AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ölkəmizdə sağlam siyasi dialoq mühiti formalaşıb

  • + A
  • - A
  • 20-05-2024, 13:07

    Ölkəmizdə  sağlam siyasi dialoq mühiti formalaşıb

    “Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətdir. Demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra çağırışlarında bu mühüm məqam xüsusi qeyd edilirdi ki, demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributlar ölkəmizdə bərqərar olmalıdır. Təbii ki, burada söhbət insan hüquq və azadlıqlarının təmin edilməsindən, azad mətbuatın inkişafından, çoxpartiyalı sistemin yaradılmasından, seçkilərin demokratik, azad və beynəlxalq standartlara uyğun keçirilməsindən gedirdi. Azərbaycan daim dövrün tələblərinə uyğun olaraq islahatlar həyata keçirən, ən əsası iqtisadi və siyasi islahatların vəhdətini qoruyan ölkə kimi tanınır və nüfuz qazanır. Ölkəmizin inkişafında siyasi partiyaların roluna xüsusi əhəmiyyət verilir. Bütün siyasi partiyaların yaradılması və fəaliyyəti üçün eyni şərait yaradılıb. 1993-cü ildən, yəni Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günədək milli həmrəyliyin təmin edilməsi daim həyata keçirilən siyasətin əsas tərkib hissəsidir. Ümummilli Lider hər zaman milli həmrəyliyi uğurlarımızın davamlılığında vacib amil kimi önə çəkirdi. Onun “Demokratik cəmiyyətdə müxalifət olmalıdır” çağırışı da özündə bütün məqamları ehtiva edir. Təbii ki, söhbət müxalifətçiliyi dövlətə, dövlətçiliyə müxalifətdə dayanmaqda görən ünsürlərdən deyil, konstruktiv müxalifətdən gedir. Ölkədə sağlam dialoq mühitinin yaradılması istiqamətində atılan addımlar da milli həmrəyliyin möhkəmləndirilməsinə xidmət edən mühüm addımlar sırasındadır. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımlar daim davamlılığı ilə diqqətdədir.”

    Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

    Əliabbas Salahzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar siyasi sistemimizdə keyfiyyətcə yeni, konstruktiv dialoq və əməkdaşlığı şərtləndirir: “Milli həmrəyliyə və sağlam siyasi münasibətlərə xidmət edən bu dialoq Azərbaycanda demokratiyanın inkişafında mühüm rola malikdir. Həmçinin, siyasi partiyalar arasında yeni sağlam münasibətlər formalaşır. Bu faktı xüsusi qeyd etmək istərdik ki, ölkəmizdə geniş miqyas alan islahatlar prosesinin qanunvericilikdə də öz əksini tapması üçün 2019-cu ilin sonunda ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüs 2020-ci ilin 9 fevral tarixində növbədənkənar parlament seçkilərinin keçirilməsini təmin etdi. Azərbaycanda çoxpartiyalı parlament formalaşdı. Müxtəlif siyasi partiyalardan olan deputatlar parlamentin və komitələrin rəhbərliyində təmsil olunmaqla Azərbaycanda siyasi sistemin möhkəmləndirilməsinə, siyasi münasibətləri sağlam zəmin üzərində qurmağa töhfələrini verirlər. Dövlət başçısı İlham Əliyev 2020-ci il 10 mart tarixində altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirdi ki, Milli Məclisin və komitələrinin rəhbərliyində müxalifət nümayəndələrinin təmsil olunmasına Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün ehtiyac var. Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır. Belə bir əminlik də ifadə edildi ki, həm altıncı çağırış Milli Məclis bu sahədə öz sözünü deyəcək, eyni zamanda, Prezident Administrasiyasının nümayəndələri son vaxtlar bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. Bütövlükdə ilkin rəy müsbətdir. İndiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Əgər doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bütün bunlar mövcud siyasətimizin yeni mərhələsini, islahatçı kursumuzu əks etdirir.”

