Son illər Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri diqqət doğuran hadisədir. Sovetlər Birliyinin süqutundan sonra Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə yaxın əlaqələr qurub.
Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə rəsmi səfərləri çərçivəsində imzalanmış sənədlər və institutsional baza xeyli yenilənib. Bu da ondan xəbər verir ki, həqiqətən də münasibətlər yeni mərhələyə keçir. Həmçinin, bu səfərlər təkcə ikitərəfli münasibətlərə yox, həm də regionlar arasındakı münasibətlərin inkişafına təkan verir. Bu münasibətlər Mərkəzi Asiyanı Cənubi Qafqazla bağlayan münasibətlərdir.
Mərkəzi Asiya ölkələrinə səfərlərin son iki ildə daha müntəzəm xarakter alıb. Bu müddət ərzində Azərbaycan Prezidenti demək olar ki, bütün Mərkəzi Asiya ölkələrinə rəsmi səfər edib və Mərkəzi Asiya ölkələrinin rəhbərlərinin də böyük bir qismi Azərbaycanda rəsmi səfərdə olublar: Bu da ondan xəbər verir ki, doğurdan da Azərbaycan-Mərkəzi Asiya münasibətləri xüsusi önəm kəsb edir.
Son dövrlər Azərbaycanın regionda və dünyada tranzit ölkə kimi əhəmiyyəti xeyli dərəcədə artıb və son səfərlər çərçivəsində imzalanmış sənədlər əsasən iqtisadi mühitin yaxşılaşdırılması və investisiya layihələrinin həyata keçirilməsi ilə bağlıdır: Bu səfərlər zamanı imzalanmış sənədlərə nəzər yetirsək, görərik ki, bunların əksəriyyəti məhz iqtisadi məsələlərə həsr olunub. Burada söhbət təkcə sırf ticarət dövriyyəsinin artırılmasından yox, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsindən gedir. Bu addımlar Azərbaycan iqtisadiyyatı ilə Mərkəzi Asiya dövlətlərinin iqtisadiyyatı arasında daha sıx bağlılığı təmin edir.
Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Prezident İlham Əliyevin son 1-2 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.
Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraqları artır.
Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra demək olar ki, Azərbaycandan Mərkəzi Asiyaya keçən dəhlizlər, yollar Avropanı Mərkəzi Asiyaya birləşdirən, alternativi olmayan yollara çevrilib. Əvvəllər Avropadan Mərkəzi Asiyaya bu yollar Rusiya vasitəsilə keçirdi və indi həmin yollar demək olar ki, işləmir. Nəticədə yeganə alternativ yol Azərbaycandan keçir. Digər tərəfdən, Mərkəzi Asiya ölkələri ilə Avropanı birləşdirən kommunikasiyalar yenə də Azərbaycandan keçir. Eləcə də Çini Avropa ilə birləşdirən kommunikasiyalar Mərkəzi Asiya və Cənubi Qafqazdan, yəni Azərbaycandan keçir. Bu da həm Azərbaycan, həm də Mərkəzi Asiya ölkələrinin nüfuzunu artırır, onların həm geosiyasi, həm də iqtisadi baxımdan dayanıqlığını möhkəmləndirir.
Burada Türkiyənin Mərkəzi Asiya dövlətlərinə olan münasibətini də nəzərə almaq lazımdır. Bu əlaqələr də son vaxtlar sürətlə genişlənir. Türkiyəni Mərkəsi Asiya ilə birləşdirən rabitə və nəqliyyat infrastukturu isə Azərbaycandan keçir. Bu da əlbəttə, Azərbaycanın Mərkəzi Asiya ölkələri üçün önəmli rol oynamasına səbəb olur. . Son illər ərzində bu əlaqələrin daha da inkişaf etməsi isə təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün yox, həm də bütün Türk dünyası üçün önəmlidir.
Əminə Ağazadə
Milli Məclisin deputatı