilə insanlara təsir göstərərək bu virusun olmadığına inandırmağa çalışırlar. Nəticədə də özləri ilə yanaşı digər insanların sağlamlığını təhlükə altına atırlar. Bundan əlavə insanlarımız müxtəlif bəhanələrlə qoruyucu tibbi maskadan istifadə etmir, marketlərdə, ticarət mərkəzlərində sosial məsafəni qorumurlar. Bəzi insanların karantin rejiminin qaydalarına əməl etməməsi nəticəsində ölkə ərazisində koronavirusa yoluxanların sayı artdı. Əgər əvvəl yoluxanların sayı 40-50 arası idisə son həftələr gündəlik yoluxanların sayı 500-dən çoxdur. Əlbəttə bu statistika hər kəsi narahat etməlidir. Bir daha insanlarımızı karantin rejimin qaydalarına əməl etməyə səsləyirəm. Vətəndaşlarımız vacib olmadıqca evdən çıxmamalı, qoruyucu tibbi maskalardan istifadə etməli, marketlərdə, ictimai nəqliyyatda sosial məsafəni qorumalıdırlar. Vətəndaşlarımız qoyulan qaydalara əməl etməklə təkcə özlərini deyil həm də yaxınlarını və bütün cəmiyyəti tezliklə bu bəladan xilas edə bilər".