Yazıçı-filosof Eluca Atalı
“İRAN HİZBULLAH ZİNDANINDA” ƏZABLI DÜŞÜNCƏLƏR
Yazıçı-filosof Eluca Atalı ilə...
“İnsan dəyişməsə, dünya dəyişməz” Təsadüflər zərurətdən doğur deyirlər. Son zamanlar yaşanan hadisələr fonuna nəzər salsaq, heç birinin təsadüfən baş vermədiyinin şahidi olarıq. Bu günlərdə haqqında ən çox danışılan, yazılan,kütləvi informasiya vasitələrini, sosial şəbəkələri haqlı olaraq zəbt edən hadisələr arasında Güney Azərbaycanda baş verənlərin də diqqət mərkəzində olmasını siz də təsdiq edərsiniz. Və... bu hadisələr baş verərkən, İranın müsəlman dünyasının qanunlarını, adət- ənənlərini yaşadan biri kimi yox, əslində Qərbə xidmət edən, qaniçən, terrorçu əməlləri ilə nifrət oyadan, din pərdəsi altında əxlaqsızlıq yuvası olduğunu bir daha görürük. Bax, elə bu zaman hadisələrin qarışıqlığında bir kitab öz içindən dünyaya boylanır. Adı ilə daxilindəki ideyanı açan bir kitab- “İran hizbullah zindanında”..!
Günümüzlə bu qədər iç-içə səsləşən kitabın müəllifi türk dünyası, bütöv Azərbaycan ideyasını təbliğ edən, yazdığı bir-birindən maraqlı əsərlərlə (“Tiqranizm Xocalıda”, Bir udum azadlıq”, “Nalşəkilli mühasirə”, Özünü gətir” və s.) gündəmə gələn dəyərli yazarımız Eluca Atalıdır.
Əslində Eluca xanımın bu əsərinin adı oxuculara yaxşı tanışdı. Neçə illər bundan öncə bünövrəsi qoyulan tarixi roman axır ki, bütöv halda nəşr edilib. Vətəndən uzaqda yaşasa da, vətən dərdlərinə hər zaman yaxın olan Eluca Atalı ilə həm bu kitab, eləcə də son illərdə yaradıcılığında olan yeniliklər barədə söhbət etdik.
- Xoş gördük, Eluca xanım. Necəsiniz?
- Çox fərəhliyəm.
- Mən də sizinlə həmsöhbət olduğum üçün fərəhliyəm. Sizinlə son söhbətimizdən təxminən iki il keçir. 2021-ci ilin əvvəli görüşmüşdük. Bir romanı on iki ilə yazan yazar üçün uzun müddət olmaya bilər. Amma sizi izlədiyim üçün gözəl işləriniz çox olub, bilirəm. Ilk müsahibəmdə bir sual ünvanlamışdım sizə - Üzərində işlədiyiniz son əsəriniz hansıdır?- On ildir üzərində çalışdığım “İran hizbullah zindanında” romanımı kitablaşdırıram. – demişdiniz.
- Viktor Hüqo "Səfillər" romanını on yeddi ilə, Boris Pasternak "Doktor Jivaqo"nu on ilə yazıb, Lev Tolustoy "Hərb və sülh" romanını on dörd variantda yazıb, yalnız sonuncunu oxucuların ixtiyarına verib. Qabriel Qarsia Markes "Patriaxın payızı" romanına "Yüz il tənhalıqda"n əvvəl başlayıb, Nobel mükafatı alıb və bundan sonra yenə o əsərə qayıdıb. Uzun bir zaman çəkib əsəri tamamlamaq. Nəzərə alaq ki, böyük əsərlər, beş günlük olmayan əsərlər tez-tələsik yazılmır.
Mənim romanımın yazılma tarixindən bəhs etsəm, özü bir tarix mövzusu olar. 2011- ci ilin payızında yazmağa başladım, 2014-də bu bəlalı roman və digər bir kitabım təsadüfən bilgisayardan silindi.
Kitabdan yalnız üç bölmə "Xomeyni ilə varisin söhbəti", "Urmuda yanan yaşıl İran ideyası" və "Zindanda qızlıq gözaydınlığı" qaldı. Bu bölmələr çox yayımlandı və hədsiz çox oxucu sorğuları olurdu ki, kitabı hardan, necə əldə edib oxuya bilərlər. Beynimdə daim düşünür, mövzunu ideya və bədii cəhətdən həll edirdim. İllərlə düşünüb həll etdiyim ideyanı axır ki, 2021-ci ilin fevralında ciddi şəkildə kitablaşdırmağa başladım, on səkkiz ay tam gücümlə işlədim. Bədii ədəbiyyatın imkanları güclüdür, həqiqəti sözlə təsvir edib asan yolla oxucuya çatdırmaq baxımından. Mən də bu vasitə ilə islam inqilabının İrana və bəşərə gətirdiyi faciəni qələmə aldım.