    Millət vəkili onu da vurğulayıb ki, Prezident Administrasiyasında aparılan islahatlara uyğun olaraq yeni yaradılan strukturlar sırasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyəti də bu məqsədə xidmət edir. Şöbə müdiri Ədalət Vəliyevin mütəmadi olaraq siyasi partiyaların rəhbərləri və nümayəndələri ilə keçirdiyi görüşlər, onlarla dövrün aktual məsələləri ətrafında fikir mübadiləsi aparması və müzakirələr nəticəsində ümumi mövqe nümayiş etdirilməsi də bu sahədə əldə olunan uğurlar sırasındadır: “Artıq ölkəmizdə sağlam siyasi dialoq mühiti formalaşıb. Tarixi Zəfərimizin reallıqları fonunda Yeni Azərbaycan Partiyasının keçirilən VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulması ölkəmizdə siyasi dialoq mühitinin daha da dərinləşməsinin nümunəsidir. Bu mühüm məqamı da qeyd etməliyik ki, 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə 50-dən artıq siyasi partiyanın dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü siyasətə dəstəklərini özündə əks etdirən Bəyanatı da milli həmrəyliyin təqdimatı oldu. Müxalifətçiliyi dövlətə, dövlətçiliyə müxalifətdə dayanmaqda görən ünsürlər bu mühüm addımları dəstəkləməməklə, sağlam dialoq mühitinin formalaşmasına, əməkdaşlığa xidmət edən siyasi partiyalar arasında keçirilən görüşlərə qatılmamaqla öz çirkin niyyətlərini nümayiş etdirirlər. Onlar hər vəchlə ölkəmizdə demokratik inkişafa kölgə salmağa çalışırlar. Artıq xalq bu ünsürlərin hansı məqsədlər uğrunda çalışdıqlarını çox yaxşı bilir. Dövlət başçısı İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bu məqamı da vurğuladı ki, bütün siyasi qüvvələr seçkilərdə iştirak etmişlər. Sadəcə olaraq, özünü müxalifət adlandıran marginal qruplaşma seçkiləri sanki boykot etmişdir. Bu da gülməlidir. Çünki Azərbaycan xalqı bu rüsvayçı qurumu çoxdan boykot edib və onlar tarixin zibilxanasındadırlar. Belə olan halda boykot elan etmək həm gülməlidir, həm də təəccüblüdür.”

    Əliabbas Salahzadə cənab İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki giriş nitqində yer alan bu fikirləri də xatırladıb ki, hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir. İştirak etməyənlərə siyasi qüvvə deyə bilmərəm. Çünki iştirak etməyən dəstə xain, satqın ünsürlərdən ibarətdir. Siyasi dialoq müharibədən əvvəl başlamışdır və müharibə dövründə daha da güclənmişdir. Müharibə dövründə bir antimilli qruplaşma istisna olmaqla, bütün digər siyasi partiyalar və birliklər birmənalı olaraq haqq işimizə öz dəstəyini verdi. Antimilli şura isə öz xain, satqın missiyasını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb.

    Millət vəkili bildirib ki, ölkəmizdə siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi istiqamətində atılan addımlar davamlıdır: “Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə mayın 16-da keçirilən görüş də bunun təsdiqidir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib. Həmçinin siyasi partiyaların cəmiyyətdə artan rolunu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi diqqətə çatdırıb. Sağlam əməkdaşlığın, milli həmrəyliyin sabitliyi və dayanıqlı inkişafı təmin edən amillər olduğu xüsusi vurğulanıb. Görüşdə iştirak edən siyasi partiyaların nümayəndələri milli maraqlar və milli birliyin qorunması naminə ölkənin bütün vətənpərvər və intellektual qüvvələrinin səfərbər olmasının vacibliyini, mövcud dialoq mühitinin qorunub saxlanılmasının əhəmiyyətini vurğulayıblar.”

    Əliabbas Salahzadə belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycan dövlətinin hər bir addımı dayanıqlı inkişafın təmin edilməsinə xidmət edir. Bu addımlar, eyni zamanda, Azərbaycanın demokratik ölkə imicinə yeni əlavələr edir. Ölkəmizin demokratiya təcrübəsi beynəlxalq səviyyədə təqdir edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR