“Son aylar bütün dünyada koronavirusa yoluxma sayında artım müşahidə olunur. Artıq yeni növ koronavirusa yoluxanların ümumi sayı 55 milyonu ötüb. Avropada, xüsusən Fransa, İtaliya, İspaniya və Böyük Britaniyada yoluxma halları və ölüm faktları artan xətt üzrə inkişaf edir. Koronavirusa yoluxanların sayına görə ilk beşlikdə ABŞ, Hindistan, Braziliya, Fransa və Rusiya yer alır. Bu beş ölkədə virusa yoluxanların ümumi sayı dünya üzrə xəstələrin sayının təxminən 50 faizini təşkil edir. Bu gün kritik vəziyyətlə əlaqədar əksər ölkələrdə karantin rejimi sərtləşdirilir, gediş-gəliş məhdudlaşdırılır, fövqəladə rejim tətbiq olunur, infeksiyanın yayılmasının qarşısının alınması üçün müxtəlif tibbi-profilaktik tədbirlər həyata keçirilir. Bəşəriyyət artıq 11 aydır ki, qlobal pandemiyaya qarşı savaşı davam etdirir.”
Bu fikirləri AzadMedia.az a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
A.Məmmədov qeyd edib ki, koronavirusa yoluxma tendensiyasının sürətlənməsi Cənubi Qafqaz regionundan, Azərbaycandan da yan keçməyib: “Biz əvvəllər koronavirusa gündəlik yoluxanların sayından danışarkən 30-50, yumşalmadan sonra 100-150, sonrakı mərhələdə 250-350 nəfər statistikasını qeyd edirdik. Bu gün isə artıq 2000-3000 arası yoluxmadan danışırıq. Buna görə də virusun yayılmasının qarşısını almaq, yoluxmanı və ölüm sayını maksimum azaltmaq lazımdır. Azərbaycan dövləti koronavirus infeksiyasının yayıldığı ilk gündən onun qarşısının alınması, eləcə də əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Tədbirlər hesabına koronavirusla mübarizə sahəsində uğurlu nəticələr əldə edildi. Demək olar ki, hər bir vətəndaşımız müəyyən edilən qaydalara riayət edirdi. Lakin karantin rejimi yumşalandan sonra yoluxma səviyyəsində artım müşahidə edildi, koronavirusa laqeyd yanaşanlar isə bu virusun yayılmasına səbəb oldular. Təbii ki, yoluxmanın artması insanların davranışı ilə birbaşa bağlıdır. Buna görə də indi əsas məsuliyyət ölkə vətəndaşlarının üzərinə düşür. Yaranmış mənfi tendensiyanı müsbətə doğru dəyişmək də bizim özümüzdən asılıdır. İndiki məqamda koronavirusla mübarizədə əsas amil vətəndaş məsuliyyətidir. Bizim vətəndaş olaraq aparacağımız mübarizə, üzərimizə düşən məsuliyyət karantin qaydalarına riayət etməkdir. Qaydalara nə qədər çox riayət edilərsə, yoluxma da o qədər az qeydə alınar. Qaydalara əməl edilmədikdə təbii ki, yoluxma sayı artır. Bu məsələdə hər kəs özünü qorumaqla ətrafdakıları da qorumalıdır. Təəssüf ki, hələ də cəmiyyətdə yaxın və qohumları yoluxmayana qədər virusa inanmayanlar da var. Xəstəlik gələndə isə artıq çox gec olur.”
Deputat vurğulayıb ki, ölkəmizin daha ağır fəsadlarla üzləşməməsi üçün tələb olunan qaydalara əməl etməli, tibbi maskalardan istifadə olunmalı, sosial məsafə saxlanılmalıdır: “Bu bir reallıqdır ki, ki, karantin rejiminin tələblərinin pozulması, məsuliyyətsiz yanaşma daha ciddi təhlükəyə səbəb olur. Vətəndaşlarımız bilməlidir ki, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Cəmiyyət olaraq yalnız sona qədər həmrəylik nümayiş etdirəcəyimiz halda bu mürəkkəb vəziyyətdən çıxa biləcəyik. Biz nə qədər pozuntulara qarşı barışmaz olsaq, ətrafımızdakı insanların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, bir o qədər tez və müsbət nəticə əldə edə bilərik. Vətəndaşlarımız bilməlidirlər ki, sağlamlığımız yalnız öz əlimizdədir. Bu məsələdə birgə addım atmalıyıq, virusdan birə qorunmalıyıq.”