- Bu gün baş verənlərdən çıxış edərək, oxucuların ixtiyarına verdiyiniz əsər xomeynizm tərəfdarlarına tərs şillə kimi oldu, deyə bilərikmi?
- Siz bunu həqiqəti görməyən xomeyniçilərə tərs şillə adlandırırsınızsa, qoy, belə olsun. Amma bu əsəri yazmaqda məqsədim inqilabın antiinsani olduğunu, şüarlarla insanı aldadıb, lakin insana heç nə vermədiyini göstərmək olub. Əsər boyu tək islam inqilabı yox, eyni zamanda Fransa burjuaziya inqilabı, böyük oktyabr sosialist inqilabının da mahiyyətini açmağa çalışmışam.
- Elə isə kitabın epiqrafına diqqət edək: "İnqilablar dünyanı təzələyə bilmədilər. Dünyanın dəyişməsi tez bir vaxtda köhnəlməsinə gətirib çıxartdı. Şüarlar, döyüşlər, manifestlər, nikbinlik tüğyanı, yeni era və sairə kimi hadisələr mahiyyətcə dünyanı öz köhnəlik dairəsindən çıxara bilmədi. Nədir bunun səbəbi? Bunun səbəbi adamın insan olmamasıdır. Həmçinin, heç bir cəza cinayəti aradan qaldırmır, islah əmək müəssisələrində cinayətkar islah olunmur. Bütün bunların səbəbi insansızlıqdır. Adam insanlaşmalıdı."
-Məqsəd oxucunu inqilab ideyasının qeyri-insani olmasına yönəltmək idimi?
- Doğru tutmusunuz, əlbəttə, oxucunu ideya üzərində kökləməkdir. Asif Ata inqilab haqda fikir söyləyən ilk filosof deyil, inqilabın öz övladlarını yediyini söyləyənlər var. Amma Asif Ata inqilab haqda ən doğru təyini verəndir. Nədən sual etsəniz, deyərəm ki, inqilabda məqsəd yeni cəmiyyət yaratmaqdır, lakin yaranmır, yarana bilməz, çünki insan dəyişmir. Asif Ata dünyada yeganə filosofdur ki, hər şeyin insandan başlanması yolunu göstərir və "İnsan dəyişməsə, dünya dəyişməz!" - izharı ilə cəmiyyətin dəyişməsini insandan başlamağın əsas şərt olduğunu ortaya qoyur. Kim deyib bunu Atadan başqa? Kimsədə belə bir fikrə rast gəlmədiyimdən haqlı olaraq Ata fikrini əsərimə epiqraf seçdim. Bu kiməsə xoş gəlməyə bilər, olsun. Mən kimsənin xoş gəlməsi üçün əsər yazmadım, mən milli taleyüklü dərdlərimizin tərcümanı olmaq üçün bu əzaba qatlaşıb illərlə inqilab və insan ideyasını araşdırdım.
- Siyasət və ədəbiyyat - hər ikisi tarixdir. Tarixi roman yazmaq istəyən yazar ən çox nəyi bilməlidir?
- Təbii ki, ilk növbədə yazdığı mövzunu araşdırmalı, oxumalı, təhlil, sintez, analiz mərhələlərini keçərək əldə olunan nəticəni şəxsi fantaziyasının gücü ilə yazı prosesində mövzunu mükəmməlləşdirib oxucuya çatdırmalıdır. Müasir oxucu hədsiz çox informasiya ilə qarşılaşır, lakin sən mövzunu kamil formada təqdim etməlisən ki, o, sənin yazdığının marağına düşə bilsin. Asif Ata deyir: "Kamil əsər - forma və mahiyyətin vəhdətirdir." Əsərdə yalnız mövzu deyil, forma da əsas rol oynayır.
Tarixi əsərdən söhbət gedirsə, yazdığın dövrün ictimai, siyasi, sosial şəraitini qədərincə bilməlisən. Bir də yazar tarixi yalnız fakt kimi öyrənmir, hadisələrə, faktlara fəhmin gözü ilə baxır və ya baxmalıdır tələbini qoymalıyıq. Onsuz da tarixçilər tarixi faktlar əsasında yazırlar, yazıçı isə tam fərqli gözlə hadisələrə baxır. Tarixçi hadisələri olduğu kimi verir, yazar isə olmalı olacağı göstərməlidir, yəni hadisələrin fövqünə qalxmağı bacarmalıdır. Konkret olaraq götürək bu son kitabımı, "islam inqilabı olmasaydı, İran necə olardı?" - sualının cavabını oxucuların öyrənməsinə imkan yaratmağa çalışmışam.
Tarixi mövzuya müraciət edən yazıçı üçün tarixi bilmək azdır, deyərdim onun topuğundandır bu. Lakin mövzunu bir qədər də ümumiləşdirsək, birinci fəhm, ikinci milli təfəkkür, yazıçının qazandığı düşüncə tərzi, mənəviyyat burda rol oynamalıdır.
- Əsərin ideyası haradan götürülüb?
- Güney Azərbaycan türkünün zindan həyatından.
- Bütöv Azərbaycan oxucusuna hansı mesaj verilir əsərdə?
- Öz gücünə güvənmək, özünə inandırmaq istəyim var. İslam inqilabı ilə paralel əsərboyu Milli Hökümət, Qacar hakimiyyətinə də yer verilir və dövlət yaratmış millətin boyunduruqda yaşaması onun milli kimliyinə yad olduğu göstərilir. Yuxarda dedim, tarix təkcə fakt kimi öyrənilməməlidir, tarixdən dərs alınmalıdır. Tarixi hadisələr oldu, keçdi deyil, onun mahiyyəti təhlil olunmalıdır, mən də kitabda buna geniş yer vermişəm. Öz tarixini bilməyən, ondan dərs alıb nəticə çıxarmayan millət bir səhvini və ya faciəsini deyərdim, iki dəfə yaşamalı olur. Buna məhkum millət demək daha doğru olar. Millət gərək qolundakı zənciri öpməyə, şükürçülük fəlsəfəsini beynindən ata. "Filan şey filan şeydən daha yaxşıdır" prinsipi mənim millətim üçün ölçü olmamalıdır, çünki o həm güclü, istedadlı və həm də zəhmətkeşdir. O tarixdə çox dövlət qurub, yaşadıb, bu onun siyasi istedadına ən bariz nümunədir. Pisin ölçüsü yaxşı olmamalıdır, çünki yaxşı özü nisbidir. Ölçü Mütləq olmalıdır, yalnız onda görmək olar nəyə nail olmusan, gücün yetənə, haqqın olana çatmısan, ya yox. Güney Azərbaycan türkü, vətənimin o tayı ən ümdə haqqına belə yetməyib, ilk növbədə ana dilində təhsil almaq haqqı və s.
- "Bir az öncə Varren Zimmarmannın gətirdiyi məktubu Imam Xomeyni acgözlüklə qoxlayıb: "Ağ Evin plan B-sindən türk iyi gəlir!" – deyə bağırdı.
Yəzdi dini ağanı təlqin etdi, sadəcə, ciyərlərinə Parisin sərin payız havası doldu.
O dərk etmədi ki, Xomeyni kimi məktubun iyini duymaq üçün həkim yox, siyasətçi olmaq lazım idi."
Ağ Evin türk qoxuyan məktunun mahiyyətini açmağı xahiş edərəmsə...
- Əlbəttə, xahiş etməsəniz belə, oxuculara bunu izah etməyi özümə borc bilirəm. İslam inqilabı üçün Ağ ev "Plan A, B, C" variantı hazırlamışdı. Plan A-da Ayətullah Xomeyni dururdu, Plan B-də Ərdəbil şəhərinin imam cüməsi Musəvi Ərdəbili, Plan C-də isə şahın - monarx hakimiyyətin qalması, lakin nefti qərbə və Amerikaya əvvəlki - Müsəttiq hərəkatından, Ağ İnqilabdan qabaqkı qiymətə satan Pəhləvi dururdu. Plan B üzərində Ağ Ev ciddi dura bilmirdi. Nədən sualı doğur, çünki Musəvi Ərdəbili fanatik deyildi, dinə ayıq gözlə baxırdı. Qərbə və Amerikaya dini fanatik lazım idi ki, onu da İmam Xomeynidə görürdülər. Qaldı dini dövlət ideyasına, o nə Xomeyninin, nə də qərbin düşündüyü deyil, bu ideya sosioloq Əli Şəriətinin ideyası idi. Lakin, o, dini dövlətin qurulması üçün nə qərb, nə də Ağ Evlə sazişə getməyin tərəfdarı deyildi. Qərbin inkişaf etmiş texnikasını qəbul edirdi, İranın xammalının mənimsəməsini istəmirdi. O qərbi yaxşı tanıyırdı, Fransada, İngiltərədə təhsil almışdır. Jan-Pol Sartrla dost idi, Sartr onu "Şərqin Marksı" adlandırırdı. Onu İngiltərədə kirayədə qaldığı evdə öldürdülər. "İmamın qorxduğu ölü" bölməsində bu məsələyə geniş yer vermişəm.
- Bu mövzuda kitab yazmaq geniş araşdırma tələb edir. Istinad qaynaqlarınız, istifadə etdiyiniz yollar barədə nə deyə bilərsiniz?
- Bu kitabı yazanda yüzdən artıq İran hizbullah zindanında qısa və uzun müddət zindan həyatı yaşamış kişi və qadından skype, email, whatsapp üzərindən müsahibə almışam. Təbii ki, əsərdə üç yaşlı Həmiddən savayı heç bir məhbusun həqiqi adını verməmişəm, adlar dəyişdirilib ETTELAAT-ın onların özlərinə və yaxınlarına xətər yetirməmələri üçün. Əsl mənbəm canlı insanlar olub, onlar öz başlarına gələnləri və edam olunan məhbusların hekayətlərini mənə saatlarla nağıl ediblər. Bilirsiniz, ən acınacaqlısı nədir? Edam olunan qızlar öz paltarlarından ip çəkib, saçlarından kəsib bir qız portreti toxuyublar ki, zindandan bayıra mesaj versinlər, onlardan xatirə qalsın. Əslində bu portiretin izi ilə hadisələri araşdırmağa başladım. Bu portret məndən ötrü milli taleyüklü dərdlərimizin daşıyıcısıdır. Kitabın sonundakı epiloqda "İnqilabın kodu" hekayətində kitabın yazılma səbəbini qədərincə izah etmişəm.
- Əsərdə Balaca Fatimənin timsalında sərt rejmin qurbanı olan qızlara, qadınlara qarşı törədilən cinayət əməllərindən bəhs edilir. Bu Fatimələrin sonu necə olacaq? Nə vaxtadək onlar bu zülmə tab gətirəcəklər?
- Güney Azərbaycanda milli hökümətimiz yaranana qədər təəssüf ki, davam etməsi labüddür. Bu rejim qadının haqqını verəcək bir hakimiyyət deyildir. Qadının eninci dərəcəli məxluq olduğu xomeynizmin mahiyyətində durur. Əslində romanla tanış olan bir oxucu kimi özünüz də görürsünüz ki, xomeynizmin mahiyyətində üç məsələ durur: Birinci, elm adamlarının iş başından götürülüb dini fanatiklərin onlarla əvəzlənməsi. Bu ideya da Xomeyninin özünkü deyil, şah rejimi zamanı İslam Fədailər təşkilatı yaradıb, yazar Əhməd Kəsrəvini qətlə yetirmiş, özü isə Pəhləvinin qəzəbinə düçar olmuş Nəvvab Səfəvinin “Həqiqətin yol göstəricisi və ya həqiqətə gedən yol” kitabı idi ki, cənab imam inqilabdan sonra ölkədaxili tərəqqiyə yetməkdən ötrü bu əsərdən bol-bol bəhrələnirdi. Yəni, elm adamlarının dini fanatiklərlə əvəzlənməsini imam ordan götürmüşdür. Kitabından götürülüb, yəni Ayətullah Xomeynin öz beyninin məhsulu deyil. İnqilab məhkəməsinin sədri Sadiq Xalxali molla idi, Xalxalidən sonra məhkəmə sədri olan Məhməmməd Gilanı cəmi altı sinif oxumuşdu, general, Hələb qəssabı ləqəbli Qasım Süleymanının cəmi dördi illik ibtidai təhsili vardır. İnqilab prokuroru Lacivərdi cəmi-cümlətanı altı sinif oxumuşdu, inqilaba qədər Tehran bazarında qadın alt paltarı satardı.
Bu siyahını uzatmaq olar. Xomeynizmin mahiyyətində duran ikinci cəhət zindanlara baxışdır. Xomeyni zindanı zindan yox, şəfaxana adlandırırdı. Onun nəzərincə, məhbuslar xəstədirlər, onlar cəmiyyətdən təcrid edilirlər ki, kütlənin sağlam hissəsini öz xəstəlikləri ilə yoluxdurmasınlar. Məhbusu sorğu-sual edən müstəntiq həkimdir, məhkumu sorğu-sual etməklə onun dərdini öyrənir ki, dərmanını tapsın. Zindanda işgəncə verən pastarlar və xahəri Zeynəb əsgərləri (İmam Zeynəbin bacıları deyilir qadın pastarlara) müalicə prosesini yerinə yetirirlər. İşgəncə zamanı tez ölən məhbus İmam Xomeyninin fikrinə görə, günahlarından tez azad olan xəstə idi. Bu növ xəstələrin - məhkumların meyidləri ailələrinə verilməyib, gecə ilə xavəri miyanədə - adsızlar məzarlığında gizlin basdırılırdı.
Xomeynizmin mahiyyətində duran üçüncü amil qadınlardır.
Hələ 1962-ci ildə Məhməmmədrza şah Pəhləvi Ağ İnqilab elan edəndə onun verdiyi islahatlardan biri qadının seçim haqqı idi. Bu zaman Xomeyni şaha məktub yazıb qadınla bağlı islahatın yanlış olduğunu sübut etməyə çalışır. "Qadının seçib-seçilmək haqqı ola bilməz, onun beyni toyuq beynidir." Yəni, qadını düşüncəsiz heyvan hesab edir. Ali dini rəhbər olduğu ilk andan bir risalə yazır "Südəmər üç aylıq körpəyə siğə etmək olar atasının izni olarsa". Bu risalə çap olunub, lakin kütlə tərəfindən təpki gördüyündən İranda yığışdırılıb. Siz bir düşünün, bu pedofilizmdən də aşağı səviyyədir. Deyə bilərsiniz, bu bir xəstə beyinin məhsuludur. Təbii ki, bu nəticə doğrudur, lakin bu səviyyədə beyin xəstəliyi olan bir şəxs 80 milyonluq cəmiyyətdə Ali Ruhani başçı kimi dövlətin yeganə idarəedicisidir. Düzdür, İrandə seçkili prezident sistemi var, amma nəzərə alsaq ki, İran qanunlarına görə, Ali Ruhani başçı istənilən an prezidenti hakimiyyətdən götürə bilər. Yəni, səksən milyonun iradəsi ilə seçilmiş prezidenti ali dini rəhbər işindən azad edir. Eklektik, qarışıq bir idarəedicilikdir. İranın ilk prezidenti olan Banusədrinin səlahiyyətlərini Ayətullah Xomeyni bir gecədə ləğv etdi. Bəlkə də Banusədrin xoşbəxtliyi atasının dini rəhbərlə dost olması idi ki, o, edamdan can qurtararaq Fransaya qaçdı. Və ya Xomeyninin qadına digər bir baxışı, zindanda qız uşaqlarının bakirəliyi alınıb sonra edam olunsunlar fitvasını verməsində üzə çıxır. Dini qanuna görə, qız uşağı kimi ölən qadınlar cənnətə düşürlər. İslam inqilabına qarşı savaşan belə qızların cənnətə düşməsini Xomeyni rəva görmürdü. Zindanda həftənin çərşənbə və bazar günləri xüsusi kütləvi edam günləri idi, hər gün üç–dörd yüz, bəzən də daha çox məhbusu zindan həyətində güllələyib edam edirdilər.
-Kitabın üzərində belə bir fikir var: "Müqəddəsliyə və insanlığa çağırış olan sübh azanı səslənəndə sanki zindanın içində saatlı bomba partlayırdı." Müqəddəsliklə zalımlığın qarşılaşdırılmasını bundan savayı açıq sərgiləyəcək bir cümlə təsəvvür etmirəm.
- Söhbət insan taleyindən gedir, qadın, ana, qız olan insanlardan. Bir evin çırağını yandıran analarımızdan və günahsız öldürülən zavallılardan. Sübh azanından sonra pastar bacılar zindan otaqlarına girib axşam edam olunacaq qadınların adlarını oxuyurdu.
Günorta azanı bitdikdən sonra bakirə qızları aparıb bir saatlıq pastarlara siğə edirdilər, bəzən mollalar da öz şəhvani hisslərini söndürmək üçün bu işdə pastarlara yardımçı olurdular. Əslində mollalar siğəni oxumaq üçün zindana dəvət edilirdilər, lakin bəzən seyid və ya molla kökənli zindan işçiləri də özləri öz siğələrini məhbus qızlara oxuyurdular.
- Romanın "Qanlı orkestr" kitabında üç gündən bir kütləvi oxunan, sizin təsvirinizlə deyəcəm, "ölüm himni" var - “Şükufə mirəgsəd əzbad bəhari" (Qönçələr yaz küləyi ilə rəqs edirlər”)
o hissəni oxuyanda göz yaşlarıma hakim ola bilmədim.
-Sizi tam mənası ilə anlayıram. İnanın ki, elə hissələr var ki, onu yazanda mən özüm də uzun-uzadı ağlamışam. Təsəvvür edin, gecə saat üç- dörddür, yazı yazırsan, yığılmış kin, acıq, insanın çıxılmaz taleyini bədii formada təsvir edirsən və o yerdə dərd sənə üstün gəlir. Ağlamaqdan sonra aldığım baş ağrılarını heç vaxt dərmanla sağaltmağı düşünməmişəm. Dərmanın sağaldacağı dərd olmayıb bunlar. Çay içirdim, bir az meşədə gəzib qayıdıb yenidən yazmağa davam edirdim. Yazı prosesində qəribə bir hal yaşayırdım, özümü zindanın içində oturmuş hiss edirdim, səksən nəfər qadının otuz- qırx kvadratmetrlik otağında kəsafətli qoxu içində yaşayırdım.
Hələ də telfonumda kitabın redaktoru Əntiqə Qonağın səsi durur, səhər saat beşədək redəktə işini aparıb, ağlaya-ağlaya mesajlar qoyub ki, çox ağır əsərdir. Yəqin ki, xatırlayırsınız, “Zindanda qızlıq gözaydınılığı" hissəsində ata edam edilmiş qızının gözaydınlıq şirnisi paylayır. Bu zaman qızının üç ay yatdığı zindan divarlarından onun səsi qulağına dəyir, ruhu ilə söhbətləşir. Əntiqə xanım bu yerdə ürəyim partlamağa gəlirdi, dedi. Mən də o yeri duyub yazmışam, adam öz qız övladını düşünməyə bilmir. Kimsə ölüm üçün övlad böyütmür, gələcəyi üçün böyüdür, davamçısı, varisi kimi.
Xomeynizmin mahiyyətində duran qadına digər bir şəhvani baxışına bariz nümunə göstərəcəm. Nəcəf şəhərinin məşhur din alimi Seyid Hüseyin Əl Musəvinin “Lellahə Sommə Lelatarix” adlı kitabında yazır:
“Xomeyni İraqda olarkən, Ətfiyyə məhəlləsində əslən iranlı olan Seyid Sahib adlı dostunun evinə qonaq getmişdi. O, bizim gəlməyimizdən çox sevindi, rica etdi gecəni onun evində qalaq." Ev sahibinin üç- dörd yaşlı qızı otağa girən an Ayətullah Xomeyni uşağı bir gecəliyinə özünə siğə etməkdən ötrü atasından izin istəyir, ata isə etiraz etmir. "Müntəzirinin güzgü ilə söhbəti" hissəsində bunu təsvir etmişəm.
-Vaxtilə Xomeyinin rəhbərliyi, diktəsi altında böyüyən gənclər indi onun rejiminə qarşı usyana qalxıb. Bu barədə fikirlərinizi eşitmək istərdik.
- Təbii qarşılayıram, insan görən, bilən və dərk edən varlıqdır. İnsan nə qədər hissiyyata qapılsa və hər hansı bir ideologiyanın əsiri olsa, əvvəl-axır həqiqəti görəcək. İnsanın insani haqqı var, o haqq insanla birgə doğulur. Qanunlarsa mövcud cəmiyyəti qorumaq üçün yazılır. İnsan haqlarının qanunlarla ona verilməməsinə qarşı gec-tez üsyan edir. Bu baxımdan, müasir gənclərin xomeynizmə, islam inqilabına qarşı çıxmasına müsbət baxıram.
- Bu gün sizin yeni nəşr olunan əsərinizə geniş yer versək də, yaradıçılığınızın başqa yönlərinə də toxunmaq istərdik.
- Buyurun, yaradıcılığım sizi hansı yöndən maraqlandırsa, cavab verməyə hazıram. Amma, lütfən, bəzi jurnalistlər kimi sual etməyin "Niyə sizin əsərlərinizi oxuyanda adam ağlayır?"
- Bunu sual etməyəcəkdim, amma etiraf edim ki, bu sual məndə də doğub. Digərlərindən fərqli olaraq mən cavabı özüm tapmışam. Sizin əsərlərinizdə fikirləriniz hiss və duyğu ilə yüklü olur. Asif Atanın sizin "Üç metal" hekayəniz haqda dediyi kimi: "Duyğu selidir".
- Məni ilk yaradıcılığıma çəkib apardınız, o mənim ilk hekayələrimdəndir, bir gənc qızın sevgi hekayəti...
- O gənc qız Eluca Atalı idi?
- Yox, deməyəcəm...
- Sizcə, “Tarixin gizli qorxusu” nədir?
- Türk! Bir zaman qılıncının dalı-qabağı kəsən türklər dünyaya meydan oxuyurdular. Burdan türkə qarşı acıq yarandı, adımızı "qılınc türkü" qoydular, idrakımızı dandılar. İndi o "qılınc türkü" idrakının gücünü dünyaya sübut etməlidir. Türk basdığını kəsməyib, aman verib aman diləyənə, yıxılana əl atıb qaldırıb ayaq üstə qoyub. Bəzən də türk xarakterini monqollarla qarışdırırlar, bəlkə də bizi monqoloid irqi ilə eyniləşdirmələrindən irəli gəlir. Türk özü xüsusi irqdir, onun monqoloidə dəxli yoxdur. Millət kəmiyyət deyil, millət keyfiyyətdir. Sən türkün kimliyinə baxacaqsan. Cavahirlər Nehru türkü dəqiq xarakterizə edir: "Türk öldürməyi sevməz, ölümlə öcəşər. Məcbur olub öldürdüyünün üzərində diz çöküb uşaq kimi ağlayar. Öldürməkdən ləzzət alan monqoldur".
- “Özünü gətir” dedikdə nəyi nəzərdə tutursunuz?
- İnsanın içində iki mən var - Böyük Mən və Kiçik Mən. Kiçik mən mənəm-mənəmlikdir, eqozmidir, insanın gerçəkliyidir, görünəndir. Böyük Mən insanın ola biləcəyidir, imkanlarıdır. Olduğundan artığa qalxmasıdır. Onu aşkarlamaq lazımdır. "Özünü gətir" fəlsəfi-bədii miniatürlər kitabımda öz kimliyinlə yola çıxmağı, yad ünsürləri özünə yük etməməyi mənzilə çatacaq insana göstərirəm.
- Yazdıqlarınızı oxucu olaraq oxuyub dəyərləndirirsinizmi?
- Əlbəttə. Yazdıqlarım forma baxımından demirəm, ideya baxımından yox, bəzən bədii həlli məni qane etmir. Bəzən də yazdığımda yazılmamış hallar görürəm. Bu baxımdan "Bir udum azadlıq", "Ninanın ürəyi", "Qan içində yananım", "Gerçək güzgümüz" və s. bir qisim hekayələrimi illər sonra oxuyub yenidən işləmişəm. Ümumi halda yazdıqlarımı bitirən kimi yayıma vermək istəmirəm, çünki əsər isti-isti yazılanda adam öz səhvini görmür. Yazıb bir kənara qoyub sonra onu oxucu kimi oxuyanda səhv və nöqsanlarımı görüb düzəlişlər edirəm.
- Dünya uşaq ədəbiyyatı üçün böyük töhfə olan “ Ənqa quşu” qısa zamanda oxucu rəğbəti qazandı. Əsər haqqında fikirlərinizi almaq maraqlıdır.
- Əslində Ənqa quşu obrazını 2008-ci ildə "Yenidən doğuş" povestində kiçik həcmdə yazmışdım, lakin Ankaradan olan Mustafa Özdəmir adlı bir dostum bunu uşaq romanı etməyimi məsləhət gördü. Onun məsləhətindən bir neçə saat sonra kitabın planını işləməyə başladım. Riçard Baxın "Martı Conathan Livingston" kitabını da bu arada mənə verib oxumamı məsləhət gördü. O zaman bir cümlə dedi: "Martı Conathan qərbin xarakterindən gəlir, sən şərqin xarakterini canlandıran Ənqa quşunu yaz." Bəlkə də onun "yaz" israrı olmasaydı, hələ də bu obrazı işləməyəcəkdim. Lakin onun iradəsi və mənim buna qadir olacağıma bəslədiyi inam məni köklədi. İsrarlı təzyiqi də deyə bilərəm, əlbəttə, yaxşı mənada, mənim içimdə yatmış Ənqa quşuna qol-qanad verdi. Ənqa quşu özü öz üzərində iş aparır, özünü cilalayır, "Özünü gətir" fəlsəfi-bədii miniatürümdə dediyim kimi "yad, kənar səsləri qulaqlarına doldurmur", öz yolunun doğruluğuna inanır. Qəribədir ki, bu obrazı qədim nağıllarımızdakı Səməndər, Zümrüd quşu kimi obrazlarla eyniləşdirirlər. Bilirsiniz ki, rəvayətə görə xəstə Süleyman peyğəmbərə dərman lazım olur, onun dalıyca Səməndər quşunu göndərir. Quş peyğəmbərin dərdinə əlac olacaq dərmanı tapıb qarlı Qaf dağını aşıb onu gətirir. Lakin peyğəmbər görür ki, quşun qanadı yaralıdır, qanayır. Onun fədakarlığına heyran qalır, özü yaralı olduğu halda dərmanı tapıb gətirib. Bundan sonra Süleyman peyğəmbər Səməndər quşuna əbədi həyat bəxş edir və Qaf dağını məskən kimi ona bağışlayır. Yenə rəvayətə görə, bu quş qurumuş ağac budaqlarını, çöplərini yığb ağzından çıxartdığı xüsusi yapışqanla onları bir-birinə yapışdırıb yuva qurub yumurta qoyur. Bu yuva elə qurulur ki, günəş şüasını üzərinə vurub onu yandırır. Yuva kül olur, lakin yumurtadan balalar dünyaya gəlir. "Küldən od törəyir" məsəli burdan yaranmışdır, amma mənim fəlsəfəmə yaddır. Kül ölüdür, ölüdən canlı həyat yaranmaz. O yanan yuvada, külün içində yumurta vardı, o yumurta ölü deyil, rüşeyim var içində. Rüşeyim canlıdır, məntiqlə oddan canlı yaranıb, küldən yox.
- Ənqa quşu məqsədinə çatmaq üçün durmadan yol gedən,çalışan, araşdıran Eluca Atalıdırmı?
- Bəli, bu mən özüməm. Həyatda nə əldə etdimsə, nəyə nail oldumsa, hamısını öz əməyim nəticəsində qazandım. Ənqa quşunun Eluca Atalının özü olduğunu kitabın "Özünü doğanlar"başlıqlı ön sözündə Əntiqə Qonaqda işarə edib. İnsan gərək mübarizədən yorulmasın, yorulmamaq üçün də özünə inanmalısan, öz gücünü səfərbər etməlisən, iradəni ortaya qoymalısan. Əslində insanın içində imkanlar böyükdür, biz yaşadığımız ömrümüzdə daxili imkanımızın yalnız iki faizindən istifadə edirik, doxsan səkkiz faiz imkanımızı özümüzlə qəbirə aparırıq. Təsəvvür edirsən, sonsuz imkanımızla yer altına gedirik. Ənqa quşu obrazını yaratmaqla istədim uşaq yaşından insanlar özlərinə inanıb, daxili güclərini aşkarlasınlar.
- İştirak etdiyiniz könfransları, müzakirələri, təqdimatları gördüyünüz işlərin hesabatı kimi dəyərləndirmək olarmı?
- Olar, konfranslarlar bir növ gəldiyim nəticələri oxucularımla bölüşməyimdir. Əsərlərimin müzakirəsi, kitablarımın təqdimatında kimsəyə diktə etmək istəmirəm, istəyirəm ki, yazdıqlarımda gördüklərini və ya yaza bilmədiklərimi oxucular mənə desinlər. Yazıçı daim öyrətmir, onun da öyrənmək ehtiyacı var. Oxucular - passiv və aktiv oxuculara bölünürlər, aktiv oxucularım mənə yön göstərirlər, onlardan öyrənirəm. "Ənqa quşu"nu yazmamı məsləhət görən, yaradıcılıq imkanlarımı səfərbər etməyə məni sövq edən Mustafa bəy kimi.
-Bakıya nə zaman gələcəksiniz? Və planlarınız nədir?
- İyirmi altı fevralda Bakiya gəlib iki həftə Vətəndə olacam. Yeni kitabımın, yuxarda bolluca bəhs etiyimiz "İran hizbullah zindanında"nın Qanun nəşriyyatı təqdimatını keçirəcək, 220 nömrəli məktəb-liseydə, Sumqayıtda, Masazırda, Anadolu türk liseyində, vaxtı ilə çalışdığım Azərbaycan Universitetində və bir sıra görüşlərim keçiriləcək. Məktəblərdə əsasən "Ənqa quşu" nun təqdimatı, müzakirəsi olacaq, 220 nömrəli məktəb-liseydə əsərin tamaşası hazırlanır, əsər qəhrəmanının portreti işlənib. Çox həyəcanla bu görüşü gözləyirəm və həm də dekabrın 3-də zoom proqramında d onlarla görüşümüz oldu. Kitabı oxuyub məntiqli təhlil etdilər. Azərbaycan Universitetində mənim ədəbi yaradıcılığımla bağlı edilmiş elmi tədqiqatlar ortaya qoyulacaq, bir növ yaradıcılıq hesabatı xarakteri daşıyacaq.